Gender problemi və biz
Kişi-qadın bərabərliyində maariflənmənin rolu
İstənilən cəmiyyətin tərkibi qadın və kişilərdən ibarətdir. Bu cinslər arasında dəyişməz bioloji və fizioloji fərqlər mövcuddur. Amma, bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer də, sabit olaraq qalmalıdır. Bununla belə, insanın yaranışından keçən dövrü ərzində bu iki cins arasında münasibətlər hər zaman eyni olmayıb. Bəşəriyyət inkişaf etdikcə, bu münasibətlər də dəyişərək, müəyyən sistem halına salınıb. Dövlətlər, sivilizasiya inkişaf etdikcə, cəmiyyətdə qadınların və kişilərin bərabərlik prinsipləri daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Qadınlar öz hüquqlarının və bərabərliyinin bərqərar olması üçün müxtəlif hərəkatlar yaradıblar və nəhayətdə bir çox dünya dövlətlərində cəmiyyətin bərabərhüquqlu üzvünə çevriliblər.
Dünyada qadın hərəkatının tarixi, bu sahədə əldə edilən nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolu da sürətlə dəyişib. Qadınlar cəmiyyət həyatının bütün sahələrində öz imkan və bacarıqlarını nümayiş etdirməyə nail olublar. Yeni texnoloji nailiyyətlər isə qadınlara həm məişətdə, həm də istehsalatda oynadığı rolu daha da genişləndirimək imkanı qazandırıb. Ötən əsrin sonlarında isə "Gender" anlayışı formalaşdı ki, bunu da sosioloqlar "Sosial Cins" kimi xarakterizə edirlər. İki əsrə yaxındır dünya xalqlarının leksikonuna gətirilən "gender" anlayışının əsasında da qadın hərəkatları durur. Bu terminin bir çox tərifi məlumdur. Lakin ümumiləşdirilmiş şəkildə "gender" anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur - qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.
Azərbaycanda gender problemi, yəni qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi məsələsi 103 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründən başlayıb. Belə ki, AXC hakimiyyəti Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanıyıb. Kişilərlə bərabər qadınlar da səsvermədə və cəmiyyət problemlərinin həllində iştirak eməyə başlayıblar. AXC-nin varisi olan Azərbaycan Respublikası da gender məsələsinə olduqca həssas yanaşır. Bunun nəticəsidir ki, ölkəmizdə əsasən qadın hüquqlarının qorunması missiyasını daşıyan ayrıca bir dövlət qurumu - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Komitə ölkə qadınlarının yaşadığı ən müxtəlif problemləri çox ciddi şəkildə çözməyə çalışır və bu əksər hallarda öz bəhrəsini verir.
Bununla yanaşı ölkəmiz 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub və bu konvensiyalardan doğan vəzifələri uğurla həyata keçirir. Bununla yanaşı gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasını özündə əks etdirən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" Qanun 2006-cı ildə qəbul edilib.
Eyni zamanda, ölkə Konstitusiyasında və digər bır sıra hüquqi nörmativ sənədlərdə qadın hüquqlarının qorunması geniş şəkildə təsbit edilib.
Lakin cəmiyyətdə gender bərabərliyinin bərqərar olması üçün qanunlar, digər hüquqi-normativ sənədlər, beynəlxalq konvensiyalar və s. kifayət etmir. Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi üçün iş iki istiqamətdə aparılmalıdır - hüquqi-normativ və mənəvi-əxlaqi. Yuxarıda sadaladığımız məsələlər Hüquqi-normativ kateqoriyasına aiddir ki, bu kateqoriyadakı vəzifələri dövlət orqanları qanuna əsaslanaraq həyata keçirir.
Mənəvi-əxlaqi kateqoriyaya daxil olan məsələlərin meyarı isə bir qədər mücərrəd və nisbi görünən əxlaqdır. Bir qədər konkretləşdirsək, Azərbaycan cəmiyyətində gender əsaslı problemlərin həllində vətəndaş cəmiyyəti təbliğatına böyük ehtiyac var. Düzdür, bir sıra vətəndaş cəmiyyəti təşkilatları var ki, qadın problemləri ilə birbaşa məşğuldur, onlara mənəvi-psixoloji yardım göstərir, problemli qadınlara sığınacaq verir və s. Bunlar, artıq problem ortada görünəndən, nəticə verəndən sonra baş verir. Lakin problemlərin baş verməsinə qədərki mərhələni bir tendensiya olaraq araşdırmaq və buna uyğun önləyici tədbirlərin həyata keçirilməsinə çalışan təşkilatlarımız çox azdır.
Hamıya bəllidir ki, Azərbaycanda həm mental, həm də dini baxımdan qadının yeri kişidən sonra gəlir. Bəlkə də Avropada gender probleminin həlli ona görə bir qədər asan həll edilir ki, onlarda "qadının yerinin kişidən arxada olması" nə dini, nə də milli baxımdan mentallaşmayıb. Lakin Azərbaycanda bu mentallaşma çox konsentrik şəkildə təzahür edir. Ona görə də cəmiyyətdə mənəvi əsaslarla gender əsaslı problemlərin öyrənilməsi və maarifləndirmə yolu ilə aradan qaldırılması vacib məsələlərdən biridir. Biz nə qədər məntiqli və gözəl qanunlar qəbul etsək də, ailələrdə kişi-qadın bərabərliyini, yalnız qanunların gücü ilə təmin edə bilmərik. Buna görə də, vacibdir ki, ailələr bu istiqamətdə keyfiyyətli şəkildə maarifləndirilsinlər.
Bir məsələni də vurğulamaq yerinə düşər ki, biz Azərbaycan cəmiyyətindən Avropadakı kimi gender bərabərliyi gözləməməliyik. Bu problemin həllində hər bir cəmiyyətin özünəməxsus xüsusiyyətləri var və onlar mütləq şəkildə nəzərə alınmalıdır. Yəni, prinsiplər eyni qaydada saxlanılır, lakin o prinsiplərin hansının nə qədər inkişaf potensialının olması fərqlənir. Həmin fərqlər müxtəlif ölkələrdə, həmin ölkənin mental xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırılır.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub