Bərdə uşaq bağçasının müdiri mətbuata səslənib
Elektron poçtumuza Bərdə rayonu 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədovadan müraciət daxil olub. Mediaya ünvanlanan müraciətdən bəzi hissələri təqdim edirik: ”Biz dövlətimizin apardığı uğurlu, məqsədyönlü siyasətin həyata keçirilməsi üçün vətəndaşlıq borcumuzdan layiqincə çıxırıq. Eyni zamanda, “Qanun şahdır” prinsipi ilə fəaliyyətimizi davam etdirməklə heç bir qeyri-qanuni hərəkətlərə rəvac verən addımlar atmırıq. Məhz bundan əndişələnən reketçi media qurumları, dırnaqarası “jurnalistlər” daha da aqressivləşir, pul-para, asan maddi gəlir qazanmaları üçün hətta dövlətin həyata keçirdiyi siyasətin reallaşdırılmasında xidmətləri olan insanlara böhtanlar atırlar. Söz yox ki, bu məsələlərlə bağlı məhkəmələrimiz, müvafiq media qurumlarımız mövcuddur. Dəfələrlə Mətbuat Şurasının qara siyahılarında yer alan belə dırnaqarası “KİV” rəhbərləri hələ də hansı cinayətkar əməllərə yol verdiklərinin fərqinə varmırlar. Bu baxımdan, istər Bərdə RİH, istərsə də şəxsim barədə şərləmə kampaniyaları aparanlarla məhkəmədə görüşmək üçün kifayət qədər zəmin yaranıb. Dövlətimizin ədalətli qərarlar çıxaran məhkəmə sistemi mövcuddur və əminəm ki, reketçiliklə məşğul olanlar, əllərində heç bir faktları, sübutları olmayan təsadüfi adamlar hakim qarşısında cavab verməli olacaqlar”.
L.Məmmədova bildirib ki, o, Bərdə rayonunda fəaliyyət göstərdiyi üçün rayonun RİH rəhbərliyindən müvafiq tapşırıqlar alır və onları icra edir: “Mənim heç bir vəzifədə gözüm olmayıb və yoxdur. Əgər mənlə bağlı körpələr evinə, uşaq bağçasına rəhbərlik etmək qərarı verilibsə, bu qərarı icra etmək mənim birmənalı vəzifəmdir. Çalışırıq ki, fəaliyyətimizi nöqsanlarsız, uğurla reallaşdıraq. Belə olanda isə qaranlıq qüvvələr dərhal ikrah hissi yaradan işləri ilə bizi, məni qaralamağa cəhd edirlər”.
L.Məmmədova qeyd edib ki, Bərdədəki uşaq bağçaları bərbad vəziyyətdən çıxarılaraq ən müasir standartlar vəziyyətinə gətirilib.
Uşaqların qidalanmalarından başlayaraq, onların gigiyenası və s.məsələlərə qədər bütün həssas faktorlara incəliklə yanaşılıb. Həmçinin, Bərdə RİH rəhbərinin təşəbbüsü, dəstəyi ilə daha böyük planların həyata keçirilməsi üzrə işlər aparılır: “İndi bunların hər birinə necə deyərlər, bir “əmma” qoymağın özü inkişafın, tərəqqinin qarşısına səddin qoyulması anlamını daşımırmı? Hesab edirəm ki, hüquqi çərçivədə bu da nəzərə alınmalıdır, çünki inkişafa qarşı çıxmaq həm də dövlət siyasətinə qarşı çıxmaq deməkdir. Haqqımda yazılan böhtanlara, şərlərə görə məhkəməyə müraciət etmək qərarına gəlmişəm, buyursunlar, indi də yazdıqlarını sübut etsinlər”.
Nigar