Xəstəlikdən sonra itirilən saçları necə bərpa etmək olar?
Paralel.az xəbər verir ki, Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları necə bərpa etməyin yollarını açıqlayıb.
Mütəxəssisin fikirlərini “RİA Novosti” agentliyi dərc edib.
Endokrinoloq qeyd edib ki, pandemiyaya yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər.
Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır.
Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir.
“Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir”, - deyə tibb elmləri namizədi vurğulayıb.
Mütəxəssis həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdir.