"Əsrin Müqaviləsi"nin bağlanmasından bir qərinə vaxt keçdi...

 

Amma hələ də ölkənin ərzağa olan yerli tələbanının 50-60 faizini idxal hesabına qarşılayırıq

Paralel.az xəbər verir ki, bu gün "Əsrin Müqaviləsi"nin bağlanmasından 27 il ötdü. 27 il əvvəl "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasındı. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Artıq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin illik ötürücülük qabiliyyəti 50 milyon tondur. Bunu gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. İndiyədək Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 3,66 milyard bareldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4800 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 17 milyon 434,8 min ton Azərbaycan nefti, həmçinin 2 milyon 213,5 min ton tranzit nefti nəql edilib.

Təxmini hesablamalara görə, "Əsrin Müqaviləsi" çərçivəsində Azərbaycan hökuməti 200 milyard dollardan çox xalis mənfəət əldə edib. Həmin məbləğin 160 milyard dollardan çox hissəsi artıq xərclənib. Azərbaycan hödkumətinin müxtəlif vaxtlarda açıqladığı rəqəmlərə əsasən, ölkənin 40-50 milyard dollar həcmində aktivlərdə ehtiyat maliyyə yastığı var. Amma bu aktivlərin vəziyyəti barədə 2019-cu ildən bəri heç bir açıqlama yoxdur. Məlum olduğu kimi, son iki ildə dünyada baş verənlər bütün aktivlərin - daşınmaz əmlakın, səhimlərin və digər dəyərlilərin ucuzlaşmasına səbəb olub. Çox güman ki, bu proses Azərbaycana dövlətinə məxsus 40-50 milyard dollar civarında olan aktivlərindən də yan keçməyib. Lakin yuxarıda göstərdiyimiz kimi, nə bu barədə rəsmi açıqlama yoxdur, nə də vətəndaş cəmiyyəti nümayəndələri bunu araşdırmaq imkanına malik deyil. Çünki Dövlət Neft Fondunun və SOCAR-ın həyata keçirdiyi bu yerləşdirmələr barədə açıq mənbələrdə məlumat yoxdur.

Neft satışı və hasilatından gələn 160 milyard dollardan çox vəsait xərclənsə də, çox təəssüflər olsun ki, ölkədə bazar iqtisadiyyatı bərqərar olmayıb. Hər il dövlət büdcəsinin yarıdan çoxu neft gəlirlərindən əldə edilən vəsaitlər hesabına formalaşır. İxracatımızın isə 90 faizə yaxını neft və neft məhsullarından ibarətdir. Ölkədə kənd təsərrüfatının inkişafı hər il 3-6 faizlə ifadə edilir, aqrar sektor yerli tələbatın 40-50 faizini ödəyəcək qadar məhsul istehsal etmək imkanına malikdir. Bu sektor üzrə yerli tələbatın qalan hissəsi idxal hesabına qarşılanır.

Akif Nəsirli

0.042091846466064