Suvarma sistemlərindən ekoloji zərbə
Kanallar və selləmə suvarma əkinəyararlı torpaqları sıradan çıxarır
Ölkənin torpaq ehtiyatları onun inkişafının, varlığının və potensial imkanlarının əsas elementlərindən biridir. Elə bu səbəbdən də tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında mübahisələr və qarşıdurmalar baş verib.
Respublikamız müstəqilliyini elan etdikdən sonra onun siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində keyfiyyət dəyişikliklərinin şahidi olduq. O cümlədən, torpaq üzərində vahid dövlət mülkiyyət forması ilə yanaşı, xüsusi və bələdiyyə mülkiyyət hüquqları da qanunvericiliklə təsbit edilib.
Bəlli olduğu kimi, torpaq yerin üst münbit qatı olmaqla aqrar sahənin əsas istehsal vasitəsidir. Azərbaycanda təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün ilboyu becərilməsinə imkan versə də, torpaq fondunun yalnız 55,2 faizi kənd təsərrüfatına yararlıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaqların əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan, burada suvarma sistemlərini tətbiq etmədən kənd təsərrüfatı məhsulları istehsalı etmək qeyri-mümkündür. Ölkənin suvarılan torpaqlarının əsas hissəsi Aran, Mil-Muğan, Şirvan-Salyan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Digər iqtisadi rayonlarda isə suvarılan torpaqların sahəsi məhduddur.
O ki qaldı suvarma sistemlərinə, Azərbaycanda hazırda fəaliyyətdə olan suötürmə və suvarma sistemləri münbit kənd təsərrüfatı təyinatlı torpaqlarımızı ildən-ilə daha çox deqrasiyaya uğradır. Bunun da özəl səbəbləri var. Dünyada kənd təsərrüfatı təyinatlı torpaqlar suvarılır, amma bu suvarma və suötürmə torpaqların keyfiyyəti azalmır, əksinə məhsuldarlığın yüksəldilməsinə yardımçı olur.
Azərbaycanda suötrücü iri su kanalları şəbəkəsinin əksər hissəsi torpaq yatağı ilə çəkildiyindən suyun 30-40 faizi torpağa filtirasiya olunaraq ətraf ərazilərdə qrunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Bu da şoranlaşmaya səbəb olur. Suvarılan torpaqlara su ötürmək üçün nəzərdə tutulan kanallardan yalnız baş kanallar betonlaşdırılıb. Onların da əksəriyyətinin istismar müddəti başa çatıb. Betonun sıradan çıxdığı ərazilərdə isə su ətrafa süzülür. Baş karanllardan ayrılan yardımçı-paylayıcı kanalların 90 faizdən çoxu torpaq özüllü kanallardır. Yəni əsas problem aparıcı kanalların torpaq özüllü olmasıdır. Orada su filtrasiya olunduğundan ətraf ərazilərdəki torpaqları şoranlaşdırır, digər tərəfdən isə su itkiyə gedərək suvarılan torpaqları su ilə tam doyuzdura bilmir. Suvarma mövsümündə qrunt sularını daşıyan drenaj şəbəkəsində suyun bollaşması, məhz suvarma suyunun filtirasiya səviyyəsinin göstəricisidir. Bu problemi aradan qaldırmaq üçün ölkənin suvarılan torpaqlarına su ötürən şəbəkənin boru kəməri ilə əvəz olunması lazımdır. Bu halda su nə torpağa filtirasiya olunar, nə də buxarlanar, nəticədə ötürülən suyun həcmi iki dəfə arta bilər. Yəni suötürücü kanalların kəmərlərlə əvəz edilməsi hər iki tərəfdən, həm ekoloji, həm də iqtisadi cəhətdən səmərəlidir. Hər il "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təxminən büdcədən bir milyard manat vəsait ayrılır. Həmin vəsaitin 20-30 faizi su kanallarının borularla əvəzlənməsinə xərclənsə, bir neçə ilə ölkənin bütün aparıcı su kanallarını borularla əvəz etmək olar. Borular vasitəsi ilə su ötrülməsinin faydalarından biri də ondan ibarətdir ki, relyefdən asılı olaraq su çatmayan ərazilərə belə, boruyla su aparmaq mümkün olur.
Ölkənin torpaq fonduna suvarma ilə bağlı dəyən zərərin biri də suvarma metodları ilə bağlıdır. Demək olar ki, ölkənin bütün suvarılan torpaqları selləmə suvarma üsulu ilə suvarılır. Bu da ekoloji baxımdan torpağı ildən-ilə sıradan çıxarır. Selləmə suvarma yuxarıda suötrücü kanallarla əlaqədar qeyd etdiyimiz eyni filtirasiya effektini verir. Yəni, su sahəyə selləmə buraxılır, torpaq su ilə döyaraq, suyun artıq hissəsi yerin aşağı qatlarına süzür. Bu torpağın təbii direnaj qabiliyyətidir. Yerin təkinə filtirasiya edilən su ərazidə qrunt sularının səviyyəsini qaldırır. Nəticədə torpaq səviyyəsi nisbətən aşağı olan ərazilərdə qrunt suları torpağın yuxarı qatlarına qalxır. Həmin qrunt suları özü ilə birlikdə yerin təkindəki zərərli duzları torpağın humus qatına qaldırır. Bu da bitkilərin kök sistemini sıradan çıxarır, torpaq isə şoranlaşmağa başlayır. Proses ildən ilə daha geniş vüsət alaraq ölkəinin bütün suvarılan torpaqlarını əhatə edir. Elə bu səbəbdən də, bütün kənd təsərrüfatı məhsulları hər il üzrə məhsuldarlıq hər il daha da aşağı düşür.
Prosesin qarşısını almaq üçün dünyanın qabaqcıl texnologiyalarına əsaslanan suvarma sistemlərinin qurulması vacibdir. Burada söhbət suvarmanın yağış-damcı üsulundan gedir. Bu üsul bir qədər maliyyə tutumlu olduğundan Azərbaycan fermeri müstəqil şəkildə bu cür suvarma sistemini qura bilmir. Ona görə, bu işə dövlətin dəstəyi vacibdir. Çünki bu üsulun tətbiqinin həm iqtisadi, həm də ekoloji faydası var. Yağış-damcı üsulu ilə suvarma zamanı həm bitkinin məhsuldarlığı artır, həm torpağın strukturu yaxşılaşır, həm də suvarma suyuna 50-70 faiz qənaət edilir. Yəni, bu, o deməkdir ki, ölkədə suötrücü kanallar borularla əvəz olunsa və suvarma yağış-damcı üsulu ilə həyata keçirilsə, ölkədə nə su problemi yaşanar, nə də torpaq fondu suvarmadan ekoloji zərbə alar.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub