Köhnə təfəkkürlə gələcəyə!
Eldar Quliyev: "15 qəpiklə heç kim kasıblamaz, amma bununla dövlətin digər xərclərini ödəmək mümkündür"
Azərbaycanda dövlət quruluşu respublika olduğundan hakimiyyət üç qola bölünür. Qanunverici hakimiyyət - Milli Məclis qanunları qəbul etməklə, "oyun qaydaları"nı müəyən edir, icra hakimiyyəti qanunlar çərçivəsində ölkəni idarə edir, məhkəmə hakimiyyəti isə bu iki qanad üzərində nəzarəti həyata keçirərək, ölkədə mübahisəli məsələləri ədalətli şəkildə həll edir. Biz iddia etmirik ki, Azərbaycanda bu mexanizm göstərdiyimiz qaydada çalışır, amma belə olmalıdır. Bunu xatırlatmaqda məqsədimiz heç də maarifləndirmə deyil, sadəcə parlamentin və onun deputatlarının nəzəri baxımdan nə qədər əhəmiyyətli persona olduğunu diqqətə çatdırmaq istəyirik. Bu amacımız da səbəbsiz deyil.
Paralel.az-ın məlumatına görə Milli Məclisin deputatı Eldar Quliyev bir gün əvvəl "Aİ-95" və "Aİ-98" markalı benzinin bahalaşmasına çox maraqlı münasibət bildirib: "15 qəpiklə heç kim kasıblamaz, amma bununla dövlətin digər xərclərini ödəmək mümkündür".
Eldar Quliyevin diqqətinə çatdırmaq istəyirik ki, hökumət dəfələrlə bəyan edib ki, "Aİ-95" və "Aİ-98" markalı benzin markalara Azərbaycanda istehsal edilmir və onun qiymətinin bahalaşmasının dövlətə dəxli yoxdur. Yəni bu o deməkdir ki, xaricdən idxal edilən digər məhsullar kimi "Aİ-95" və "Aİ-98" markalı benzinlər də sahibkarlar tərəfindən idxal edilir. Həmin benzinlərin bahalaşmasında hər hansı bir mənfəət varsa, o mənfəət yalnız sahibkara çatır. Dövlət isə idxal mallarından gömrük rüsumu və aksiz vergisi ala bilər. Amma "Aİ-95" və "Aİ-98" markalı benzinlər gömrük rüsumundan və aksiz vergisindən də azaddır. Heç olmasa, deputatlar hər hansı bir məsələyə münasibət bildirməzdən əvvəl işin mahiyyətini öyrənsələr yaxşı olar. Bizim deputatlar isə hələ də məsələlərə kolxoz və sovetlər dönəmi düşüncəsi ilə qiymət verirlər. Belə deputatların isə ölkəni işıqlı gələcəyə aparması müşkül məsələdir.
Akif Nəsirli