Muradın hekayəsi : "Hər gecə 3-də yuxudan oyanıb dilənmək üçün yola çıxırdım"
11 yaşlı Murad (ad şərtidir) Yevlaxda yaşayan Roman ailələrindən birinin oğludur. Hələ çox balaca ikən nənəsi ona danışırmış ki, anası onu bələkdə olanda zibil qabına atıb. Bundan sonra uşağa nənəsiylə atası yiyə çıxıb. Nənəsi öləndən sonra iş-güc sahibi olmayan atası uşağı diləndirməyə başlayıb.
Ata-oğul "Kubinka" deyilən yerdə bir otaqlı evdə yaşamağa başlayıblar: "Hər gecə 3-də yuxudan oyanıb dilənmək üçün yola çıxırdım. Hər dəfə fərqli yerlərə gedirdim. Ən çox “Tarqovı”, Bulvar, bəzən də Nərimanovda olurdum. Bir günə 15-20 manat qazanırdım. Təkcə bir dəfə oturacaqda yatdığım vaxt bir rus gətirib 150 manat vermişdi. Ən çox qazandığım bu olub”.
Murad deyir ki, atası ona qazandığı puldan bir-iki dəfə paltar alıb: "O paltar da bir dəfə çirklənən kimi məni möhkəm çırpmışdı. Həmişə dilənəndə atası ilə gəzən uşaqları görüb pis olurdum. Öz-özümə deyirdim ki, camaatın atası uşağına bahalı hədiyyələr alır, mənim atamsa diləndirir”.
Muradın söylədiyinə görə, 8 yaşında "imkanım yoxdur, nə olar, çörək pulu verin" deyə adamlara əl açarmış, ona yaxşı davranıb başına sığal çəkənlər də, acılayıb qovanlar da varmış.
"O günləri yaxşı xatırlamıram. Yadımda çox az şey qalıb. Ən çox Nərimanovda 3 ay tək qaldığım yadıma düşəndə pis oluram. Bir gün atamın yanından qaçıb Nərimanova getdim. Gündüzlər dilənir, axşamlar parkda skamyalarda yatırdım. Pulum olanda dönər, olmayanda peraşki alıb yeyirdim. Hansı fəsil olduğu yadıma gəlmir, soyuq da, isti də, yağış da olurdu".
Elə Muradın Nərimanovda qaldığı vaxt polislər onu şöbəyə, oradan da "Ümid yeri" uşaq sığınacağına gətirirlər.
Murad artıq 2 ildir ki, bu sığınacaqda yaşayır. Dediyinə görə, burdakı həyatını çox sevir. O, sığınacaqda özünə həm yaxşı dostlar, həm də yaxşı məşğuliyyət tapıb. Güləşlə məşğul olan Murad yaşadığı sığınacağı idman yarışlarında təmsil edir.
O atasını unutmadığını, görüşmək istədiyini söyləyir: "Atamla danışmaq istəyirəm, onun üçün darıxıram. Amma o mənimlə heç maraqlanmır. Bura gələndən bəri məni heç axtarmayıb. Zəng eləmək istəyirəm, amma nömrəsi yadıma düşmür…"
“Dilənçilik həyat tərzi, ailə, nəsil ənənəsidir”
Azərbaycanda uşaqların dilənçiliyə cəlb edilməsi inzibati məsuliyyət yaratsa da, Bakıda və başqa şəhərlərdə azyaşlıların dilənməsinə rast gəlmək mümkündür.
Daxili İşlər Nazirliyindən bildirilir ki, cari ildə polis dilənçiliklə məşğul olan 3845 nəfər müəyyən edib, onlardan 370-i azyaşlı olub. Nazirlik qeyd edir ki, rəqəmin çox olmasının səbəbi eyni adamın bir neçə dəfə yaxalanmasıdır.
Həmçinin Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya şöbəsinə bu ilin 8 ayı ərzində 29 nəfər qəbul edilib. Hazırda şöbədə 24 nəfər azyaşlıya xidmət göstərilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun “Toplum TV”-yə dediyinə görə, dilənənlərin böyük əksəriyyəti əmək qabiliyyətinə malik olsa da, ömür boyu hardasa işləməyə maraqlı deyillər, “dilənmək bu adamların həyat tərzi, ailə, nəsil ənənəsidir”.
