Yataqxanada yaşayan, ailənin tək övladı, 3 medala layiq görülmüş Şəhid Rəşad Ələkbərovun cənnətdəki ilk doğum günündə...
Bu gün-15 sentyabr tarixi Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun doğum günüdür.
Bu gün Rəşad Ələkbərovun 24 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.
Paralel.az xəbər verir ki, əslən Gədəbəyli olan Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub.
O, həm də evin-ailənin tək oğlan övladı olub.
Rəşad 2012-ci ildə Gəncə şəhər 44 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib.
2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
Hərbi xidmətdən əvvəl və sonra video operator işləyib.
Rəşad Ələkbərov 2020-ci ilin iyul ayında, Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət edib.
Yeri gəlmişkən, Rəşad Ələkbərovun anası Nailə Ələkbərova I Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb.
Düşmən tərəfindən atılan atəş zamanı yaxınlığına mərmi düşməsi nəticəsində yaralanıb.
Nailə Ələkbərova hazırda Gəncədə “Azəraliminium” MMC-də işləyir.
27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad Ələkbərov yenidən hərbi xidmətə çağrılıb.
O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi,Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib, Şuşa fatehlərindən olub.
Rəşad Ələkbərov Şuşanın azad edilməsindən bir gün sonra və Qələbənin qazanılmasına bir gün qalmış, 9 noyabr 2020-ci il tarixində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Nəşi 3 gün sonra, 12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Rəşad Ələkbərov ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəşad eyni zamanda, subay olub.
Rəşad həm də keçmiş jurnalist, tanınmış ziyalı Faiq Ələkbərlinin bacısı oğludur.
Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün saat 12:00-da Gəncə şəhərində, yaşadıqları evin yaxınlığında Rəşad Ələkbərovun adını daşıyan “Şəhid bulağı”nın açılış olacaq.
Açılış mərasimində Şəhidin anası, yaxınları, Gəncə sakinləri, Gəncə və digər bölgələrdən olan Şəhid ailələri və digərləri iştirak edəcəklər.
Mərasim zamanı öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, sonra isə çıxışlar ediləcək.
Nur içində yatsın, məkanı cənnətlik olsun!
Allah anasına, əzizlərinə səbr versin!
00:00
***
Cənnətdəki ilk doğum günü ilə bağlı öncə Şəhid Rəşad Ələkbərovun Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ziyarətdə Şəhidin anası, dayısı, yaxınları, Gəncədən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər və digərləri iştirak ediblər.
Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Ziyarət 1 saatdan çox davam edib.
Ziyarətdən sonra Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi başlayıb.
12:05
***
Açılış mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib və sonra çıxışlara başlanılıb.
Söz öncə Şəhidin anası Nailə xanıma verilib.
Nailə xanım belə bir gündə onu tək buraxmadıqları, dəstək olduqları üçün başda Şəhid ailələri olmaqla, bütün mərasim iştirakçılarına öz minnətdarlığını bildirib.
Qeyd edib ki, tək övladı Vətən yolunda Şəhid olub və bu, nə qədər ağır olsa da, bir o qədər də Qürur və İftixar hissi doğurur.
Şəhid anası övladı ilə bərabər bütün Şəhidlərlə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.
Sonra söz Şəhidin dayısı, tanınmış ziyalı, filosof Faiq Ələkbərliyə verilib.
O, 44 günlük İkinci Vətən Müharibəsi ilə Azərbaycan xalqının, Azərbaycan oğullarının daha bir Qəhrəmanlıq Dastanı yazdığını, dünyaya örnək ola biləcək mübarizlik nümayiş etdirdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan xalqının mübarizəsi hələ bitməyib və davam edir.
“Mübarizəmiz digər istiqamətlərdə də davam edir və inanıram ki, 44 gündə olduğu kimi, bu mübarizəmizdə də Qələbə qazanacağıq”-deyə, F. Ələkbərli sözlərinə əlavə edib.
Daha sonra Şəhid anaları, Birinci və İkinci Qarabağ Savaşının Qaziləri, Şəhidin anasının iş yoldaşları çıxış ediblər.
Onlar Rəşad Ələkbərov da daxil olmaqla, cəmi Şəhidlərimizin İgidliyindən, Qəhrəmanlığından, Ölməzliyindən bəhs ediblər və və bildiriblər ki, Şəhidlər ölməyiblər, Ölümsüzlüyə qovuşublar, ruhən, mənən bizlərlə yaşayırlar.
13.30
***
Onu da qeyd edək ki, “Şəhid bulağı”nın açılışı su xəttində yaranmış texniki nasazlıq səbəbindən xeyli ləngiyib və bu da öz növbəsində narazılığa səbəb olub.
Şəhid anaları isə Rəşad Ələkbərovun anasına mənəvi dəstək olaraq, “Şəhid bulağı”nı susuz açıblar və əllərində olan su şüşələrindəki suları bulağa töküblər.
“Şəhid bulağı”nın açılışından bir neçə dəqiqə sonra texniki nasazlıq aradan qaldırılıb və “Şəhid bulağı”na su verilib.
“Şəhid bulağı”nın açılışında həmçinin Gəncəni parlamentdə təmsil edən millət vəkillərindən Müşfiq Cəfərov və Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayevanın tapşırığı ilə köməkçisi İlqar Kərimov iştirak və çıxış ediblər.
Onlar da öz növbəsində Şəhid anasına səbr diləyib, “Şəhidimizin məkanı cənnətlik olsun. Ruhu, xatirəsi daim qəlbimizdə yaşayacaq”-deyiblər.
Açılış mərasimindən sonra Şəhidin adına ehsan süfrəsi açılıb.
Bir daha Şəhidin ruhuna dualar edilib, anasına səbr dilənilib.
Ziyarət və mərasim təxminən 5 saata yaxın davam edib.
16:59
***
FOTOLAR:
Evin-ailənin tək-yeganə oğlan övladı, atasız böyüdülən, 20 yaşının tamamına 3 ay qalmış Şəhid olan RAMAL MƏMMƏDOVun anası İLHAMƏ xanım…
4 övladından, 4 oğlundan ikisi İkinci Vətən Müharibəsinin iştirakçısı olmuş, Baş leytenant Polad İbrahimov və 27 yaşlı-3 medallı Şəhid MURAD İBRAHİMOVun atası VALEH İBRAHİMOV…
Paralel.az, Kamil HƏMZƏOĞLU (HƏMİDOV)