Beyləqan rayonu 37 saylı TSEK - Leyla Nəsirovanın fəaliyyətinə dair şikayətlər daxil olub
Bu günlərdə redaksiyamıza Beyləqan və Füzuli rayonları üzrə 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Leylan Nəsirovanın fəaliyyətinə dair şikayətlər daxil olub. Məlumatlarda bildirirlir ki, sözü gedən TSEK-də hədsiz özbaşınalıqlar hökm sürür. Bəzi mənbələrin iddiasına görə qurumda vəziyyət dözülməz həddə çatıb. Məlumatı qəzetimizə verən mənbə bilidirir ki, 37 saylı TSEK-də vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi “tariflər cədvəli” təyin olunub.Qeyd etmək lazımdır ki, son vaxtlar ümumiyyətlə bölgələrdə fəaliyyət göstərən bir çox Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan məlumatlarda da Beyləqan rayonu ərazisində yerləşən 37 saylı tibbi-sosial ekspert komissiyasının fəaliyyəti barədə bir sıra maraqlı məqamlar öz əksini tapır. Bildirilir ki, 37 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Qeyd edək ki, son vaxtlar bir çox mətbuat səhifələrində 37 saylı TSEK-in sədri Leylan Nəsirovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar dərc olunmaqdadır. Belə materiallardan əksəriyyətində bildirilir ki, 37 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə isə Beyləqan və Füzuli rayonları üzrə 37 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq bu rayonların sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 37 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 1000 manat, III qrup üçün isə 800 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Aldığımız şikayət məktublarından birində deyilir: “Baxmayaraq ki,ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir,yenə də 37 saylı TSEK- in sədri Leylan Nəsirova özünün saxtakarlığından və korrupsiya əməllərindən əl çəkmək istəmir.Azərbaycan qanunları bu TSEK- də işləmir. Artıq 37 saylı TSEK-də vəziyyət dözülməz hal alıb. Beyləqan və Füzulidə hər kəsə bəllidir ki,onun gördüyü işlərin hamısı saxtakarlıq və rüşvər üzərində qurulub. Hansı ki, pul verməyən, həqiqətən xəstəliyi olan adamlar TSEK rəhbərinin qəzəbinə tuş gəlib, süründürməçiliyə məruz qalırlar. Belə vəziyyətdə sağlam və iş qabiliyyətli şəxslər isə pul müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri əlillik qruplarını ala bilirlər...” Qeyd edək ki, bu kimi ittihamlar hazırda Beyləqan və Füzuli rayonlarından ən müxtəlif instansiyalara ünvanlanan məktublarda irəli sürülməkdədir. Lakin bütün bunlara baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyatı olan qurumlar tərəfindən Leylan Nəsirovanın əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülmür.