Yazı qaydalarımızın Kitabi-Müqəddəsi - Orfoqrafiya lüğəti
"İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır”
Heydər Əliyev
Hər bir ədəbi dilin inkişafında dəqiq müəyyənləşdirilmiş orfoqrafiya qaydalarının xüsusi əhəmiyyəti vardır. Qərbdə ciddi orfoqrafiya çalışmalarına erkən yeni dövrlərdən başlanmışdır. Hələ ingilis qrammatiki Ceyms Qrinvud 1753-cü ildə orfoqrafiyanı düzgün yazmaq sənəti kimi xarakterizə edirdi. Amerikalı yazıçı və bukinist Yakob Kaminqz (1823) orfoqrafiyanı, yaxud imlanı heca və sözləri öz spesifik hərfləri vasitəsilə ifadə etmək sənəti adlandırırdı. İngilis alimi Albert Rayta (1870) görə, orfoqrafiya hərflərin təbiətini və gücünü, eyni zamanda imla (yazı) qaydalarını öyrədir.
Orfoqrafiyanı sosial norma hesab edən və onun dəyişdirilməsinin problemlər yaratdığını iddia edən Liej Universitetinin professoru Jan-Mari Klinkenberq yazır: "...Orfoqrafiyanı dəyişdirmək Günəşə Qərbdən çıxmağı əmr etmək kimi bir şeydir...” Hətta o, orfoqrafiyanı ətrafında kainatın dövr etdiyi bir mehvərə bənzədir.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, dilin fonetikası, səs quruluşu, eyni zamanda alliterasiya, ritm, qafiyə, epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza, epenteza, paraqoqa kimi stilistik üsullar və fonoloji deviasiya fiqurlarının, seqmental işarələrə daxil olan sait və samitlərin, supraseqmental işarələrə aid vurğu, pauza, qovuşma, morfem, səs yüksəkliyi və sairlərin öyrənilməsi dilin orfoqrafik özülünə elmi nüfuz etməyin labüd üsullarındandır. Bilməliyik ki, dilin akustik strukturu üçün vacib olan bütün bu elementlər mətnin fonoestetikasının əsasını formalaşdırır. Səslərin ardıcıllığı qanunundan çıxış edərək deyə bilərik ki, dəyişmə morfoloji vahidlərin əvvəlində (proteza), ortasında (epenteza) və yaxud sonunda (paraqoqa) gələ bilər. Müxtəlif hecalara məxsus iki saitin bir hecada, hətta bir monoftonqda birləşməsi sinerezis, son saitin eliziyası qaydasına müvafiq olaraq bir sözün son saitinin digər sözün başlanğıc saiti ilə qovuşması isə sinalefa hadisəsi kimi meydana çıxır. Fonoloji elementlərin subtraksiyası daha çox nəzm tələblərindən irəli gəlir. O zaman akustik fiqurlar və tələffüz fiqurları stilistik konvergensiyanı yaradır. Beləliklə, qaydalara riayət edilməsi mətndə söz ehtiyatının strukturlaşmış xarakteri ilə nəticələnir. Bu zaman orfoqrafiya ilə orfoepiya, deviasiya arasındakı fərqləri nəzərə almaq zərurəti ortaya çıxır.
Müasir Azərbaycan ədəbi dilinin əsas şöbələrindən olan orfoqrafiya düzgün yazı qaydalarından bəhs edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqalarına çatdırmaq üçün insanlar arasında vacib sosial vasitədir. Yazı bəşəriyyətin tərəqqisi üçün yeni-yeni perspektivlər açır. Mədəniyyətlərin sürətli inkişafı da məhz yazı vasitəsilə gerçəkləşir. Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf etmişdir.
Orfoqrafiya qaydalarının müəyyən edilməsində fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici, etimoloji və digər prinsiplərdən istifadə olunur. Deməli, orfoqrafiya söz və morfemlərin normativ yazılışını tənzimləyən ümumi qəbul olunmuş qaydalar sistemidir. O, ümumxalq dilinin, vahid dilin, xüsusən, mədəniyyətimizin ən vacib vasitələrindən biri sayılan yazılı nitqin qanuniləşmiş normasıdır.
2018-ci ildə "Azərbaycan dilinin Orfoqrafiya lüğəti”nin növbəti 7-ci nəşri planlaşdırılır. 6-cı nəşrdəki ciddi qüsurlar haqqında mətbuatda geniş yazılıb, diskussiyalar açılıb. Bu yanlışlıqlardan uzun-uzadı bəhs etmək niyyətim yoxdur. Ümid edirik ki, növbəti nəşrdə həmin iradlar nəzərə alınacaq.
"Orfoqrafiya lüğəti”ni həmişə dilimizdə mövcud yazı qaydalarının son istinadgahı hesab etdiyimdən, hamısını da olmasa, bəzi ən zəruri məqamları diqqətə çatdırmağı məqsədəuyğun hesab edirəm. Mənim üçün "Orfoqrafiya lüğəti” düzgün yazı qaydalarımızın Kitabi-Müqəddəsidir. "Orfoqrafiya”nın müqəddəsliyi müstəqil dövlət atributu olan ana dilimizin müqəddəsliyidir. Dövlət müstəqilliyimizdən 25 ildən artıq bir zaman keçir. Belə bir vaxtda bütün azərbaycanlıların (50 milyondan artıq) dil qibləgahı və yeganə düzgün mötəbər mənbə saya biləcəkləri "Orfoqrafiya lüğəti”nin tərtibinə laqeyd yanaşılmasına qətiyyən yol vermək olmaz. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş, dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin yazılış qaydasının dəyişdirilməsini dilçiliyimizin inkişafı üçün xidmət saymaq olmaz.
"Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, "Orfoqrafiya lüğəti” ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir.
Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir. Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək templi inkişaf perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn (yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət yetirilməlidir.
Təəssüf ki, təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çıxara bilər. Nəzərə alsaq ki, orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır, onda bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz, məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar.
İrəli sürülən təkliflər, yeni nəşr olunacaq lüğətdə analoji ənənəni təkrar etməməlidir. Dilimizdə kipləşmiş, pasportlaşmış, qəlibləşmiş, hətta danışanın məqsədindən asılı olaraq nitqə təntənə, əzəmət, qalibiyyət ruhu verən sözlərdən bəzisinin yazılışının dəyişdirilməsi vahid prinsipi poza bilər. Təkmilləşdirməni, uzun əsrlər boyu şüurumuzda özünə yer etmiş, milliləşmiş sözlərin yazılışının dəyişdirilməsi kimi qavranılması yanlışdır.
Apostrofun dəyişdirilməsi ilə dilimizin orfoqrafiya lüğətinə edilən yanlış müdaxilələrə sanki start verildi. Bunun ardınca şer sözünün şeir və bir müddət sonra isə fel sözünün də feil kimi yazılması qərara alındı.
Hamıya məlumdur ki, bütün dillərdə alınmalar mövcuddur və bu amil yalnız dillərin qarşılıqlı əlaqəsi və inkişafına xidmət edir. Məsələn, ingilis dili sözlərinin 65 faizi alınmalardan ibarətdir, rus dilində "A” və "F” hərfi ilə başlayan əsl rus sözü, demək olar ki, yox dərəcəsindədir. Deməli, dilin strukturuna təsir etmədikcə, alınmalar normaldır. Azərbaycan dili də öz tarixi inkişaf prosesində bir sıra xarici dillərdən, xüsusən, ərəb, fars, o cümlədən rus, yunan, latın, italyan və digər şərq və qərb dillərindən sözlər əxz edib. Həmin sözlər dilimizdə artıq çoxdan milli pasport qazanıb, düşüncə və təfəkkürümüzün zəruri ifadə vasitəsinə çevrilib, şairlərin, yazıçıların, filosofların və digərlərinin əsərlərində dərin fikirlərin ifadəsinə xidmət edib, natiqlərin, dövlət və incəsənət xadimlərinin nitqlərində, çıxışlarında doğmalaşıb.
