Vaxtında atılmayan daş...
Vacib məqamda susan “mollabaşlar”
İran dini lideri ayətullah Xameneyinin nümayəndəsi ayətullah Seyid Həsən Amili özünəməxsus şəkildə Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərək, “şirin quyruğu ilə oynamamağı “məsləhət görüb”. Şir deyəndə də ki, Amili İranı nəzərdə tutub. Belə deməklə guya Azərbaycanı qorxutmaq istəyib. İran da əlinə fürsət keçmişkən, Arazın o tayında hərbi təlim keçirmək fikirinə düşüb.
Əslində onları narahat edən məsələ Azərbaycanının Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. İranlı sürücülərin Xankəndiyə qanunsuz yük daşımalarının qarşısının alınmasıdır ki, bu da cənub qonşumuzu hiddətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirinə nota versə də, heç bir nəticəsi olmadı. Yenə də yüklər qanunsuz yollarla Qarabağ separatçılarına daşındı. Belə olan təqdirdə Azərbaycan tərəfindən Qafan-Gorus yolu da qapandı ki, İranın yüklərinin Qarabağa girişlərinin qarşısı tamamilə alınsın. Nəticədə İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları vermək məsələsi qarşısında ağır vəziyyətə düşdü, hətta bir neçəsi həbs olundu. İran Azərbaycandan bu qədər cəsarətli addım atacağını bəlkə də gözləmirdi. Elə ona görə də indi bizə birbaşa deyə bilmirlər ki, gömrük rüsumu almadan yüklərimizi buraxın. Durub Ərdəbildəki təmsilçisi səviyyəsində “qorxutmağa” çalışdı.
Təəssüf hissi ilə deyirəm, Amiliyə bizə “xox” gəlməyinin qarşısında nə Qafqaz Müsəlamları İdarəsinin rəhbəri, nə axşama qədər “şoumen” kimi televiziya ekranlarından enməyən “axundlar”, nə də “ağıllı-ağıllı” danışıb millətin vaxtın boşuna aparan “mollabaşlar”ın heç biri səsini çıxarmadı. Lazımı məqamda, lazımı sözü demək bacarığı yoxuymuş başı “əmmaməlilərin” . Sual yaranır- Azərbaycanı hədələyən axunda vaxtında cavab verməyi bacarmayan “axundlar” bu millətin nəyinə lazımdır?
Bu, nə dövlətin məscidlərə ayırdığı milyonlarla pulun müqabilində havasız, göbələk xəstəliyinin qoxusu gələn türbələri ucaltmaq deyil,
həmin yerlərdə Yaradanın istəmədiyi işlərlə məşğul olmaqla yanaşı, 3-5 kəlmə heç kəsin anlamadığı mənasız “moizələr” oxumaqla deyil. Bunlarla iş bitmiş hesab olunmur axı...
Kitabın bizə göstərdiyi haqq yolu da bu deyil.
Vaxtında atılmayan daşın hara dəydiyini də bilir hər kəs...
Daha ərtaflı, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)-nun şərhində:
“Sözün açığı Azərbaycan müstəqilliyini bərpa etdiyi müddətdən 30 il keçir, bu 30 ildə biz həm islam ruhuna həm də millətimizin ruhuna bağlı olan əsl din xadimlərini görə bilmirik. Bəkə də bu cür din xadimləri var, yəni həm islami ruh, həm də dövlətimizin, millətimizin ruhunda var. Ancaq onlar kölgədədirlər. Hər halda görünən odur ki, bunlar ortada yoxdurlar. Məsələn, deyək ki, Ərdəbil İmam Cüməsi, İsfahanın İmam cüməsi və digərləri Azərbaycanın əleyhinə hədyən-hədyən danışırlar. Bir çox hallarda Azərbaycan Respublikasının suverenliyini təhdid etməkdən çəkinmirlər, ancaq bunlara Azərbaycandan tutarlı cavab verəcək hər hansısa bir din xadimi ortada yoxdur. Sözün açığı biz də gözləyirik ki, məhz Azərbaycanımızın, deyək ki Bakıdan, Şəkidən Naxçıvandan, Gəncədən, Lənkərandan hanısısa bir din din xadimi çıxsın, bu və ya digər anlamda İran İslam rejiminin, bu kimi Ayətullahlarına tutarlı cavab versin və Azərbaycanın milli maraqlarını müdafiə etmiş olsun. Çox təəssüflər olsun ki, biz bir çox hallarda bunu görə bilmirik. Hələ Azərbaycanımızda elə din xadimləri var ki, onlar bu və ya digər şəkildə, birbaşa olmasa da, hətta bəzən birbaşa şəkildə və yaxud dolayısı ilə İranın maraqlarına xidmət