YALANÇI KİMDİR?
İdris Abbasov
Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu mətbuata deyib ki, guya mənim dediklərim həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır”. Möhsün Nağısoylu, yalançını mənzilinə qədər qovarlar. Sənin (sizin) və səni (sizi) himayə edən bir neçə akademikin yalançı olduğunu, yalanınızın dövlətin maliyyə və elm potensialına böyük ziyan vurduğunu faktlarla ortaya qoymuşam. Hələ ki vəzifə səlahiyyətiniz sizi xilas edir.
Azərbaycan Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon manatı mənmi ört-basdır etmişəm, yaxud ayrılan yüz minlərlə qrantın taleyini qaranlıq labirintlərə mənmi soxmuşam? Yoxsa rüsvayçı plagiat əsərlərə İsa Həbibbəyli ilə birlikdə mən baş redaktorluq etmiş, dövlət vəsaiti hesabına çap etdirmiş və ictimaiyyəti aldatmışam? “İzahlı dilçilik terminləri lüğəti” adlı plagio-monumenti mənmi “şedevr” kimi təqdim və tərif etmişəm? Fakt qarşısında qaldıqda mənmi yalandan üzə dirənmişəm? İnstitutdakı özbaşınalıqları, fəaliyyətsizliyini(zi) ifşa edən İ.Abbasovu mənmi küncə sıxışdırıb “əlimin altında olan bütün işçiləri üstünə qaldıraram” deyib təhdid etmişəm? Ölkə Prezidentinin ana dili ilə bağlı dünya kitabxanalarında saxlanılan abidələrin dirçəldilməsi üçün ayırdığı vəsaiti mənmi yoxa çıxarmışam? 400 il Vatikan kitabxanasında mühafizə edilən italyan dilində yazılmış “Azərbaycan dilinin orijinal qrammatikası”nın tərcümə, tədqiq və şərhinə mənmi biganə yanaşmışam? İnstitutu özfəaliyyət dərnəyinə, elmi şuranı qoçu dəvət olunan intriqa şurasına çevirən kimdir? Daha nələr və nələr...
İndi özün (üz) vicdanın(ız) qarşısında hesabat ver(in): Dövlətdən lazımınca bəhrələnib dövləti aldadan sənsən (sizsiniz), yoxsa mən?
Paralel.az