Orfoqrafiya lüğətinin tərtibinə elmi-sistematik yanaşmanı təmin etmək lazımdır. Əks halda, fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsiplər pozular və dolaşıqlıq yaranar. Məlumdur ki, yazı qaydasında dəyişiklik edilən şeir, feil, eyib, nəsil, meyil, səbir sözləri də ərəb dilindən alınma olub "fiilun” və "fəəlun” modelləri üzrə düzəlib. Eyni modeldən olan və dilimizdə işləklik hüququ qazanmış sözlərin siyahısını uzatmaq olar. Peşəkar yanaşma prinsipi olmadığından, üç-beş ildən bir eyni qəlibdən olan sözlərin yalnız bir-ikisinin yazılışında dəyişiklik edilməsi orfoqrafiyanı təkmilləşdirmək sayıla bilməz, əksinə, bu, növbəti çaşqınlıqlara, yazı etibarsızlığına, nəticə etibarilə, "necə gəldi, elə də yaz getsin” kimi orfoqrafik özbaşınalığa gətirib çıxara bilər ki, bu da dilin bütövlüyünü zədələmiş olar.
Sual olunur, mənbə dildən eyni model üzrə dilimizə daxil olmuş, indiyədək yazıçıların, şairlərin, ədiblərin, ictimai-siyasi xadimlərin, xülasə, bütün ziyalı təbəqənin eyni cür yazdıqları sözlərin bəzilərinin yazılış qaydası hansı əsasa görə dəyişməlidir? Axı eyni qəlibdən olan və indiyədək eyni cür yazı qaydasına malik həmin sözlərin beş-altısının yazı qaydası dəyişdirilirsə, onda dil qanunauyğunluğuna görə, bu yazı qaydası həmin sözlərin hamısına şamil edilməli deyilmi? Əgər ərəb dilindən əxz etdiyimiz "eyb” sözü "eyib”, yaxud "səbr” sözü "səbir” şəklində yazılmalıdırsa, bəs onda nə üçün eyni mənbədən alınan, eyni qəlibdən olan, eyni qanunauyğunluğu paylaşan "qeyb”, "seyr”, "qeyz”, "qeyd”, "əsr”, "qəsr”, "nəşr”, "nəzm”, "rəmz”, "hərf”, "hicr”, "əhl”, "səhv” və s. sözləri müvafiq olaraq "qeyib”, "seyir”,"qeyiz”, "qeyid”, "əsir”, "qəsir”, "nəzim”, "nəşir” şəklində yazılmamalıdır? Bunları yazmaqda məqsədim heç də bu sözlərin yazılışının dəyişdirilməsinə təşviq etmək deyil, əksinə, orfoqrafiya lüğətinin tərtibində yol verilmiş ciddi uyğunsuzluqları göstərməkdir. Atalar demişkən, zərərin yarısından qayıtmaq da xeyirdir. Uzun illər boyu dilimizin yazı qaydalarında özünə yer etmiş sözlərə hərf artırılması, yaxud hərfin ixtisarı orfoqrafiyanı təkmilləşdirə bilməz, əksinə, əlavə süni problemlərin yaradılmasına təkan verə bilər.
Bəzən belə əsaslandırmağa çalışırlar ki, alınma sözlərdə yazı qaydası tələffüz qaydası ilə eyni olmalıdır. Onda ərəb dilindən alınmış "kitab”, "münasib”, "mürəkkəb”, "ailə”, "məişət”, "aid”, "növbə” və s. sözləri müvafiq olaraq "kitap”, "münasip”, "mürəkgəp”, "ayilə”, "məyişət”, "ayid”, "nöbə” kimi; yaxud italyan dilindən alınmış "abreviatura” sözü "abreviyatura” şəklində, və ya "aeroport” (yun. "aero” və lat. "port” sözlərinin birləşməsi) sözü "ayraport” kimi yazılmalıdır və s. Göstərilən faktlar "Alınma sözlərdə yazı qaydası son dildə deyilişinə görə yazılıb oxunmalıdır, tələffüz qaydası ilə eyni olmalıdır” müddəasını təkzib edir, yəni müasir Azərbaycan dilinin orfoqrafiyası üçün bu, sadəcə, fərziyyə ola bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
Bəli, Dövlət Proqramında digər məqsəd və vəzifələrlə yanaşı, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi vacib şərt kimi irəli sürülür. Çünki məhz düzgün yazı qaydalarına riayət etməklə ədəbi dil normalarının sabitləşməsinə nail olmaq olar.
