Şuşada Milli Musiqi Günü keçirilir - FOTO

Şuşada Milli Musiqi Günü keçirilir - FOTO
 

 

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi Günü keçirilir.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti şəhərdə Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər.

Onlar həmçinin Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı keçirilir: "Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcək. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib:

“Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək”.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:

“Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir Hacıbəylinin heykəlinin yerləşdiyi bağda azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək”.

Tədbir konsert proqramı ilə davam edir.

 

1.1710879802704