“Şamaxinka”da mini-yarmarka açılıb

“Şamaxinka”da mini-yarmarka açılıb
 
Dolanışığın çətin olduğu, işsizliyin tüğyan etdiyi, bir yandan da dünyanı ağuşuna almış əsrin bəlası pandemiya şəraitində insanlarımızın qazanc yerlərinə hansısa formada əngəl olmaq kimi bir amacımız yoxdur. Əksinə, sevinirik ki, hardasa bir yoxsul axşam yolunu gözləyən övladına çörək alıb apara bilir. Şəkildə gördüyünüz bu gənclər kimi. Sevindiricidir ki, bəzi həmyaşıdlarından fərqli olaraq küçə ticarətiylə məşğul olub istidə, soyuqda saatlarla ayaq üstə çalışan bu gənclər halal zəhmətlə pul qazanır, başqaları kimi, oğurluq, soyğunçuluq etmir, cəmiyyətin genefondunu məhv edən narkotika satmır və çəkmir. Amma...
Əmması da odur ki, “Şamaxinka” kimi tanınan bu ərazidə küçə ticarətiylə məşğul olan bu şəxslər satış obyekti kimi insanların istifadə etdiyi səkini seçiblər. Ayyarım olar ki, fəaliyyət göstərirlər. Əvvəllər meyvə-tərəvəzi və yeşikləri dayanacağın sol tərəfinə düzmüşdülər, sonra yavaş-yavaş yerlərini səkinin dar yerinə çəkməklə faktiki gediş-gəliş yolunu bağlayıblar. İndi insanlar burdan keçmək üçün mütləq maşın yoluna düşməlidir ki, bu da həm avtomobillərin hərəkətinə maneə yaradır, həm də həyat üçün təhlükəlidir. Adətən belə hallara əraziyə nəzarət edən polislər müdaxilə edir.
Gündəlik istifadə etdiyim dayanacaq olduğundan fikir vermişəm, bir polis belə onlara yaxınlaşmır. Mini yarmarkanı xatırladan “obyekti” işlədənlərin sərbəstliyindən anlamaq olur ki, bəzən haqq vermədiyinə görə vedrə ticarətiylə ailəsini dolandıran yaşlı qadınları sürüyərək ərazidən qovan asayiş keşikçilərinin töycüsü vaxtlı-vaxtında verilir. 
Hesab edirik ki, azı üç ailəni çörəksiz qoymamaq, eyni zamanda insanların rahat gediş-gəlişini təmin etmək üçün onları dayanacağın sol tərəfindəki geniş əraziyə qaytarmaq daha yaxşı olar.
         
           
Səma
0.052991151809692