Neftin qiymətləri ÜDM-i 3% artırdı

Neftin qiymətləri ÜDM-i 3% artırdı
 

Paralel.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47,26 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5,3 % arıb

Ekspertlərin fikrincə, ÜDM-də 2,7 faizlik artım Azərbaycan ixracatının 90 faizini təşkil edən xam neftdən gələn vəsaitlər formalaşdırıb. Ötən ilin eyni dövründə dünyada və Azərbaycanda pandemiya səbəbindən sərt karantin rejimi tətbiq edilmişdir. Ona görə də dünya bazarında xam neftin qiyməti 15-20 dollar qədər ucuzlaşdı. Bu ucuzlaşma hesabına həmin vaxt Azərbaycanda ÜDM-in səviyyəsi kəskin olaraq aşağı düşdü və ölkə iqtisadiyyatı ili 5 faiz zərərlə başa vurdu.

Lakin ötən ilin sonları, bu ilin əvvəllərindən başlayaraq sərt karantin rejiminin yumşalması dünya iqtisadiyyatının dirçəlməsinə, o isə öz növbəsində dünya bazarında xam neftin bahalaşmasına səbəb oldu. Bu ilin 7 ayının nəticələrinə görə dünya bazarında Azərbaycan neftinin orta qiyməti 62 dollar olub. Ötən il isə bu göstərici təxminən 41 dollara bərabər idi. Hazırda Azərbaycan nefti dünya bazarında 70,17 dollara ticarət edilir.

Müqayisə üçün qeyd edək ki, xam neftin ÜDM-də payı 30 faizdən çox olmasına rəbmən, ticarət üzrə bu göstərici 10,3, kənd təsərrüfatında isə 6,5 faiz təşkil edir.

Bütün bu deyilənlərə yekun vuraraq qeyd edirik ki, Azərbaycanda ÜDM-in 2,7 faiz artımı yalnız xam neftin qiymətinin bahalaşması ilə bağlıdır.

Xatırladaq ki, "Azeri LT CIF" markalı Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları) qeydə alınıb

 

Akif Nəsirli

0.025508880615234