Təbii ki, alınma sözlərin yazılış qaydasında yol verilən qüsurları təshih etmək vacibdir. Məsələn, bəzən görürsən ki, "ehtiyat” əvəzinə "ehtiyyat”, "tövsiyə” əvəzinə "tövsiyyə”, "mərsiyə”, əvəzinə "mərsiyyə”, "təziyə” əvəzinə "təziyyə” "Raziyə” əvəzinə "Raziyyə” yazırlar. Bu sözlər mənbə dildə feilin məsdər şəklini, sonuncusu isə feili-sifəti bildirir və bir ”y” ilə yazılır. Amma ərəb dilindən əxz etdiyimiz -iyyat, -iyyət şəkilçisi ilə düzəlib rəngarəng məna çalarlarına malik, dilimizdə işləkliyini qoruyub saxlamış bir çox sözlər mövcuddur ki, yuxarıdakı sözlərdən fərqli olaraq, bunlar mənbə dildə ismi-sifətdən düzəldilmiş isimlərdir. Belə sözlərin orfoqrafiyasının qoşa "y” ilə yazılması ədəbi dil normalarına ciddi riayət etməkdən doğur. Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz. Bəzən güman edirlər ki, ərəb mənşəli "qalibiyyət” sözünü "qələbə” sözü ilə, "əbədiyyət” sözünü, "ölümsüzlük”lə, "bəşəriyyət” sözünü "insanlıq” sözü ilə əvəzləmək uğurlu seçimdir. Halbu ki, "qələbə” sözü ərəb mənşəli söz olub "qalibiyyət” sözünün sinonimi kimi çıxış etsə də, məna çalarları baxımından hər zaman onu əvəz edə bilmir. Yaxud "ölümsüzlük” sözü (Bizdə, ölən bilir bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün (M.Müşfiq)) "əbədiyyət”sözünü əvəz etmir, "insanlıq” sözü İinsanlığı pək sevirkən, ondan uzaq qovuldum (C.Cabbarlı)) "bəşəriyyət” sözünü qüvvədən salmır, əksinə, ona sinonimlik edir və beləliklə, dilimizin lüğət tərkibi daha da zənginləşir. Ədəbiyyat, fəaliyyət, cəmiyyət, bəşəriyyət, əbədiyyət, vəsiyyət, vəziyyət, ezamiyyət və s. kimi sözlərin yazılış qaydasının dəyişdirilməsinə, məncə, heç bir zərurət duyulmur. Əksinə, yazıda qoşa cingiltili "y” samiti ilə yazılan söz ifadə tələblərinə görə, bəzən tələffüzdə də ikiləşir. Bu, xüsusən, nəzm əsərlərində, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli çıxışlarda, insana xas hiss-həyəcanın dolğun ifadəsində, nitqin təsir gücünün artırılmasında özünü göstərir. C.Cabbarlının "Ana” şeirinin ilk misrasındakı "bəşəriyyət” sözünü misal qismində göstərmək olar: "Əgər bütün bəşəriyyət ədüvvü-canım ola...”. Burada nəzm tələblərinə görə tələffüzdə qoşa "y” hərfinin birini ixtisar etmək mümkün deyil. Yəni qoşa "y”-nın ikisi də tələffüz olunur. Bu həm də psixolinqvistik aktın fonetik səviyyədə reallaşmasıdır. Dilimizin məna ifadə edən bu səs zənginliyindən vaz keçmək olarmı?! Belə misalların sayını artırmaq da olar.
Hətta yunan, latın, italyan, fransız və digər qərb dillərindən alınmış sonu "a” ilə bitən sözlərdə "a” hərfinin ixtisar edilməsi (məsələn, abreviatura – abreviatur; angina – angin; arena – aren; arxitektura – arxitektur; agentura – agentur; metafora – metafor və s.), yaxud yazıda bir sıra alınma sözlərin ortasında qoşa "s” hərfindən yalnız birinin saxlanılması (məsələn, reqressiv – reqresiv, proqressiv – proqresiv və s.) ədəbi dil normalarının təkmilləşdirilməsi və qorunması istiqamətində hansısa faydalı işin görülməsi mənasına gələ bilməz.
