CƏMİYYƏTİN HAQQI VAR!

CƏMİYYƏTİN HAQQI VAR!
 

İdris Abbasov

Allah-Təala müqəddəs kitablarında Ona inanmayanları, həyat nizamını pozanları, kasıbın, kimsəsizin haqqını talayanları zalım adlandırır. Zalımlar ilahi ədalətin pəncəsindən yaxa qurtara bilməyəcəklər. Əslində, insanlar axirətdə nail olacaqları zülməti də, nuru da məhz bu dünyadan aparırlar. Heç kəs yığdığı mal-dövləti dalına şəlləyib aparmır. Qısa ömrünü mal-dövlət oğurlamağa sərf etdiyi yerdə əcəl onu yaxlayır və tamahsılandığı dünya həyatı bitir. Ona görə də, hər kəs öz əməlinin müqabilində ya qaranlığı, ya da işığı seçir.
Qurani-Kərimdə Allah-Təalanın əsirgəmədən verdiyi neməti möhtaclara xərcləməyib simiclik edənlər pislənilir. Bu davranış insana xeyir yox, şər gətirər. Üstəlik, oğurlanan, rüşvət və talançılıq yolu ilə yığılan mal-mülk ilmək olub həmin şəxsin boğazına keçəcək. Qurani-Kərimin bu hökmünün (Ali-İmran, 3/180) nəinki axirətdə, həmçinin dünya həyatında gözümüzün qarşısında gerçəkləşdiyinin şahidi oluruq. Dövlətin milyonlarını dağıdanların bəzilərinin boğazını həmin ilmə sıxmaqdadır. Növbə qudurğanların hamısına çatacaq. Daha baxılmayacaq ki, bu, akademikdir, deputatdır, baş həkimdir, ya nədir.
Bəşəri ehtiyaclar məhduddur, yəni insan öz istəyində ölçülü olmalıdır. Məhdudiyyətsiz arzu və ehtiraslar insanı dəliyə çevirir. O, intəhasız istək və ehtirasların təmin edilməsi üçün ifrat istehlak yolunu tutur ki, bu da israfdır. İsrafa söykənməyən normal istehlak tərzi vətəndaşların ərzaq, geyim, təhsil, səhiyyə, təhlükəsizlik, kommunikasiya kimi ehtiyaclarını ödəməkdir. Hədəf cəmiyyət üçün kamil insanolmaq mərtəbəsinə çatmaqdır. Bu hədəfə isə oğurluq, rüşvət, yolsuzluq, məddahlıq, yalan, fırıldaq, acgözlük, israfçılıq, şəxsiyyətsizlik və vicdansızlıqla yox, gözütox ləyaqətli insan olmaqla nail olmaq olar. Bu yerdə insan tərbiyəsində qənaətin önəmi böyükdür. Ləyaqətlə qənaət arasında sıx əlaqənin olduğu təsadüfi deyildir.
Bir çox Qərb iqtisadiyyatçılarının və din adamlarının qənaətinə görə, təmtəraq naminə xərcləmələr zəruri istehlak məhsulları əvəzinə, dəbdəbəli məmulatların və xidmətlərin istehsalına səbəb olur. Bu zaman əsas malların qiymətləri artır, idxala ehtiyac duyulur, işsizlik və fəaliyyətsizlik çoxalır ki, bu da, əslində, israfın bir növüdür. Xərcləmənin təmtəraqlı və ehtişamlı xarakter alması cəmiyyətdə sosial balansı pozur. İnsan həyatını aşındıran israfçılıq idxalın artmasına, valyuta itkisinə, xarici ticarət və ödəmələr balansında kəsirin yaranmasına, xarici borcların artmasına, devalvasiyaya (kağız pulların məzənnəsinin aşağı salınması), yerli istehsalın zəifləməsinə və infilyasiyaya səbəb olur.
Qənaətin ləyaqət sayıldığı dövrlərdən fərqli olaraq XXI əsrin başlıca məziyyəti istehlakdır.
Sənayeləşmə yeni-yeni icad edilən məhsullara tələbatı yüksəltmək üçün ehtiyacları bir növ quduzlaşdırmışdır. Ehtiyacların Allah tərəfindən formalaşdırılması inancına zərbə vurulmuşdur. Artıq müasir cəmiyyətdə istehsal istehlakı müəyyənləşdirir. Məhsul istehsal edildiyi üçün insanlar onu istehlak etməyə məcburdurlar.
İfrat istehlak bir tərəfdən təbii qaynaqların israfına səbəb olduğu halda, digər tərəfdən ekologiyanın korlanmasına gətirib çıxarır.
Sərmayə qənaətlə artar, israf və sui-istifadə ilə azalar. Ona görə də, insan, əlindəki bütün imkanları müəyyən qanun və əxlaq çərçivəsində istifadə etməyə məsuldur.
Vergilərdən yayınmaq ağır cinayətdirsə, boş yerə axıdılan su, izafi yandırılan elektrik enerjisi də mədəniyyətsizlikdən və dar dünyagörüşündən qaynaqlanan israfçılıqdır. Bu, bütün xalqa aid olan nemətlərin boşuna sovurmaqdır. Unutmayaq ki, xüsusi mülkiyyət haqqı sonsuz olmayıb müəyyən çərçivələrlə məhdudlaşır. Sərvət kimin olursa-olsun, onda cəmiyyətin haqqı vardır!

Paralel.az

0.012884140014648