Çay istehsalı yerlı tələbatın 5 faizi qədərdi
Sovetlər dönəmində isə bu göstərici 20 dəfə çox - tələbatın 100 faizi həcmində olub
Paralel.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 36 milyon 946 min ABŞ dolları dəyərində 8 732 ton çay idxal edib.
Dövlət Gömrük Komitəsi bildirir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 887 min ABŞ dolları (8,4 %) və 330 ton (3,9 %) çoxdur. Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0, 59 %-ini təşkil edir.
Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı, Zaqatala, Qax və Balakəndə yetişdirilirdi. Hazırda Zaqatala, Qax və Balakən rayonlarında demək olar ki, çay yetişdirilmir, plantisiyalar məhv edilərək, yerində müxtəlif növ bağ salınıb. Halbuki, Zaqatala rayonunda yetişdirilən çay Şir-Lankanın Darcilink yamaclarında yetişdirilən, dünyaca məşhur olan Seylon çayından daha keyfiyyətli olduğu üçün sovetlər dönəmində həmin rayonun çayı yalnız ixracat üçün nəzərdə tutulurdu.
Hazırda çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay istehlak edilir. Bunun cəmi 5 faizi, yəni 500 tonu ölkədə istehsal olunur.
Halbuki, Azərbaycan yerli tələbat qədər çay istehsal etmək potensialına malikdir, bunu sovetlər dönəmində nümayiş etdirib. Daxili istehsalın zəifləməsə səbəbi ilə hər il çay idxalına 40-50 milyon ABŞ dolları vəsait ölkədən çıxılır. Halbuki, hər il çay plantasiyalarının genişləndirilməsinə bircə milyon dollar ayırsaq, ildə 100 hektar çay plantasiyası salmaq mümkündür. Cəmin 2-3 ildən sonra həmin plantasiyalar tam gücü ilə məhsul verə bilər.
Ekspertlərin fikrincə 1 hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.
Akif Nəsirli