"İlk baxışda onların dilənçi olmaları görünmür. Onlar insanların mərhəmət duyğularına təsir edəcək ifadələrdən istifadə edirlər. Cəmiyyətimizdə dilənçilərə sədəqə verənlərin olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı şərtləndirir. Bu mənada vətəndaşlarımıza müxtəlif adlar altında qiyafələnmiş, məqsədi dilənçilik, insanların etibarından sui-istifadə olan şəxslərə inanmamağı tövsiyə edirik", - polis mayoru belə deyir.
Tayfa ənənələrini qoruyaq, ya uşaq hüquqlarını?
Murad kimi Roman tayfasına mənsub olanlar arasında dilənməklə dolananlar az deyil, onların valideynlərinin fikrincə, uşaqların dilənməsində qeyri-qanuni heç nə yoxdur. Hərçənd uşaqların dilənçiliyə cəlb edilməsi onların inkişaf etmək, təhsil almaq, həyat və sağlamlığını mühafizəsi kimi hüquqlarının pozulmasına səbəb olur.
Hüquqşünas Emin Abbasov deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentinə görə, uşaqların təhsil hüquqları ata-ananın dini və fəlsəfi inanclarına hörmət etmək hüququnu əhatə etsə də, valideynlər inanclarına əsaslanaraq uşağı təhsil hüququndan məhrum edə bilməzlər.
“Beynəlxalq insan hüquqları köçəri həyat tərzi yaşayan icmaların bu spesifik vəziyyətinin onların kimliyi ilə əlaqəli olduğunu qeyd edir və bunu şəxsi həyat hüququnun bir parçası kimi nəzərdən keçirir. Avropa Şurası üzv ölkələrə tövsiyə edir ki, Roman uşaqların təhsilləri qarşısında duran baryerləri (ana dilində təhsil, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması və.s) həll etsinlər”.
BMT Azərbaycanda küçə uşaqlarına görə narahatdır…
BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanla bağlı yekun müşahidələrində deyilir ki, dövlət küçədə yaşayan, istismara məruz qalan uşaqlarla bağlı lazımi tədbirlər görmür, onların sağlamlıq, təhsil almaq imkanları məhduddur. Eyni zamanda hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyətinin Azərbaycanın qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına uyğun olmadığı qeyd edilir.
Emin Abbasovun dediyinə görə, Komitə 2021-ci il martın 4-də “Uşaq Hüquqlar haqqında” Konvensiya ilə bağlı Azərbaycandan uşaq hüquqlarının spesifik aspektləri haqqında əlavə məlumatlar tələb edib.
Həmçinin məsələlər siyahısının 12-ci bəndində dövlətin məhz küçə uşaqları ilə əlaqədar hansı tədbirlər gördüyü soruşulub.
“Azərbaycandan küçə uşaqlarının sağlamlıq, sosial xidmətlər və sığınacaqlarla təmin edilməsi, bu sahədə işləyən mütəxəssislərin potensialının gücləndirilməsi, uşaq əməyinin aradan qaldırılması, bu sahədə məlumatların toplanması və monitorinqin aparılması üzrə hansı tədbirlər görülməsi barədə məlumat istənilib” – hüquqşünas deyir.
Uşağını diləndirən şəxslər valideynlik hüququndan məhrum edilə bilərmi?
E. Abbasov söyləyir ki, Azərbaycan qanunvericiliyi uşağın həyatı üçün təhlükə yarandıqda valideynlik hüquqlarının məhdudlaşdırılmasına icazə verir: “Valideynlik hüquqlarından məhrum etmə valideyn və uşaq arasındakı münasibətə dövlətin olduqca müstəsna müdaxilə vasitəsidir. Bir çox beynəlxalq təcrübələr belə hallarda valideynlik hüquqlarından birdəfəlik məhrumetməyə yox, əsasən, təsirli cərimə və başqa məhdudiyyət tədbirlərinə əl atır. Hər halda bunun üçün ölkədə kifayət qədər uşaq sığınacaqları da olmalıdır”.
İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində qeyd olunur ki, avaralıqla məşğul olmağa görə, vətəndaşlara xəbərdarlıq edilir və ya on günədək inzibati həbs tətbiq edilir.
Yetkinlik yaşına çatmayanlar böyüklər tərəfindən avaralığa cəlb olunduqda isə əlli manatdan doxsan manatadək cərimə və ya beş gündən on beş günədək inzibati həbs cəzası tətbiq olunur.
Paralel.az