Meşə yanğınları əsrin ekoloji bəlasına çevrilib
Telman Zeynalov: "Bu ilki meşə yanğınlarının miqyasının genişlənməsi qeyri-ənənəvi antropogen amillərlə bağlıdır"
Bu il, əsrimizin ekoloji bəlalarının siyahısına biri də əlavə olundu desək, yanılmarıq. Bəli, bu il yay mövsümündə dünyanın başı üzərini meşə yanğınları kabusu örtmüşdü. Bütün dünya ölkələrində, o cümlədən də qardaş Türkiyədə və Azərbaycanda meşə yanğınları ilə bağlı informasiyalar medianın gündəmini zəbt etmişdi. Qardaş Türkiyədə meşə yanğınları ilə mübarizə vətən müharibəsi səviyyəsinə qədər qalxdı. Əlbəttə, belə vəziyyətə Azərbaycan heç cür biganə qala bilməzdi və qalmadı da. Azərbaycan yüzlərlə şəxsi heyətlə və texnika ilə Türkiyədəki silsilə meşə yanğınlarına qarşı mübarizədə cəsarətlə iştirak etdi və qardaş ölkənin vəziyyətdən çıxmasına öz töhfəsini verdi. Lakin bizim bugünkü mövzumuz bu il müxtəlif ölkələrdə geniş vüsət alan meşə yanğınlarının səbəbləri barədədir.
İlk növbədə qeyd edək ki, meşə yanğınları dedikdə, əsasən, kortəbii şəraitdə yayılan yanğınlar nəzərdə tutulur. Meşə yanğınları, ənənəvi mühakimələrə görə, ən çox insanların təqsiri üzündən baş verir. Yəni, meşədə tonqal qalamaq, ov etmək, ot çalmaq və s. kimi antropogen amillərin təsiri altında meşə yanğınları baş verir. Bu zaman canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. Bu cür yanğınlar meşə təsərrüfatına böyük ziyan vurur. Belə ki, çoxlu oduncaq məhv olur, meşənin tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur və s. Meşə yanğınlarına qarşı mübarizə adətən meşə təsərrüfatları tərəfindən yerinə yetirilir. Lakin bu il yay mövsümündə meşə yanğınları elə geniş miqyas almışdı ki, belə yanğınların qarşısının alınması meşə təsərrüfatlarının imkanları daxilində deyildi. Məsələn, Türkiyədəki meşə yanğınlarının qarşısının alınması üçün ölkənin bütün yanğından mühafizə qüvvələri səfərbər edilmişdi, Azərbaycandan və digər ölkələrdən yanğınsöndürmə qüvvələri gəlmişdi, bununla belə, yanğınların tam cilovlanması üçün bir neçə həftə vaxt lazım gəldi.
Dünyada hər il baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanan meşələr, nadir ağaclar bir anda məhv olur.
Meşə yanğınları barədə indiyə qədər deyilənlər ənənəvi məsələlərdir. Lakin bu yay mövsümündə baş verənləri - meşə yanğınlarının miqyasını ənənəvi yanaşma ilə izah etmək mümkün deyil. Türkiyədəki meşə yanğınlarının kadırlarına diqqətlə nəzər saldıqda çox maraqlı nüanslar üzə çıxır. Belə ki, yaşıl yarpaqlı canlı ağacı kəsib doğrayandan sonra onu yandırmaq, ondan tonqal qurmaq çox çətin olur. Yaş ağac çox çətinliklə, katalizatorlar vasitəsilə yandırıla bilir. Amma Türkiyədəki meşə yanğınlarında yaşıl yarpaqları hələ üstündə olan canlı ağacın gövdəsi çox asanlıqla, tüstüsüz-filansız od tutub yanırdı. Hətta, ildırım vuran ağaclar belə, bu cür rahatlıqla yana bilmədiyi halda, necə olur ki, canlı ağacların gövdəsi meşənin içində asanlıqla yanır? Digər tərəfdən, bu il yay mövsümü təxminən əvvəlki illərdəki temperatur göstəricilərinə malik olub. Amma meşə yanğınlarının miqyası bu il dəfələrlə çoxalıb, Türkiyədə isə hətta təbii fəlakət səviyyəsinə qədər qalxıb. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli deyib ki, iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın hadisəsi baş verib, onlardan 152-si söndürülüb (sonradan digər yanğın ocaqları da söndürüldü).
