"Arazbari" oyunlar
Qabil Hüseynli: “Azərbaycan istəsə oradakı 45 milyonun ayağa qaldırılması ilə sənə təhdid yarada bilər”
Tofiq Zülfüqarov: “Düşünürəm ki, bu təlimlər bizə düşmən olan siyasi dairələrin addımlarıdır”
Elxan Şahinoğlu: “İrana sual vermək lazımdır ki, Arazın bu tayında təlim keçilibsə…”
Hələ 2016-cı ildə İsrailin baş nazirinin Bakıya səfər etməsi İranın zoruna getmişdi. Elə həmin vaxtdan, Azərbaycana onsuz da sevgisi olmayan İranın aqressiyası bir az da artmışdı. Təbii, həmin vaxtlarda siyasət adamlarımız səssiz durmadılar, bu aqressiyanın səbəbinə müəyyən qədər aydınlıq gətirdilər. Lakin İran müdafiə nazirinin "Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatı məsələnin heç də qeyri-ciddi olmadığını göstərdi.
Bu olaydan beş il vaxt keçsə də, bu gün baş verənlər onu deməyə əsas verir ki, bu illər ərzində İslam adı altında “siyasət” yürüdən şeytanların Azərbaycana münasibəti heç də dəyişmir, əksinə, daha da irəli gedərək öz çirkin niyyətlərinin mahiyyətini saxlayıb, şəkilini dəyişirlər.
Məlum olay budur, Arazın o tayındakılar sərhəddə hərbi təlimlərə başlayıb. Həm də Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin birgə “Üçqardaş” təlimlərindən dərhal sonra.
Əslində bunun səbəbini yeddidən-yetmişyeddiyə hər kəs bilir. Lakin bir də siyasi şərhçilərin dilindən eşitmək gərək. Çünki onların məsələyə baxışları, şərhləri reallığı daha aydın əks etdirir.
Bəli, tarix vərəqlənir, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi məlum aqressiyasına verilən cavab nədənsə İran “mollalarının” yadına yenidən düşüb.
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli İranın müstəqil Azərbaycanın uğurlarına nəyinki sevinmədiyini, əksinə, bunları həzm edə bilmədiyini bildirdi.
Qabil müəllim deyir ki, həmin məqalə 2016-ci ildə çıxanda Azərbaycanın Neft layihələri işə düşmüşdü. Azərbaycan "Əsrin Kontraktı"na uyğun olaraq Qərbin enerji təhlükəsizliyi məsələsində yaxından iştirak edirdi. Həmin vaxt sözsüz ki, neft kontraktları imzalananda bir sıra şirkətlər “BP”, “ExxonMobil”, “Datoil” və s təxminən 8 böyük neft şirkəti Azərbaycanda əsrin kontraktını imzalamışdı. Və onun artıq birinci fazasını, yəni, mənfəət nefti, dənizdə “Azəri-Çıraq-Günəşli” neft yataqlarından çıxarılan ilk neftin tankerlərə doldurulub göndərilməsindən sonra, Azərbaycanın artan mövqeyi, dünya enerjisinə pay verməsi, Azərbaycanın uğurlarına sevinməyən, əksinə, buna çox böyük həsəd və xainlik hissləri bəsləyən İran Müadfiyə Nazirliyinin sözləriylə cavab vermişdi. “Onların iddiaları bu idi, Pekini nəzərdə tutaraq deyirdilər ki, “Azərbaycan Amerikanı düz burnumuzun ucuna qədər gətirib çıxartdı”. Söhbət dinc quruculuq işləri ilə məşğul olan və Azərbaycan neftinin istismarına yeni texnologiyalar və yeni qurgular gətirən Amerika ilə İlgiltərənin ortaq şirkəti olan “BP” –dən gedirdi. Çünki “BP” həm də, neft kontraktlarında əsas operator idi, yəni, aparıcı şirkət idi. Tutaq ki Amerika şirkəti gəlib Xəzər dənizində neftin istismarı ilə bağlı işlərlə məşğuldursa, bu İranın burnunun ucuna Amerikanı gətirmək fikrilə uyğun gəlmir axı...
Yaxud, digər iddialar - Azərbaycan guya öz ərazisində İsrail hərbiçilərinə yer ayırıb və bundan istifadə edərək İsrail İrana hücum fikirlərini həyata keçirəcək. Bunda da yanıldılar, çünki burda agentləri var, məsələnin belə olmadığını gördülər. Nə dinc quruculuq işlərinə cəlb edilən xarici neft şirkətləri, nə də ki, İsraillə bağlı uydurmalarının heç biri İranın ziyanına deyil və yaxud bunlar həqiqətdə yoxdur. O zaman Kafası molla kafası olan həmin müdafiə nazirinin Azərbaycana təsir edən açıqlamasına Qüdrət Həsənquluyev bir vətənpərvər kimi , xalqımızı sevən biri kimi layiqli cavab verib. Azərbaycana hücum edirsən, necə ki, Azərbaycanın sərhədlərində döyüş taktiki təlimlərini həm də Qüds briqasının iştirakı ilə həyata keçirirsən, bu Azərbaycana təhdiddir. Sən Azərbaycandan təhlükə gələcəyini nəzərdə tutaraq belə bir təlimləri həyata keçirisən, amma Azərbaycandan sənə qarşı heç bir təlim yoxdur. Azərbaycan istəsə oradakı 45 milyon insanını ayağa qaldırmaqla sənə təhdid yarada bilər. Bunun üçün Azərbaycanın əlində kifayət qədər üsullar var. Sən Azərbaycanı hədəfə götürməklə dünyanın diqqətini yenidən özünə çəkirsən və sənin təcavüzkar bir dövlət olduğunu, dünyaya terrorizmi yaydığını, heç zaman sabitliyə, inkişafa xidmət etməyən bir xarici siyasət yeritdiyini faktlarla ortaya qoyubsan.
Ona görə də İranın əvvəlki təhdidləri də nəzərə alınmaqla, indi də sərhədlərimizin ucunda, yəni onun dediyi kimi desək, burnumuzun dibində gəlib təlimlər keçirməsi heç bir normaya sığışmır. Azərbaycandan sənə təhdid yoxdur, bir fakt belə, göstərə bilməzsən. Ancaq sənin qarnındakı qurdlar oynaşır. Sən Azərbaycanın uğurundan narahat olursan. Azərbaycan bölgənin super dövlətinə çevrilib, bu super dövlətçilik dünya siyasətində ona aktiv rol oynamaq , dünya siyasətinin və beynəlxalq münasibətlərin prinsiplərinin müəyyənləşməsində Azərbaycanın mövqeyinin artmasını ortaya qoyub. Siz isə bu məsələdən ağlınıza gələn iddiaları çıxarıb Azərbaycana ittiham aktı kimi irəli surursunuz.”
Bəli, politoloq İran mətbuatında Azərbaycanın əleyhinə yüzlərlə yazıların zaman-zaman dərc olunduğuna toxunaraq qeyd etdi ki, televiziyaların, içində “Səhər televiziyası” da olmaqla ( guya Azərbaycan üçün veriliş hazırlayır ) axşama qədər ( bir də radioları səhər televiziyasının nəzdində ) Azərbaycana çirkab və iftira atmaqla məşğuldur. Politoloqun sözlərinə görə, onlar bununla heç nəyə nail ola billməyəcəklər.
“Sən İrandakı əhalinin böyük əksəriyyətini təşkil edən və türkmən və qaşqay türklərini də qatmaqla sayları 50 milyona çatan bir topluma qarşı onun şimaldakı soydaşlarına qarşı hər hansı bir hərəkətdə buluna bilməzsən. Əvvəla dünya bunu qəbul etməz, ikincisi isə sənin ərazində olan bizim soydaşlarımız qəbul etməz. Sən bu boş molla təbliğatı ilə oradakı vətənpərvərlik hissləri coşub daşan Azərbaycanlıların beyninə nəsə kənar şeylər qəbul etdirə bilməzsən. Sənin eməni Qriqoriyan kilsəsi ilə, Fars molla rejiminin necə qol-boyun olmağın, bu zəmində Ermənistana lazım olan mallardan tutmuş hərbi təyinatlı mallara qədər hər şey göndərməyinə dair faktları heçə çıxarmır . Sən açıq aşkar qələbədən sonra həm Ermənistanı, həm də hələ ki, Azərbaycanın Dağlıq Qarabağ hissəsində hələ də qalmaqda olan separatçıları və ekstremistləri hərbi və tikinti materialları ilə təmin etməkdə davam edirsən... Dağılmış Ermənistan ordusunun yenidən qurulmasında iştirak edirsən. Bu tarixi məsuliyyətdir və vaxt gələcək bu tarixi məsuliyyətə görə, sən -İran dövləti cavab verməli olacaqsan.”
Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov yol üstündə olsa da fikirlərini bizimlə də bölüşdü. O, sərhəddəki təlimlərin daha çox siyasi xarakter daşıdığını düşünür. Yəni hərbi formada olmasına baxmayaraq, əslində siyasi bir mesaj olduğu qənaətindədir.
“Anlamalıyıq ki, Arazın o tayında hakimiyyət dəyişikliyi baş verir. Və hakimiyyətə yeni adamlar gəlib. İranda həm Azərbaycana dost olan, bizimlə əməkdaşlığı istəyən qüvvələr olduğu kimi, bizə düşmənçilik mövqeyində duran qüvvələr də var. Zənnimcə, elə bu təlimlər də bizə düşmən olan siyasi dairələrin addımlarıdır. Bu İranın da maraqlarına da ziddir. Çünki İran gərginlik yolunu seçsə, Azərbaycanın yanında dünyanın ən nüfuzlu dövlətləri olacaq. Təkcə Türkiyə deyil, digər ölkələr Azərbaycanı dəstəkləyəcəklər.”