Orfoqrafiya lüğətinə həddən artıq lüzumsuz sözlərin daxil edilməsi normativ yazı qaydalarını pozmuş, haqlı tənqidlərə yol açmışdır. 6-cı nəşrdə bəzi sözlər həm yazı, həm də danışıq variantında verilib. İndi də növbəti nəşrdə yol verilmiş qüsurlar üzərində işlənilməsi tələb olunur.
Bu günlərdə təsadüfən qarşılaşdığım "Başqa estetika, başqa mədəniyyət” adlı esseni oxudum. Müəllifin "ədva” sözünü işlətməsi və orfoqrafiya lüğətində bu yazılışla bağlı müxtəlif, həm də qarışıq sözlərin verilməsi anlaşılmazlığı bir qədər də dərinləşdirdi. Yəni "ədva”, yoxsa "ədviyat”. Qızılgüldən bəhs edən müəllif yazır: "...Bizim həyətimizdə onun kolları bitirdi, ətri bütün küçəni bürüyürdü, onu qurudub ədva kimi qışa saxlayırdılar, ondan mürəbbə bişirirdilər...”. Dərhal bilinir ki, "ədva” alınma sözdür. Azərbaycan dilinin izahlı lüğətində belə bir sözə rast gəlmədik. Orfoqrafiya lüğətində isə qarışıqlıqdan baş açmaq olmadı: burada nəinki ədva, ədvalı, ədvasız; hətta ədvə; ədvəcat; ədviyə-ədvələr; ədviyyat, ədviyyatlı, ədviyyatsız, ədviyyatsızlıq, ədviyyə, ədviyyələmə, ədviyyələmək, ədviyyələnmə, ədviyyələnmək, ədviyyələtmə, ədviyyələtmək və s. kimi söz yığınına rast gəldik. Etimologiyasını araşdırdıqda aydın olur ki, "dəə” (cəm. ədva) – ərəb dilində isimdir, mənası "dərd”, "xəstəlik” və s. deməkdir; dilimizdə eyni cür tələffüz edilə biləcək "ədva” (tələffüzümüzdə ərəb dilindəki emfatik "a” sadələşərək "ə” olur) sözü isə "yoluxma”, "infeksiya” mənalarını verir (Sözə etimoloji cəhətdən yanaşsaq, müəllifin işlətdiyi "ədva” sözü "infeksiya”, "dərd” və s. deməkdir). Çox güman ki, müəllif "ədviyat” (davāʼ, cəmdə ʼədvıyə) sözünü nəzərdə tutub və mənası ərəb dilində "dava, dərman” deməkdir. Söz müəyyən semantik dəyişiklərlə dilimizə keçib ki, bu da "xüsusi dad, xoº iy, bəzən də rəng vermək üçün xörəyə və ºirniyyata qatılan, ya vurulan darçın, hil, sarıkök, mixək və s. kimi maddələrin ümumi adı”nı bildirir. Məhz "Orfoqrafiya lüğəti”ndəki qarışıqlıq müəllifin düzgün söz seçimi etməsinə imkan verməmişdir. Azərbaycan dilinin ədəbi dil normalarına, həmçinin etimoloji prinsiplərə əsasən, həmin söz bir "y” ilə yazılmalıdır. Mövcud vəziyyətə salınmış orfoqrafiyada dəqiqliyi seçmək qeyri-mümkündür. İzahlı lüğətdə isə yalnız "ədvə” yazılışı verilmişdir ki, onun da izahı "qoşa "y” ilə yazılan "ədviyyat” kimi göstərilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi "-iyyət” şəkilçili sözlər ismi-sifətdən düzəlmiş isimlərdir, "ədviyat” sözü isə bu kateqoriyaya daxil olan sözlərdən olmadığı üçün onun qoşa "y” ilə yazılışı yanlışdır. Təkcə bu uyğunsuz və uğursuz məqamın üzərində saatlarla dayanmaq olar. Təəssüf ki, bir məqalədə buna imkanımız yoxdur. Beləcə, orfoqrafiyanın növbəti nəşrində saf-çürük ediləcək çox məsələlər vardır. Taleyüklü məsələləri bir tərəfə qoyub, rahat işləkli və düzgün yazılış hüququ qazanmış sözlərdə hərfin dəyişdirilməsi, əlavəsi, yaxud ixtisarı, təkrar edirəm, ədəbi dil normalarımızın təkmilləşdirilməsinə xidmət sayıla bilməz. Əsl orfoqrafik problemləri həll etmək üçün isə sözün əsl mənasında iş görmək lazımdır.
