Vətəndaşlar gecələr rahatlıq istəyir
Paytaxt vətəndaşları üzləşdikləri çətinliklərlə bağlı vaxtaşırı müraciətlər edirlər. Bu sırada növbəti şikayət daxili küçələrdə baş verən insidentlərdən gəlib. Paytaxt sakinləri istər gecə, istərsə də gündüz saatlarında baş verən xırda, bəzən də irimiqyaslı davaların artacağından narahatdırlar: “Mən pensiya yaşlı insanam, bir sıra xəstəlikdən və yuxusuzluqdan əziyyət çəkirəm. Gecələr yatmadığım vaxtlarda şəhərin hansısa yerindən dalbadal fişəng (bəzən bunu güllə səsi də zənn edirəm) səsi eşidirəm. Halbuki, həmin saatda heç bir bayram və təntənəli tədbir keçirilmir. Yaxud da, küçədə güclü siqnal verərək qıjıltıyla şütüyən maşın səsi, qışqıraraq oxuyan, danışan, savaşan insan səsi eşidilir. Bu vəziyyət karantinlə bağlı fövqəladə vəziyyət zamanı müvəqqəti dayanmışdı, amma indi yenə də eyni vəziyyətdir. Uzaq küçələrdə, bəzən də yaşadığım ərazidə gecələr dava-şava səsi eşidiləndə əksəriyyət pəncərədən, balkondan çıxıb baxır, amma kimsə özünə xətər yetirilməsindən ehtiyat etdiyindən çıxıb sakitlik yaratmır. Gənclərin, başqa yaş qrupunda olan şəxslərin belə hərəkətləri, insanlara narahatlıq yaratması halları dəfələrlə baş verib. Amma vəziyyət dəyişmir. Əvvəllər gecə patrulları
olardı, onlar bütün küçələrdə asayişə nəzarət edərdilər. Mərkəzi və əsas küçələrdə bu, yenə də var, amma xahiş edirəm, polis əməkdaşları gecələr bütün daxili küçələri, geniş həyətləri nəzarətdə saxlasın ki, gecələr rahatlıq tapaq. Kiminsə xəsarət alması, yaralanması, pis vəziyyətə düşməsi hamımıza ziyandır. Belə hadisələri görmək, eşitmək, narahatlıq keçirmək elə onun iştirakçısı olmaq qədər həyəcan yaradır. Bu məsələni diqqətdə saxlamağınızı xahiş edirəm”.
Nigar