Politoloqun fikirincə, Azərbaycan bu formadakı qarşıdurmaya heç vaxt üstünlük verməyib. Ona görə ki, biz hər zaman fikirləşmişik ki, İranla əməkdaşlığı inkişaf etdirmək, hər iki tərəfə xeyir gətirən layihələri icra etmək bizim üçün də mühümdür. Azərbaycan indi də bu fikirdədir və bu yol xalqlarımızın sülh şəraitində yaşamasına daha yaxşı şərait yarada bilər.
“Əgər bu dairələr oturub fikirləşsələr başa düşəcəklər ki, atdıqları addımlar ilk növbədə özlərinin zərərinədir. İran istəyirsə Azərbaycanın ayrılmaz hissəsi Qarabağa mallarını aparsın, onlar üçün ayrı yollar da var və hesab edirəm ki, Azərbaycan bu yolları onlara təklif edə bilər.”
Siyasi şərhçi İranın bu təlimlərinə cəlb olunmuş qüvvələrin sayının və məqsədlərinin incəliklərilə tanış olmadığını bildirsə də, qeyd etdi ki, belə nəticə çıxartmaq olar ki, Azərbaycana düşmən mövqeyində olan dairələr hansısa şəkildə guya Azərbaycana mesajlar çatdırmaq niyyətindədirlər.
“Qarşıdurma yolunu onlar istəsələr, məğlub tərəf də onlar olacaq. Çünki Azərbaycan tək deyil, dünyada Azərbaycan-Türkiyə cütlüyü var. Hazırda İranın xarici siyasəti çox mürəkkəb vəziyyətdədir. Bir daha qeyd edirəm, əgər Azərbaycan qarşıdurmaya məcbur olan bir yola getməli olsa, Azərbaycanın yanında İrana qarşı ən nüfuzlu ölkələr dayanacaq. Bu bizə lazım olmayan yoldur və biz bunu istəmirik. Hesab edirəm ki, İran tərəfi də orada hansısa fikirləşməmiş addım atan kəsləri bu yoldan çəkindirməlidir. Əminəm ki, gərginliyi artıran bu addımlar, o dairələr tərəfindən həyata keçirilib. İranın bu mürəkkəb vəziyyətində təzə bir gərginlik məkanı açması, heç də İran dövlətinin özünə və vətəndaşlarına xeyir gətirən məsələ deyil. Zənnimcə, bu müvvəqəti bir şeydir və qısa zamanda hər şey yerini tapacaq. Azərbaycan öz qanunlarının öz ərazisində icrasını tələb edən ölkədir və burada heç bir kəs, heç nə əldə edə bilməz.”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə məsələnin baş vermə səbəbini belə şərh etdi: “Səbəb bəllidir. Bu hərəkət Türkiyə - Azərbaycan hərbi ittifaqından, Türkiyə - Azərbaycan-Pakistan birgə hərbi təlimlərindən narahat olduqlarını ortaya qoyur. Halbuki, onlara dəfələrlə deyilib, Azərbaycanla Türkiyə arasındakı hərbi ittifaqı İrana qarşı deyil, Azərbaycan- Türkiyə-Pakistan hərbi təlimləri İrana qarşı deyil. Bizim bir düşmənimiz var o da Ermənistandır. Onu da işğal zamanı düşmən sayırdıq, indi isə bəzi məsələlər həll olunmadığına görə Ermənistana qarşı təzyiqimiz davam edib. Biz Azərbaycan ordusunu Ermənistana qarşı gücləndiririk. Nə Rusiya ilə bir problemimiz var bu mənada, nə də İranla. Amma çox təəssüf ki, İranda bunu adi həqiqət kimi qəbul etmirlər, etmək istəmirlər. İrana sual vermək lazımdır ki, Arazın bu tayında təlim keçilibsə, 27 il bizim Arazın bu tərəfindəki torpaqlarımız işğal altında idi, niyə bir dəfə təlim keçirmədin, niyə bir dəfə erməni separatçılarına güc nümaiş etdirmədin? Tam əksinə, separatçılarla əlaqə qurdun, indi də gördük 9 ay ərzində nə qədər yüklər daşındı. Sən demə bu 27-28 il işğalda nələr daşıyıb Qarabağa və Qarabağdan da İrana. Yəni bir daha iç üzlərini açdılar ki, Azərbaycanın güclənməsi, inkişafı, tərəfdaşları ilə hərbi ittifaqı İranın maraqlarına cavab vermir. Amma bu İranın öz problemidir. İranın işlərinə qarışmaq fikrimiz yoxdur. Təlimi də keçiririk öz ərazimizdə. İranın bu hərəkəti Azərbaycana xoş olmayan bir mesajdır, çox təəssüf ki...”
Bəli politoloqların da dediyi kimi, biz həmişəki mövqeyimizdə qalırıq. İndi bu mövqeyə cavab nə olacaq, onu zaman göstərəcək.
P.S. Yazının başlığını təsadüfü seçməmişəm. Rəhmətlik Üzeyir bəyin yaratdığı “Arazbari”nin xorla ifası zamanı hər misra “Ay zalim” notu ilə tamamlanır. Bu nadan qonşumuz İranın zalımlığı da mənə onu xatırlatdı.
Şahnaz Salehqızı, Paralel.az