"Aİ-95" və "Aİ-98" benzinlərinin qiymətini bazar tənzimləyir?

 

SOCAR "Avro-5" standartlarına uyğun benzin markalarının istehsalına başlamaqda maraqlı deyil

2021-ci ili hərtərəfli olaraq "qiymət artımı ili" kimi dəyərləndirmək olar. Çünki bu ilin geridə qoyduğumuz hissəsində həm ölkə daxilində xərc inflyasyası, həm dünya bazarında bahalaşma, həm də dövlətin nəzarət etdiyi açar məhsulların qiymətlərinin yüksəlməsi müşahidə edilir. İqtisadiyyatda açar qiymətlər həmişə enerjidaşıyıcılarının qiymətlər hesab edilir. Enerji daşıyıcılarının isə qiymətləri vaxtaşırı olaraq hökumət tərəfəndən bahalaşdırılır.

Məsələn, ilin əvvəlində Tarif Şurasının qərarı ilə Aİ-92 oktanlı benzin 90 qəpikdən 1 manata, dizel yanacağı isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Daha sonra xaricdən idxal edilən "Aİ-95" (Premium) və "Ai-98" (Super) markalı benzinin qiyməti də bir neçə dəfə artırılıb. Belə ki, iyunun 2-də "Aİ-95"in qiyməti 1,25 manatdan 1,40 manata, "Aİ-98"in qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib. 31 iyulda bu yanacaq növlərinin qiymətində növbəti artım baş verib: "Aİ-95" 1,45 manata, "Aİ-98" isə 1,60 manata qədər bahalaşıb.

Sentyabrın 15-dən etibarən Premium və Super markalı benzinlərin qiyməti növbəti dəfə artırılır. Belə ki, "Aİ-95" benzini 1,60 manat, "Aİ-98" isə 1,90 manatdan satılacaq. Verilən izahatda qeyd olunur ki, adıçəkilən yanacaq növlərinin qiyməti dövlət tərəfindən tənzimlənmir, xaricdən idxal edilir və bahalaşmaya beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Qeyd edək ki, Azərbaycanda “Aİ-95” və “Aİ-98”  markalı benzin növləri idxal rüsumlarından və aksiz vergisindən azad olunub. İdxalçılar ölkədə istehsal olunmayan bu məhsulları əsasən Rumıniya, Rusiya və Belarusdan gətirirlər.

Sözügedən markadan olan benzinlərin istehsalına gələn ilin ikinci yarısından başlanması gözlənilir.

Məsələnin daha maraqlı tərəfi ondan ibarətdir ki, "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətləri bazar tərəfindən tənzimlənirsə, nə üçün ölkənin mindən çox yanacaqdoldurma məntəqəsində qiymətlər eyni gündə, eyni saatda və eyni məbləğdə dəyişir. Məsələn, dünən bütün informasiya vasitələri sözügedən markadan olan benzinin nə qədər bahalaşdığını elan etdi. Qiyməti bazar tərəfindən tənzimlənən məhsulun nə qədər bahalaşmasını yalnız onun satışı başlandıqdan sonra bilmək mümuündür. Buna qədər isə həmin qiymətlər barədə yalnız ehtimallar söyləmək mümkündür.

Qiyməti bazar tərəfindən tənzimlənən məhsulun digər əlaməti ondan ibarətdir ki, məhsulun qiyməti müxtəlif satış məntəqələrində fərqli olur. Sözügedən markadan olan benzinlərin isə qiyməti bütün yanacaqdoldurma məntəqəsində eynidir. Bu əlamətlər onu göstərir ki, "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətlərii heç də bazar tərəfindən deyil, ARDNŞ (SOSAR) tərəfindən tənzimlənir. ARDNŞ da dövlət şirkəti olduğundan, dolayısı ilə bu markadan olan benzinlərin də qiyməti elə dövlət tərəfindən tənzimlənmiş sayıla bilər. Bu qiymət artımları ARDNŞ-a milyonlarla manat əlavə qazanc gətirir. Ona görə də qiymətlər mütəmadi olaraq bahalaşdırılır.

Digər qaranlıq məqam ondan ibarətdir ki, ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodu artıq 6 ildir ki, təmir edilir. Hələ bir il də əlavə vaxt lazımdır ki, bu zavod "Avro-5" standartları ilə, yəni "Aİ-95" və "Aİ-98" markalı benzinlərin analoqunu istehsal edə bilsin. Əslində isə bu müddət ərzində iki neft emalı zavodu tikmək olardı. Çox güman ki, "Avro-5" standartlarına uyğun benzin istehsalının uzanması məhsulun qiymətinin formalaşdırılması ilə bağlıdır. Yəni bundan sonra da ARDNŞ "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətini vaxtaşırı olaraq bahalaşdıracaq və şirkəti qane edən qiymətlərə çatanda istehsala başlayacaq.

Akif Nəsirli

Paralel.az

0.023067951202393