Qeyd. Dünyada 274 milyon insanın danışdığı fransız dili əsrlərdir ki, son dərəcə çətin olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə etmir. Hətta XVII əsrdə Por-Royal qrammatikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb. Müasir fransız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz edilsin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən "su” sözü üç hərflə yazılır: "eau”; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz edilən "yeni sözlər” birləşməsi yazıda "mots nouveaux” şəklində 12 hərflə ifadə olunur. Bundan əlavə, fransız qrafikasında sətrüstü və sətraltı diakritik işarələrdən də istifadə olunur. Bunu əcnəbi müəlliflərin özləri də təsdiq edirlər. Müasir fransız dilçisi, orfoqrafiya tarixi üzrə mütəxəssis Nina Kataş göstərir ki, öz mənşəyini XIII əsrdən götürən fransız yazı qaydası nisbətən italyan və ispan yazısına yaxın "roman” yazısı olub "ideoqrafiya” tipli yazıya transformasiya etmiş və bununla da fransız dilinin orfoqrafiyası qohum orfoqrafiyalardan uzaqlaşmışdır. Müəllif digər Qərb dilləri ilə müqayisədə fransız dilinin çox mürəkkəb və çətin yadda qalan yazı qaydalarının olduğunu qeyd edir. Biz isə digər dünya dillərinin orfoqrafiyası ilə müqayisədə, Azərbaycan dilinin nə qədər sadə və səlis yazı qaydalarına malik olduğunu tam əminliklə söyləyə bilərik. Sadəni "sadələşdirmək”lə mürəkkəbləşdirmək bizim şüarımız deyildir.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, orfoqrafiya lüğətinin mükəmməlliyi və müqəddəsliyi oradakı sözlərin çoxluğu və ya azlığı ilə ölçülmür. Məsələn, belə bir statistika göstərilir ki, ingilis dilinin ədəbi dili 400 min, alman dili 250 min, rus dili 150 min söz ehtiva edir. Lüğətin böyüklüyünün dilin linqvistik zənginliyinə heç bir aidiyyatının olmadığını önə sürən Berkli Kaliforniya Universitetinin adyunkt-professoru Geofrey Nunberq çox düzgün olaraq deyir: "İngilis dilinin hüdudsuzluğuna olan heyranlığımız bir növ linqvistik imperializmdən qaynaqlanır, yəni lüğətimiz başqalarının lüğətindən daha böyükdür. Lakin bu, əslində bizi linqvistik cəhətdən heç cür zəngin etmir”.
Oksford lüğəti 600 min sözü əhatə edir. Bu sözlüyə 1150-ci ildən üzü bəri ingilis dilinin bütün variantları, hətta dialektlər də daxil edilib. Bu prinsiplə yanaşsaq, yəni Azərbaycan dilinin dialekt və şivələrini də lüğətə daxil etsək, onda sözləri saymaqla qurtarmaz... Hansısa "dildə 1 milyon söz vardır” ifadəsi artıq bu gün yumorla qarşılanır. Çünki müxtəlif yanaşma prinsiplərindən çıxış edib, bunun sayını 10 milyona, hətta 100 milyona da çatdırmaq olar.
Ümid edirik ki, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti”nin yeni nəşrində əvvəlki nəşrlərdə yol verilmiş yanlışlıqlar aradan qaldırılacaq, ədəbi dil normalarında oturuşmuş düzgün yazı qaydaları dəyişdirilməyəcək və dilçiliyimizin daha aktual, daha ciddi problemləri irəli çəkiləcəkdir.
İdris Abbasov
Paralel.az