Ekoloq Rauf Sultanov: "Yer kürəsində baş verən bütün proseslər Günəş sistemi ilə birbaşa əlaqəlidir"

Ekoloq Rauf Sultanov:
 

Avqust ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir.

Keçən ilin avqust ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə, hətta 10 dərəcə təşkil edir. Belə ki, temperaturun pik həddə olması bir çox insanda xüsusilə, yaşlı nəsilin səhhətlərində problemlərə yol açır. Nəzərə alsaq ki, pandemiya şəraiti davam etdiyi üçün, avtobus və metrolarda tibbi maskadan istifadə etmək məcburidir və buna görə də insanlar nəfəs almaqda çətinlik çəkir.

Maraqlıdır, isti hava şəraiti nə qədər davam edəcək? Temperaturun yüksək dərəcədə olması hansı fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı fikirlərini media ilə bölüşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmlər doktoru, ekoloq Rauf Sultanov bildirib ki, Azərbaycanda havanın temperaturunun belə yüksək dərəcədə olmasının səbəbi ölkəmizin təbii coğrafi və iqlim şəraiti ilə əlaqədardır:

“Həmçinin, Günəş sistemində gedən proseslər də buna təsir edən amillərdəndir. Ümumiyyətlə, Azərbaycanda həmişə iyul-avqust aylarında istilər yüksək olur, amma bu dəfə temperatur əvvəlki illərə nisbətən 4-5 dərəcə artıq oldu. Proqnozlora görə, bu proses avqust ayın 15-nə kimi davam edəcək. Əlbəttə, bu, təbii bir prosesdir, lakin insanlar belə hava şəraitində özlərini bir qədər narahat hiss edir. Havanın isti olması su problem yaratdığı üçün kənd təsərrüfatına və bitkilərin becərilməsinə də mənfi təsir göstərir. Lakin bütün bunlar müvəqqəti xarakter daşıyır. Çünki bir neçə həftədən sonra yağışlı havalar başlayacaq və çaylarda su çoxalacaq. Qeyd edim ki, istilər nə qədər çox olarsa, bir o qədər də su buxarlanar. Adətən yay isti keçəndə qış soyuq olur. Bu isə o deməkdir ki, qış nə qədər sərt keçərsə, o qədər də kənd təsərrüfatı məhsulları bol olur. Həmçinin, istilərin çox olması payızda yağışların çox yağmasına səbəb olur. Azərbaycanda olan su problemini nəzərə alsaq görərik ki, istilərin düşməsi respublikamıza çox böyük təsir göstərir. Yer kürəsində baş verən bütün proseslər Günəş sistemi ilə birbaşa əlaqəlidir. İstilərdən sonra yağışların yağması, havanın mülayimləşməsi təbiətin özünü bərpa etmə xüsusiyyəti ilə bağlıdır”.

Elmir Kərimli

0.10541009902954