Təhsil Nazirliyi elektron məktəbi sıfırdanmı qurur ?
Osman Gündüz yazır: “Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq.
Əvəzində elektron jurnallar tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən ildən bu prosesə başlandığını, 94 məktəbdə elektron jurnal xidməti tətbiq olunduğunu bildrib.
Nazirlik də "Elektron məktəb" platforması üzərində işlər aparıldığını bildirib.
Xatırlayıram ki, Təhsil Nazirliyi tərəfindən bu tip rəsmi açıqlamalar hələ 10 -15 il əvvəl də verilmişdi.
O zaman, “2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 40-dan çox məktəbin “Elektron məktəb" sisteminə qoşulduğu bildirilmişdi.
2015-ci ildə isə 200-dən çox məktəbin bu sistemə qoşulması haqqında rəsmi açıqlamaları indi də internetdə tapmaq olar.
O zaman valideynlər üçün də “SMS Gündəlik”, “Elektron Gündəlik” sistemlərindən istifadə edildiyi bildirilirdi.
Xatırlayıram ki, on milyonlarla manat vəsait ayrılan bu “Elektron məktəb” layihəsinə də ULTRA şirkəti rəhbərlik edirdi. Xeyli təqdimatlar olmuşdu. ULTRA şirkəti Rumıniya istehsalı olan proqram təminatını alaraq lokallaşdırmışdı. Daha çox oflayn mühit üçün nəzərdə tutulan platforma idi.
Sonralar bu proqramın kodlarının çox çətinliklə Rumıniyadan alındığı bildirilsə də belə görünür ki, layihəni reallaşdırmaq mümkün olmayıb və o zamankı "Elektron məktəb" layihəsi iflas olub.
İndi necə olacaq ?
İndi TN -in açıqlamasından belə çıxır ki, elektron məktəblə bağlı hər şey yenidən, sıfırdan başlanır.
Apardığım araşdırma və monitorinq onu göstərir ki, TN elektron məktəblə bağlı bütün prosesləri, məktəbin idarə edilməsini, şagirdlərin qiymətləndirilməsini, valideyn-məktəb münasibətlərini online mühitdə sürətlə yenidən qurur.
Yeni platformalar, müəllim və valideyn üçün imkanlar online mühitdə hazırlanıb. Hələlik yeni "Elektron məktəb" platforması tam başa çatdırılmayıb.
Yeni "Elektron məktəb" sisteminin hansı şirkət tərəfindən hazırlanması haqqında açıqlama verilməyib.
Ümid edirəm bu dəfə sistem daha dayanıqlı olacaq və oturuşa biləcək.
İnanıram ki, bu dəfə Nazirlik sistemin ilkin kodlarının, yekun rəqəmsal məhsulun mülkiyyət hüququnun kimə məxsus olmasını da zamanında həll edə biləcək.
Cari ildə daha 215 məktəbin yeni qurulan "Elektron məktəb" platformasına qoşulması nəzərdə tutulub.”
Paralel.az