Rəqəm möhtəkirliyi hələ də aktualdı
"Qeyri-neft" yoxsa "qeyri-xammal" sektoru?
Paralel.az xəbər verir ki, statistik məlumatlara görə, ilin birinci yarıısında qeyri-neft sektoru məhsullarının ixracında 30 faiz artım müşahidə edilib. Saytlarda və sosial şəbəkələrdə daha çox sual qoyulur ki, nəyə gərə artım 70-80 faiz deyil, məhz 30 faizdir. Sualın qoyluşunu məntiqi hesab etmək olar, amma bu yerdə bir incə nüans var. Məsələ burasındadır ki, qeyri-neft məhsulları ixracının 30 faiz artması hələ bu sektorunun ixracda payının 30 faiz artması deyil. Ötən il ölkənin ixracatında qeyri-neft sektorunun payı cəmi 10 faiz təşkil edir ki, bunun da 30 faiz artması, qeyri-neft sektoru payının ixracda cəmi 3 faiz artması deməkdir. Üç faiz illik göstərici kimi götrülür, yarım il üçün bu rəqəm cəmi 1,5 faiz təşkil edir ki, onun da yarıya qədərini qızıl, qara və digər əlvan metallar, xam pambıq və s. bu kimi xammal və təbi sərvətlərdən ibarətdir.
Bununla yanaşı, təsnifatda "neft və qeyri-neft sektoru" ifadəsinin özü məntiqi baxımdan (qəsdən) düzgün seçilməyib. Əslində bu təsnifatı "xammal" və "qeyri-xammal" sektorları kimi xarakterizə edilməlidir. Təsnifatın adını "qeyri-neft" sektoru qoyulduqla qara metal, qızıl və bu kimi digər təbii sərvətləri, pambıq kimi xammalı da bu sektora aid edərək, onun xüsusi çəkisini süni şəkildə artırırlar. Dünya praktikasına əsasən ixrac məhsulları bu kontekstdə "xammal" və "qeyri-xammal" təsnifatına bölünməlidir. Çünki qara və əlvan metalla xam neftin hesabat üçün heç bir fərqi yoxdur, hər ikisi təbii sərvət və xammaldır.
Azərbaycan hökuməti bu yolla süni şəkildə ölkədən ixrac edilən xammalın ixracdakı xüsusi çəkisini azaltmağa çalışır. Beynəlxalq iqtisadi və maliyyə təşkilatları ölkə iqtisadiyyatının neftdən asılılığını deyil, xammaldan asılılığının 25 faizə qədər endirilmsini istəyir. Bu o deməkdir ki, həm Azərbaycanın dövlət büdcəsinin, həm də ixracatının formalaşmasında xammalın xüsusi çəkisi 25 faizlik barajı aşmamalıdır. Lakin Azərbaycan hökuməti məlum səbəblərdən bu tələbi yerinə yetirə bilmir. Ona görə də rəqəm möhtəkirliyinə girişmək məcburiyyətində qalır.
Qeyd edək ki, hazırda Azərbaycanın dövlət büdcəsinin 70, ixracatının isə 90 faizdən çoxunu xammal satışından əldə olunan vəsaitlər təşkil edir.
Akif