Nazir bildirib ki, yanğınlarla mübarizədə 16 təyyarə, 9 PUA, 51 vertolyot, 1 pilotsuz idarə edilən helikopter, 805 sulayıcı və tanker, 155 iş maşını və təxminən 5200 əməkdaş iştirak edib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bütün qurumların yanğınlarla mübarizəyə qoşulduğunu açıqlayıb.
Bu il yay mövsümünün meşə yanğınlarına təsir edən hansı ekoloji özəlliklərinin olduğunu öyrənmək üçün müstəqil ekoloq Telman Zeynalova müraciət etdik. Ekoloq bildirdi ki, builki yay mövsümünün meşə yanğınlarına təsir edəcək elə bir özəlliyi yoxdur: "Builki meşə yanğınlarının miqyasının genişlənməsi qeyri-ənənəvi antropogen amillərlə bağlıdır. Bu ənənəvi antropogen amil deyil. Yəni antropogen amil dedikdə biz insanların meşədə ocaq qalaması, quru otlağa siqaret kötüyünün atılması, tonqalın nəzarətsiz buraxılmasını və s. nəzərdə tuturuq. Bu, hər il baş verənlər ehtiyatsızlıqlar, nə qədər maarifləndirmə aparılsa da, insanlar belə səhvlərə yol verməkdə davam edirlər. Hesab edirəm ki, builki meşə yanğınlarının artmasının əsas səbəbi böyük dövlətlərin bir-birinə qarşı işlətdiyi meteoroloji silahlardan istifadə etməsidir. Bəli, meşələri meteoroloji silahlarla qəsdən yandırırlar. Dövlətlər arasındakı siyasi və iqtisadi rəqabət onları bu yollara əl atmağa vadar edir. Kosmos ölkələrinin əksəriyyəti hazırda dünyanın istənilən nöqtəsində temperaturu müsbət 60-70 dərəcəyə qədər qaldırmaq, tsiklon və antitsiklonların qarşısını kəsmək, onları başqa istiqamətlərə yönəltmək imkanlarına malikdirlər. Dünyanın inkişaf etmiş ölkələri bu istiqamətdə tədqiqatlarını dərinləşdirməkdə davam edirlər ki, müxtəlif ekoloji vasitələrlə rəqiblərinə qarşı daha çox mübarizə vasitələrindən istifadə edə bilsinlər. Meteoroloji silahlar digərlərinə nisbətən müəyyən üstünlüklərə malikdir. Bu silahdan istifadə edilib-edilməməsini sübut etmək çətin məsələdir. Silahdan istifadə təsdiqlənsə də, bunun hansı dövlət tərəfindən reallaşdırıldığını sübut etmək mümkün deyil".
Mütəxəssisin sözlərinə görə, alimlər bu istiqamətdə araşdırmalarını davam etdirməli, meteoroloji silahlardan istifadə edən dövlətlər müəyyənləşdirilib cəzalandırılmalıdır.
Qeyd edək ki, bu miqyasda meşə yanğınları bir tərəfdən dünyanın "ağ ciyərləri" sayılan meşələri məhv edir, digər tərəfdən isə yanğın nəticəsində atmosferə küllü miqdarda zəhərli tullantılar atılır. Ona görə də problemin aradan qaldırılması istiqamətində dünya birlikləri, o cümlədən də BMT-nin müvafiq qurumları məsələnin siyasi tərəfinin həlli ilə məşğul olmalıdır. Bununla yanaşı hər bir ölkə istənilən səbəbdən yaranan meşə yanğınlarından sığortalanmaq üçün həm maarifləndirmə işi aparmalı, həm də qabaqlayıcı tədbirlər görməlidir. Bu sahədə Belarus təcrübəsi olduqca cəlbedicidir. Belə ki, Belarusda yay mövsümü başlayan kimi meşə ətrafından keçən və meşələrin daxilinə nüfuz edən yolların kənarını şumlamaqla, avtomobillərin hərəkəti zamanı yarana biləcək potensial od təhlükəsindən meşələri sığortalayırlar. Bununla yanaşı, Belarusda böyük meşə massivləri kiçik qəfəslərə bölünərək, qəfəslərin arası şumlanır ki, bir qəfəsə düşən od digər qəfəslərə yayıla bilməsin.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub