İşğaldan azad edilmiş ərazilərin bərpasında ÜTT-nin potensialından bəhrələnmək olardı
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələrilə hələ 17 bil əvvəl başlamış danışıqların uzun fasilədən sonra bu ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar pandemiyaya görə dayandırılmışdı. Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır. Qeyd edək ki, Azərbaycan ÜTT üzvlüklə bağlı 25 ilə yaxındır danışıqlara başlayıb, ancaq ciddi nəticə olmayıb və bu isə ölkə iqtisadiyyatına öz təsirini göstərir. 2018-ci ilin avqust ayına dünya ticarətinin 97%-indən artıq hissəsinə malik olan 164 ölkə bu təşkilatın üzvüdür. Ən son təşkilata qoşulan dövlət Əfqanıstandır (iyul 2016-cı il). Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan təşkilata ilk olaraq üzv olublar. Ukrayna 2008-ci ildə, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə ÜTT-yə üzv olublar. ÜTT üzvlüyünə maraqlı olan dövlətlər aşağıdakı məsələlərdən birini, bir neçəsini və ya hamısı hədəfləyə bilər: - Struktur islahatlar daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsi - Mərkəzi planlaşdırma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid - İqtisadiyyatın dar əmtəə çeşidindən asılılığının azaldılması istiqamətində diversifikasiyası (şaxələnjirmə) - Müstəqillik əldə olunduqdan sonra dövlət quruculuğu prosesi - Münaqişədən sonra bərpa - Regional inteqrasiya təşəbbüsü istiqamətində irəliləyiş Göründüyü kimi, müstəqil rakursdan yanaşsaq, Azərbaycanın bütün istiqamətlərə ehtiyacı var. Əsasən də münaqişədən sonra bərpa, bazar iqtisadiyyatına keçid, regional inteqrasiya və iqtisadi islahağlar bizim üçün daha vacibdir. Amma gəlin görək, hökumət bunları həyata keçirməkdə maraqlıdırmı? Məsələn, biz struktur islahatları həyata keçirib, bazar iqtisadiyyatının bütün prinsiplərini işlək mexanizm halına gətirmək fikrinə düşsək, onda inhisarçılıqla mübarizədə uğur qazanmalı, onları sıradan çıxarmalıyıq. Lakin görəndə ki, bu inhisarlar hamısı dövlət məmurlarına məxsusdu, elə isə onlarla kim mübarizə apara biləcək? Əlbəttə, bu suala cavab tapmaq çətindir. Mübahisə doğuran məsələlərdən biri də, qanunvericilikdə bir sıra dəyişikliklərin aparılmasıdır. Məsələn, ÜTT ölkələri tələb edir ki, qanunvericilik elə dəyişdirilməlidir ki, üzv ölkələrə məxsus bütün şirkətlər Azərbaycanda sərbəst fəaliyyət göstərə bilsin. Belə olsa, Azərbaycanın əksər şirkətləri müflisləşər, onların yerini bütün sahələrdə xarici firmalar tutar. Çünki şirkətlərimizin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün subyektlərimizin rəqabətə davamiyyəti yoxdur. Azərbaycana bir transmilli bank və bir transmilli sığorta şirkəti sərbəst daxil ola bilsə, bizim bütün banklarımız və sığorta şirkətlərimiz rəqabətdə onlara uduzar,, digər sahələr də bunun kimidir. Kənd təsərrüfatına subsidyaların ayrılmasına gəldikdə isə ÜTT hər cür subsidyanın əleyhinədir. Çünki subsidyalar da rəqabət mühitini zədələyən amil kimi dəyərləndirilir. Amma Azərbaycan aqrar sahənin zəif inkişafını sübut etməklə, bu sahəyə subsidya ayırmaqla da təşkilata üzv ola bilər. Lakin təşkilat göz altına alır ki, ölkədə aqrar sahəyə ayrılan subsidyaların da korrupsiya yolu ilə mənimsənilməsi onun səmərəlilik səviyyəsini aşağı salmaqla, subsidyalaşmanı sonsuza qədər uzada bilər. Məhz, ÜTT bu amili nəzərə alaraq subsidyalaşmanı dayandırmağı Azərbaycanın qarşısına şərt kimi qoyub. ÜTT-nin şərtləri daxilində bununla bağlı birbaşa bəndlər olmasa da, Azərbaycanın üzvlüyə gedən yolunu əngəlləyən ən böyük manie ölkədə korrupsiyanın və rüşvətxorluğun çiçəklənməsi, eyni zamanda, "kölgə iqtisadiyyatı"nın xüsusi çəkisinin çoxluğu və dürstlüyün, hesabatlılığın olmamasıdır. Göründüyü kimi, illərlə ÜTT üzvlüynə özümüz, hökumət olaraq, etinasız yanaşmışıq - bunu əhəmiyyətsiz məsələ kimi qiymətləndirmişik, indi isə işğaldan azad edilmiş ərazilərin bərpasında təşkilata üzvlükdən bəhrələnməyin mümkünlüyünü hiss edib, məsələni yenidən aktuallaşdırmağa çalışırıq. Problemlər illərlə qalaqlanıb, həll edilməmiş qalıb. Ona görə də Azərbaycanın yaxın zamanlarda bu təşkilata üzv qəbul ediləcəyinə inam çox azdır.
Akif Nəsirli
Paralel.az