Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ
 
 
 
Son bir-iki ildə ölkədə karqo (daşıma-kuryer) şirkətlərinin sayı sürətlə artıb. 
Hazırda ölkəmizdə 200-dən çox karqo şirkəti qeydiyyatdan keçib və xeyli hissəsi də aktiv fəaliyyət göstərir. Təkcə  son bir ildə 100-dən çox karqo şirkəti açılıb. Bu şirkətlərin bir çoxu artıq regionlarda  filiallarını da yaradıblar.
 
Bu şirkətlər yüz minlərlə vətəndaşımızın e-ticarət yolu ilə xaricdən, Türkiyədən, Çindən, Avropadan və ABŞ-dan müxtəlif malların alınmasında yardımçı olurlar. 
Malların çatdırılması üçün  yerli karqo  şirkətlərinə çəkidən asılı olaraq  müəyyən rüsumlar ödənilir. Ölkə daxilində qiymətlərin baha olması və Pandemiya son illər e-ticarəti daha da  canlandırıb.
 
Vətəndaşlar malı xarici onlayn platformadan həm birbaşa özü alır, həm də alacağı malın linkini karqo şirkətinə təqdim edərək sifariş verməklə alış-veriş prosesində iştirak edirlər.
Onlayn alış-verişdə çətinlik çəkənlər, yerli bank kartı ilə ödənişdə problemi olanlar adətən sifariş yolunu seçirlər. 
Sifarişin təsdiqlənməsi, malın alınması və xarici anbara çatdırılması, Bakıya yola düşməsi, Bakıdakı anbara çatması və sonda təhvil verilməsi ilə bağlı məlumatlar mobil telefona, email və şəxsi kabinetə bildiriş kimi ötürülür.
 
Son ildə karqo şirkətlər ölkədə elektron ticarətin dövriyyəsinin artırılmasınada, elektron ticarət mədəniyyətinin formalaşmasında, daşıma  və çatdırılma infrastukturunun, sektorda əlavə dəyərlərin  formalaşmasında, kart daşıyıcılarının sayının artmasında və nəqdsiz dövriyyənin yüksəlməsində  mühüm rol oynayırlar.
 
Yeri gəlmişkən qeyd edim ki, e-ticarətin inkişafında Dövlət Gömrük Komitəsinin Smart Customs sistemi də mühüm rol oynayır. 
Elektron ticarət yolu ilə xaricdən  alınan malların karqolar və vətəndaşlar tərəfindən gömrük bəyyanəmələrinin verilməsi məhz online mühitdə, Smart Customs üzərindən həyata keçirilir.
Yüz minlərlə vətəndaşımız, o cümlədən də karqo şirkətlər Smart Customs-dan effektiv istifadə etməklə gömrük proseduralarını onlayn mühitdə gerçəkləşdirə bilirlər.
 
Amma, bəzi hallarda karqoların  keyfiyyətsiz  xdimətlərindən də şikayətlər olur. 
Son zamanlar bu tip hallar daha tez-tez təkrar olunur.  Bəzi hallarda alınan mallar çox gec çatdırılır. Belə hallarda istehlakçılar öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkirlər.
Ümumiyyətlə , ölkədə, xüsusən də rəqəmsal sektorda istehlakçıların hüquqlarının qorunması istiqamətidnə ciddi problemlər var. 
Bu sahəyə cavadeh olan Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti səylərini gücləndirməlidir.
Rəqəmsal sektorda, e-ticarət sahəsində  vətəndaşların hüquqlarının qorunması üçün müvafiq qanunvericilik, Elektron ticarət haqqında və İstehlakçıların hüquqlarının qorunması haqqında qanunlar yenidən işlənməlidir.
 
Eyni zamanda, düşünürəm ki, karqo şirkətlərin vahid bir reyestrinin yaradılması da doğru olardı.  
Bu reyestrin DGK və ya NRYTN tərəfindən hazırlanması və rəsmi saytlarda yerləşdirilməsi də vətəndaşlar üçün xeyli faydalı olardı.
Paralel.az
0.040609121322632