LİNQVO-AKADEMİK RÜSVAYÇILIQ
İdris Abbasov: “Təyini söz birləşməsi ilə mürəkkəb sözü bir-birindən ayırd edə bilməyən adamı akademik edib Dilçilik İnstitutunun direktoru təyin edən şəxslər heç bir məsuliyyət hiss etmirlərmi? Mən Möhsün müəllimdə heç bir günah görmürəm. O özü dəfələrlə etiraf edib ki, onu akademik dostları bu vəzifəyə zorla qoyublar. O da onların sözündən çıxa bilməyib.
Dövlətin həm maliyyə resurslarını israf edir, həm də dilini, mənəviyyatını korlayıb zay edirlər. Son 5 ildə Dilçilik İnstitutunda ana dilinin başına açılan oyunlar bütün gücü ilə davam edir. Faydalı işdən əsər-əlamət yoxdur. Bax, belə söz oyunu ilə baş girələyir, o biri işlərini ört-basdır etməyə çalışırlar.
Budur, dostlarının vəzifəyə qoyub akademik etdikləri və əmrə müntəzir qıldıqları Möhsün Nağısoylu mürəkkəb sözü söz birləşməsindən ayıra bilməyəcək dərəcədə əmək funksiyasını itirib və eyforiyaya keçid əldə edib:
“Bu söz iki cür işlənir: “Xankəndinə” və “Xankəndiyə”. Mənim fikrimcə, “Xankəndinə” olmalıdır. Məsələn, Mil düzü, Muğan düzü hansı şəkilçini qəbul edir? “Öz kəndinə”, “doğma kəndinə”, “öz yurduna” kimi qeyd olunur. Bu söz qeyri-müəyyən yiyəlik haldadır. Məzmunu “Xanın kəndinə gedirik”, “Xan öz kəndinə gedir” kimidir. “Xankəndinə” , “Xankəndində”, “Xankəndindən” doğru yazılış formalarıdır".
PS. Təcrübə sübut edir ki, akademiya institutlarına direktor-filan lazım deyil. Budur, qaş düzəldən yerdə vurub gözünü çıxarır. Hələ AMEA prezidenti- azmış kimi- baş direktor, icraçı direktor vəzifələri də təsis edib. Bunlara, deyəsən, "Dur!" deyən yoxdur.
Bu kimi taleyüklü məsələlərdə udub-uduzmağın fərqində olmayan, xoşbəxtliklə bədbəxtliyi, vəzifə ilə vəzifə məsuliyyətini ayırd edə bilməyən, ölkənin rifahı ilə xalqın rifahı arasındakı düz mütənasibliyi dərk etməyən Möhsün Nağısoylu və onun akademik hamiləri deyil, ümumən, Azərbaycan uduzur!”
Paralel.az