Azərbaycan "Böyük Qayıdış"a tam gücü ilə hazırlaşır

Azərbaycan
 

"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları xarici investorları özünə cəlb edəcək

 "Kitabi-Dədə Qorqud" dastanında atalar sözünə çevrilən belə bir deyim var: torpağı qorumursansa, onu əkməyə dəyməz, əkib-becərmirsənsə, qorumağa dəyməz. Bu doğrudan da belədir. 44 günlük Vətən Savaşı nəticəsində işğaldan azad edilərək ordumuzun nəzarətinə keçən, yenidən vətənləşən torpaqlar bizi gözləyir. Azərbaycan hökuməti, artıq sözügedən ərazilərdə kütləvi tikinti-bərpa işlərinə başlayıb. Kosmosdan baxanda Qarabağ və onun ətrafında işğaldan azad edilən yeddi rayon böyük bir tikinti meydançasını xatırladır. "Zəfər Yolu"ndan müxtəlif istiqamətlərə vektorlanan yollar bizi dəbə-baba yurdlarımıza, qədim məskənlərimizə aparır. Ərazidə elektrik stansiyaları, elektrik və rabitə-kommunikasiya xətləri böyük sürətlə bərpa edilir. Dövlətin strukturları bütün rayonlarda öz yerini tutur. Artıq işğaldan azad edilən ərazilərdə güc və hakimiyyət strukturları öz yerini tutub. Görus-Qafan yolunda belə, Azərbaycana məxsus polis postları qurulub. Ərazinin qaz və su təminatı üçün ciddi işlər aparılır və layihələndirmə prosesi paralel olaraq davam etdirilir. "Azərsu" ASC-dən verilən məlumata görə, işğala qədərki dövrdə bu ərazilərdə məskunlaşan insanların 90 faizindən çoxu təbii mənbələrdən - çeşmələrdən su mənbəyi kimi istifadə ediblər. Yəni uzaq məsafələrdən müxtəlif vasitələrlə su daşıyıblar. Lakin indiki layihələndirməyə görə işğaldan azad edilən ərazilərə köçəcək əhalinin yaşadığı fərdi mənzillərə Bakı şəhərinin mərkəzində olduğu kimi su çəkiləcək.

Azərbaycan hökuməti otuz il ərzində ermənilərin xarabazara çevirdiyi əraziləri mümkün qədər qısa zaman ərzində bərpa etmək üçün gərəkən bütün addımları atmağa hazır olduğunu əməldə nümayiş etdirir. Yarım il ərzində bütün növ təyyarlərin qəbulunu təmin edən hava limanının tikintisi demək olar ki, dünya rekordudur. Füzuli hava limanı, məhz belə qısa müddətdə öz qapılarını böyük ölçülü təyyaralərin üzünə açan aeroportlardan biridir. Artıq Laçında və Zəngilanda da analoji hava limanlarının tikintisinə start verilirb, yəqin gələn ilin ilk aylarında həmin hava limanlarına da sınaq uçuşları başlanılacaq.

Belə sürətlə tikinti-bərpa işlərinin aparılması, yalnız ölkə daxilində iqtisadi potensialın genişlənməsinə, əhalinin dədə-baba yurduna tezliklə məskunlaşmasına deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın haqq işinin güclənməsinə böyük divident gətirir.  Beynəlxalq aləm də görür ki, ermənilərin otuz ilə xarabazara çevirdiyi yaşayış məskənlərini Azərbaycan hökuməti ən qısa zaman kəsimində bərpa etməyə çalışır. Deməli, ermənilər bu torpaqlara "düşmən torpağı" kimi baxıb, bu torpaqları orta əsrlərin hərbi qəniməti kimi dəyərləndirib. Aydın görünən fərqli yanaşma tərzi Azərbaycanın haqq işini bir qədər də gücləndirir. Amma Azərbaycan hökuməti heç də düşməndən azad edilən torpaqların qısa müddətdə bərpasına beynəlxalq dividentə deyil, otuz il əvvəl dədə-baba yurdundan məcburi köçkün düşən əhalini öz məskənlərinə tez bir zamanda qayıtmasına görə çalışır. Elə buna görə də işğaldan azad edilən ərazilərdə müxtəlif tipli cəlbedici layihələr reallaşdırılır. Belə layihələrdən biri də "Ağıllı kənd" layihəsidir. Bütün dünyada bu tip layihələr böyük şəhərlərdə sınaqdan keçirilir. Azərbaycanda isə bu layihənin işğaldan azad edilən ərazilərdə reallaşdırılmasının əsas hədəfi əhalinin bu regiona cəlb edilməsi ilə əlaqədardır. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərin sakinlərinin  əksəriyyəti ölkənin böyük şəhərlərində yaşayır, onlar artıq şəhər əhalisinə çevrilib. Bu əhalinin ənənəvi kəndlərə dönüş etməsi bir qədər çətin olduğundan hökumət onlar üçün azad edilən ərazilərdə Bakı şəhərinin mərkəzindən daha rahat yaşayış məskənləri təklif etmək fikrindədir.

