Qarabağa kim investisiya qoyur?
İnvestisiya mühitinin yaradılması dövləti milyardlarla xərcdən azad edə bilər
İkinci Qarabağ savaşı nəticəsində Müzəffər Azərbaycan Ordusu Yuxarı Qarabağın bir hissəsinin və ətraf yeddi rayonu işğaldan azad edib. İndi Azərbaycanın qarşısında yeni vəzifələr meydana çıxır. Ermənilərin otuz il ərzində talan etdiyi, dağıtdığı şəhər, kənd və qəsəbələri bərpa etmək, yurd-yuvasından məcburi köçkün düşmüş əhalini öz dədə-baba yurduna qaytarmaq Azərbaycan hökumətinin ümdə vəzifələrindən birincisidir. Azərbaycan hökuməti də bu vəzifənin öhtəsindən gəlmək üçün qarşıdakı bir neçə il ərzində işğaldan azad edilmiş ərazilərin bərpa edilməsinə 30 milyard manat vəsait xərcləməyi nəzərdə tutub. Bəli, dövlət belə bir problemi aradan qaldırmaq məqsədi ilə büdcədən vəsait ayırmalıdır, öz ərazilərinin bərpası üçün investisiya qoymalıdır. Lakin bütün ərazilərin bərpa edilməsi üçün gərəkən vəsaitin hamısının dövlət büdcəsi tərəfindən təmin edilməsi müasir mərhələdə təqdir edilən məsələ deyil. Bu proses yarım əsir əvvəl baş versəydi, bəlkə də heç bir qəbahət tutan tapılmazdı.
Müasir dünyada investisiya yatrımları ənənələrinin formalaşması və inkişaf etməsinin bir töhfəsi də tikinti-quruculuq işlərində onadn asanlıqla istifəadə edilə bilməsidir. Başqa sözlə desək, biz işğaldan azad edilmiş ərazilərin bərpasına daha az vəsait xərcləməklə, daha yüksək gəlirli infrastruktur yaratmaq istəyiriksə, bu prosesə dünyanın öncül investorlarını cəlb etməliyik. Bu gün Azərbaycan mətbuatında hər gün xəbər oxuyuruq ki, filan ölkələrin şirkətlər işğaldan azad edilmiş ərazilərin bərpa edilməsində iştraka maraq göstəri. Bəziləri isə bir qədər də qabağa gedərək yazır ki, türk şirkətləri işğaldan azad edilmiş ərazilərə invemtisiya qoymaq fikrindədir və s. Həqiqət isə ondan ibarətdir ki, bu gün xarici şirkətlər Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərə qoyduğu investisiyanın icrasına maraq göstərir. Bir qədər də sadələşdirsək, hazırda xarici şirkətlər Azərbaycan hökumətinin sifarişlərini yeroinə yetirməklə pul qazanmaq fikrindədir. Bunu xarici şirkətləri Qarabağa investisiya qoyması kimi dəyərləndirmək mümkün deyil. Har hansı bir şirkət bir körpünün, yolun və ya tunelin tikintisini tenderdə udur, udduğu layihəni icra etdikdən sonra işini bitmiş hesab edir. Bu hər hansı bir şirkətin əraziyə investisiya qoyuluşu sayılmır. İnvestisiya qoyuluşu o deməkdir ki, hər hansı bir şirkət ərazidə iş qurub, pul qazanmaq istəyir. Məsələn, brendə sahiblənmiş beynəlxalq turizm şirkətlərindən biri Kəlbəcərdə turizm bazası yaratmaq istəyir. Şirkət öz vəsaiti hesabına ona lazım olan bütün infrastrukturu (otellər, restoranlar, ticarət mərkəzləri, istirahət zonaları və s.) yaradır və öz müştərilərini bu bazaya cəlb edərək gəlir əldə edir. Bu gəliri əldə etmək üçün özünə lazım olan yol infrastruktrunu, kommunikasiyaya və s. sahələrə vəsait xərclərir. Həmin sahələrdə olan problemləri şirkət öz mənfəəti üçün aradan qaldırsa da, ondan ərazidə yaşayan əhali də bəhrələnir. Digər şirkəti ərazinin kənd təsərrüfatı təyinatı maraqlandırır, üçüncüsünü alternativ və bərpa edilən enerji mənbələri, dörduncüsün faydalı qazıntılar və s. maraqlandırır. Bu maraqlar ərazinin məskunlaşmasına, infrastrukturunun qurulmasına və böyük mərkəzlərin yaranmasına səbəb olur. Bir qadar mübaliğəli desək, şirkətlər öz mənvəətləri naminə bizim əraziləri tikir-qurur, yaradır.
Hesab edirik ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin qurulması üçün məhz bu üsuldan istifadə etməlidir. Əgər hökumət bu strategiyanı hədəfləsə yaxın on ildə dünyanın böyük şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinə yüz milyarddan çox investisiya yatıra bilər. Çünki ərazinin böyük iqtisadi potensialı və cəlbediciliyi var.
Azərbaycana xarici investisiyaları cəlb etmək üçün isə qarşımızdı bir sıra çətin vəzifələr dayanır. Ölkədə investisiya mühitini yaratmaq üçün inhisarçılıq, korrupsiya və rüşvətxorluq, "kölgə iqtisadiyyatı", ikili mühasibatlıq aradan qaldırılmalı, şəffaflıq, dürüstlük, hesabatlılıq və rəqabət mühiti formalaşmalıdır. Bununla yanaşı, qanunun aliliyi, mülkiyyətin toxunulmazlığı və məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Bu problemlər aradan qaldırılsa nəyinki işğaldan azad edilmiş ərazilərə, həm də digər bölgələrimizə milyardalarla investisiya axa bilər. Bununla da hazırda hökumətin aradan qaldıra bilmədiyi əhalinin işsizlik və ağır sosial-iqtisadi durumu öz-özünə həll edilə bilər. Bu gün dünya investorlarının Azərbaycan gələn yolunu kəsən amillər yalnız yuxarıda sadaladığımız problemlərdir.
Akif Nəsirli
Paralel.az