edirlər. Bu da bir gerçəklikdir. Bu onu göstərir ki, biz hələ yetərli qədər məhz, İranın Ayətullalarına cavab verəcək din xadimləri yetişdirə bilməmişik. Yenə də deyirəm, bu məsələ çox ciddi məsələdir, əgər bu cür milli ruhlu din xadimlərimiz yoxdursa, (varsa da kölgədədir) kifayət qədər ortada yoxdurlarsa yenə də biz günahkarıq. Çünki indi biz elə bir dövrdə yaşayırıq ki, bu dövrün tələblərinə uyğun olaraq gərək ataq addımlarımızı. Azərbaycanın deyək ki dinlə bağlı Qafqaz Şeyxülislamlığı idarəsi var, Qafqaz ruhani idarəsi var və yaxud da ki, dini qurumlar üzrə dövlət komitəsi var. Şübhəsiz ki burada müəyyən işlər gedir, müəyyən məsələlərdə obyektiv baxışlar və dövlətçiliyimizə xeyir işlər görülür. Ancaq bunlar yetərli deyil. Hətta o qədər yetərli deyil ki, hər hansısa Ayətullahın hədiyanlarına cavab verə biləcək bir şəxs ortaya çıxmır və onlara sözünü konkret şəkildə deyə bilmir. Mənə elə gəlir ki, Azərbaycan dövlət rəhbərliyi və müvafiq orqanlar bu məsələlərin üzərində ciddi işləməlidir. Ən əsas məsələ odur ki, bizdən hələ Quma gedirlər və Qumda oranın təsiri altına düşürlər və burada gəlib İranı təbliğ edirlər.
-Biz nə etməliyik?
-Biz Azərbaycanımızın güneyindən olub, burda olan bu din məsələləri ilə yaxından bağlı olanların üzərində işləməliyik. Çünki onlar bizə nisbətdə məhz İranın hansı dini sitemi tətbiq etdiyini və əsl mahiyyətini hər halda bizdən yaxşı bilirlər.
Mənə belə gəlir ki, bununla bağlı mərkəzlər yaradılmalıdır. Əgər onların Qumda bir mərkəzi varsa, bizim də Bakıda, Şəkidə, Gəncədə güclü bir mərkəzimiz olmalıdır ki, orada da Azərbaycanın maraqlarına həm xidmət edən, həm də İslam dininə dərindən bələd olan din xadimləri yetişdirilməlidir ki, bax bu din xadimləri də bölgələrimizdə, şəhərlərdə fəaliyyət göstərsin, yeri gəldikcə İranın bu cür Ayətullahlarına qarşı da sözünü deməyi bacarsın. Özü də bunlar elə bir formada yetişməlidirlər ki, həm Azərbaycan xalqının tarixini, türkün tarixini dərindən bilsinlər həm də İslam dininin tarixini dərindən və hərtərəfli bilsinlər . Çünki ancaq bu halda biz İran və onun Ayətullahlarına və yaxud da başqa bu kimi düşüncələri olanlara tutarlı cavab verə bilərik. Bəlkə də bu sahədə işlər var, biz görə bilmirik, amma yoxdursa artıq olmalıdır. Əgər bu gün hansısa Ərdəbilli “şirdən –pələngdən” danışmağa başlayıbsa, biz də onları öz yerində oturtmağı başaran kadrların yetişdirilməsinə başlamalıyıq. Yəni biz bu məsələrdə kifayət qədər gecikmişik. Nəzarəti daha da gücləndirmək, yetkin, bilikli, istedadlı və dövlətçilik maraqlarımızı özündə ifadə edən din xadimlərinə ciddi ehtiyacımız var. Necə ki, XX əsrin əvvəllərində bizdə elə din xadimləri olmuşdur ki, məhz onlar öz dünya görüşlərinə və baxışlarına görə Cümhuriyyətin maraqlarını ifadə edə bilmişdilər. Bu mənada biz bu cür din xadimlərini artıq görməliyik. Azərbaycanda olan din xadimi ortaya çıxsın və Amili kimilərinin cavabını, hətta onun rəhbəri olan Xamneyinin cavabını qəti şəkildə və hərtərəfli cavab versin. Az qala bizim bəzi din xadimlərimiz istər onların dini rəhbəri Xamneyi olsun, istərsə Ayətullahları olsun, onların qarşısında özlərini çarəsiz və biçarə kimi, qolubağlı kimi aparırlar. Belə olmaz! Azərbaycan 30 il müddətində güclü bir dövlətə çevrilib, deməli onun din xadimləri də bu formada ortaya çıxmalıdırlar. Yəni özünü İranın Ayətullahlarının qarşısında aciz aparmaq bizə yaraşmaz. Biz də öz sözümüzü deməliyik, öz ruhumuzu ortaya qoymalıyıq ki, onlar da həddlərini bilsinlər. Ancaq yalnız bu formada onlara həddlərini bildirə bilərik.
Şahnaz Salehqızı, Paralel.az