Məsələn, Azərbaycan hökuməti işğaldan azad olunan Zəngilan rayonunun Üçüncü Ağalı kəndində "Ağıllı kənd" layihəsinin icrasına başlayıb. Kənd layihəsi əsasən beş komponent üzrə aparılacaq. Həmin komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "Ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edəcək. Kənddə inşa ediləcək 200 evin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu kənddə daha çox günəş batarealarına üstünlük veriləcək. Lakin Üçüncü Ağalı kəndinin yerləşmə mövqeyi su enerjisindən istifadəyə də imkan verir. Ola bilsin ki, gələcəkdə qış aylarında, günəşli günlərin az olduğu dövrdə kiçik su elektrik stansiyalarının imkanlarından da istifadə edilsin. İşğaldan azad olunan digər ərazilərdə də "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması planlaşdırılır. Bu cür texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji İnnovasiya-Start-Ap mərkəzi kimi cəlbediciliyini artıracaq. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması, yalnız məcburi köçkünlər və ölkə əhalisi üçün deyil, həm də xarici investorların diqqətini özünə çəkəcək.

Regionun cəlbediciliyi yalnız "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması ilə məhdudlaşmır. Belə ki, işğaldan azad olunan ərazilərdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli aeroportunda artıq sınaq uçuşları həyata keçirilib, hava limanı bu ilin payızında tam istifadəyə veriləcək. Zəngilan və Laçında isə hava limanlarının təməli qoyulub.

Regionda üç beynəlxalq hava limanının tikintisi həm hərbi-siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Bildiyimiz kimi, bu region düşmən ölkə ilə həmsərhəddir, ona görə də əraziyə qısa zamanda hərbi texnikanın və canlı qüvvənin dislokasiya edilməsi baxımından hava limanlarının sıxlığı xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, işğaldan azad edilən ərazilər turizm mərkəzləri kimi də fəaliyyət potensialına malikdir. Laçın, Kəlbəcər və Qarabağın digər ərazilərində dünya əhəmiyyətli turizm mərkəzləri formalaşa bilər. Həmin dönəmdə indi inşa edilən hava limanları xarici turistlərin axını səbəbindən ölkəyə milyonlarla dollar vəsait cəlb edəcək.

Məlum olduğu kimi, Qarabağda bir neçə istiqamət üzrə inkişaf  perspektivləri hədəflənir. Bölgənin inkişaf strategiyasında turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat-logistika kimi layihələr xüsusi yer alır. Sözügedən perspektiv layihələrin reallaşmasında Füzuli və Zəngilan hava limanlarının özünəməxsus rolu olacaq. Beynəlxalq hava limanlarının mövcudluğu qeyd olunanlarla yanaşı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun, eləcə də Avrasiyanın bir neçə ölkəsinin maraq dairəsindədir.

Hesab edirik ki, yuxarıda sadaladığımız və adını hələ qeyd edə bilmədiyimiz layihələrin reallaşması ilə ən qısa zamanda işğaldan azad edilən ərazilərə "Böyük qaydış" tam olaraq təmin ediləcək.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.01814603805542