Əlilləri zəlil qoymaqla büdcəyə qənaət edirik
Paralel.az xəbər verir ki, artıq Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsi layihəsini sentyabrın 8-də təqdim edib. Layihədə ən maraqlı məqam uzun illərdən sonra sosial müdafiə xərclərinin azaldılmasıdır.
Belə ki, Maliyyə Nazirliyinin 8 sentyabrda açıqladığı büdcə layihəsinə əsasən 2022-ci ildə bu istiqamətdə 3 milyard 584 milyon 408 min manat xərclənməsi nəzərdə tutulur. Bu il sosial müdafiə və sosial təminat xərcləri 3 692 746 545 manat olub ki, bu da gələn il bu sahədə xərclərin təxminən 108 milyon manat azaldılacağını göstərir.
Nazirlik xərclərin hansı səbəblərdən ixtisar edildiyinə aydınlıq gətirməyib. Lakin son 3 ildə pensiya və müavinətlərin kəsilməsi, əlillik qruplarının kütləvi şəkildə ləğv edilməsi və qadınların pensiya yaşının hər il 6 ay artırılması hökumətin sosial öhdəliklərini maksimum azaltmaq niyyətindən xəbər verir. İqtisadçıların bildirdiyinə görə, artıq 200 mindən çox vətəndaş qeyd olunan pensiya və müavinətlərdən məhrum edilib. Amma proses hala də davam edir, hər ay minlərlə əlil aldığı muavinatdan məhrum edilir. Hesablamalara görə iş bu templə davam etsə hökumətin sosial müdafiə və sosial təminat sahəsindəki qənaətləri gələn il bu istiqamətdə büdcə xərclərini da 100 milyon manat qənaət etməyə imkan verəcək.
Onu da qeyd edək ki, ötən il baş vermiş 44 günlük müharibədə 3 minə yaxın hərbçi şəhid olub, 12 minə yaxın hərbi qulluqçu isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bir hissəsi hazırda müharibə əlili kimi təqaüd almaqdadır. Şəhid ailələrinin müavinəti, sosial problemlərinin həll edilməsi də əsas etibarilə büdcə vəsaitləri hesabına həyata keçirilir.
Digər tərəfdən, qanuna əsasən 44 günlük müharibədə könüllü iştirak etmiş 50 minə yaxın müharibə iştirakçısının hər birinə 80 manat həcmində müavinət təyin edilməlidir. Hələ heç bir müharibə iştirakçısına belə müavinət təyin edilməyib, haçan təyin ediləcəyi, müavinatın nə vaxtdan hesablanacağı və verilməyə başlayacağı barədə də heç bir məlumat verilmir.
Beləliklə, dövlətdən pensiya və müavinət alan imtiyazlı vətəndaşların sayında kifayət qədər artım olduğu halda, gələn ilin büdcəsindən müdafiə və sosial təminat xərcləri 108 milyon manatdan çox azaldılır.
Akif Nəsirli