Zorbaların, talançıların, rüşvətxor yaltaqların, ziyanverici məddah "akademiklərin" qandallanması zərurətdir

Zorbaların, talançıların, rüşvətxor yaltaqların, ziyanverici məddah
 

İdris Abbasov

Nə iqtidaram, nə də müxalifət. Heç bir vəzifə və hakimiyyət ambisiyam olmadığı üçün o işdə maraqlı olanlarla da işim yoxdur. Səhifəmin istiqaməti bütün hakimiyyətlərdə öz ampluasında olan mənəviyyatsız və xislətsiz alim-akademik-məmurların ifşasıdır. Hesab edirəm ki, hər kəs işlədiyi müəssisədə o quldurlarla əlbir olmaq əvəzinə, onların üzünə tüpürsələr, ölkə düzələr. Qənaətim budur ki, xalqın düşüncə tərzi düzəlməyincə, heç bir siyasi hakimiyyət dəyişikliyinin faydası ola bilməz. Özüm 10 minlik alim kontingentinin içində işləyirəm. Fakt göz qarşısındadır. "Alim" adlı bu insanların təfəkkür tərzi ilə tanış olanda yalnız Sabirin "Zülmətsevər insanlarıq üç-beş yaşımızdan" misraları yada düşür. İndi ölkədə tənqid etmək üçün şərait yaranıb. Niyə susurlar alimlər, akademiklər, ziyalılar? Niyə gözlərinin qarşısında baş verənləri dilə gətirmirlər? Nə üçün üzdə ölkə başçısını tərifləyib, arxada ayaq altını qazırlar? Çünki qorxurlar ki, qarşılarında gözükölgəli olduqları ağaları onların qulağını kəsər. Belə qorxaq, gözükölgəli, avam, dar dünyagörüşlülərlə hakimiyyət dəyişikliyi arzulamaq xalqın olub-qalanını da məhv etməyi arzulamaqdır. Dəyişikliklərə qapalı, kar, kor və lal olan ziyalı kütləsinin ətaləti müqabilində xalqın tərpənişi xaosdur.
İllərdir işlədiyim qurum rəhbərliyinin neqativlərini ardıcıl tənqid edirəm. Lazımi effektin alınmaması tək olmağımla əlaqədardır. Çünki 1 nəfər danışır, 1000 nəfər gizlində gileylənsə də, üzdə ikiüzlülük edib susur, razılıq edir, əvəzində oğurluğa, əliəyriliyə üstünlük verir. Mənəviyyatı qanlı yemə boyanmış belə varlıqları yalnız çoxlu maddiyyata sahib olmaq düşündürür.
Dünən iki alim həmkar mənə zəng edib deyir ki, səni hələ işdən qovmayıblar? Niyə qovmalıdırlar ki, ay alimi-biəməl? Haqlı tənqid yazdığım üçün? Ən əttökəni odur ki, belə qafa ilə hökmdarı bəyənmirlər.
Mənim kimi şəxs üçün bu gün kimin Prezident olmasının heç bir təfavütü yoxdur. Anlayışım ondan ibarətdir ki, xalq necə istəsə, hökmdar da elə idarə edəcək. Niyə? Çünki düzəlmək fikri olmayan xalqı heç bir hökmdar düzəldə bilməz. İslah olmaq istəməyən minlərlə alim-akademik kütləsini kimsə islah edə bilməz.
Tez-tez hakimiyyət dəyişikliyi dürüst, həyalı, halal, vicdanlı vətəndaşlar üçün növbəti zülm və işgəncə, biclər, karyeristlər, çoxbilmişlər, oğrular, quldurlar və rüşvətxorlar üçün isə ideal fürsət olur. Aldanan, ortada qalan yenə sadə xalq olur.
Bunu yazmağa nə vadar etdi məni? Bayaq Prezidentin yaxşı bir deyimini paylaşmışdım, bir-iki nəfər gülüş smayliki qoyub, hədyan yazmışdı. Sildim və bəzilərini blokladım. Səhifəmi siyasi ambisiyalar üçün seçməmişəm. Arzum ölkədə şəffaflığın yaradılması və sivil cəmiyyətin qurulmasıdır. Bu gün İlham Əliyev bir Prezident, bir başçı kimi bu nailiyyətlərə imza atacaqsa (təbii ki, bu, xalqın dəstəyi və funksionallığı ilə mümkündür), Azərbaycan tarixində adı qızıl hərflərlə həkk olunacaq. Çünki qanunların ali olduğu sivil cəmiyyətə nail olmaq, hesab edirəm ki, dünya üzərində qələbədir!
Bu yolda atılan hər bir addımı bütün varlığımla dəstəkləyirəm! Zorbaların, talançıların, yaltaqların qandallanması istiqamətindəki cüzi addımları belə, bir vətəndaş kimi təqdir edirəm və təəssüf edirəm ki, xalq kimi, ziyalı kimi bu addımları lazımınca dəstəkləyə bilmirik. Yəni şansı dəyərləndirmək əvəzinə, rahatca oturub lağ-lağı edirik. 10 minlərlə alim ağzına su alıb durub baxır. Bu isə ölkədə gedın prosesləri xeyli çətinləşdirir.
Bu günkü yaltaq, alıb-aldatmağa başı qarışan, qarnını otaran ziyalıların sayəsində yalnız mənəvi tənəzzülə nail olmaq olar. Bizlərin kəsaləti, ətaləti üzündən yaranmış real mənzərəni seyr etdikcə ölkəni idarə etməyin nə qədər çətin olduğu aydın görünür. Tarix məsuliyyətdən boyun qaçıran "böyük" alimlərin, "dəyərli" ziyalıların, "möhtəşəm" akademklərin pis sifətlərinə tüpürəcək. Axı yaltaqlıqla iş keçmir.
Allahdan, vicdanınızdan, xalqa, dövlətə xəyanətdən deyil, qidalandığınız, yanbızını yaladığınız cani məmurların ifşasından çoxmu qorxursunuz? Əvəzində guya Prezidentə mədhiyyə deməklə pərdələndiyinizi sanırsınız? Onsuz yüz oyun oynasanız da, oğurluğunuz, korrupsiya və rüşvətiniz öz aləminizdə tərif edib aldatdığınızı sandığınız Prezidentə, dövlətə, xalqa ən böyük xəyanətdir. Ona görə də mədhiyyələriniz sizi xilas etməyəcək. Xəyanət və satqınlığınızı malalaya bilməyəcəksiniz. Dinamik əməlləriniz sakit durmur, dil açıb danışır və sizi rüsvay edir. Açılacaq çox mətləblər var...
PS. Bu gün özünü dar çevrədə haqq tərəfdarı kimi qələmə vermək istəyən bəzi fürsətcil, əqidəsi oğurluq və rüşvətlə yoğrulmuş alimi-biəməllər öz iri oğurluq əməllərini həyata keçirmək üçün məqam gözləyirlər. Elələrinin qazanc yolu ciddi təftiş predmeti olmalıdır. Öz aləmlərində dövləti, xalqı aldadırlar. Bəsdir, bu xalqı, dövləti avam yerinə qoydunuz! Ən kiçik oğurluqlar belə, ifşa olunmalıdır!

Paralel.az

0.049342155456543