"Zəngəzur nəqliyyat dəhlizi" razılaşdırılmasa da yol tiklir...

 

 

Əli Orucov: "Ermənistan bunu bir şərt olaraq qəbul edib, üstəgəl, burada Rusiyanın da maraqları var"

Paralel.az xəbər verir ki, Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov mediaya açıqlamasında bildirib ki, "Zəngəzur nəqliyyat dəhlizi"nin layihəsi hazırlanır: "Bu dəhliz Naxçıvana çıxış yolunu təmin edəcək. Yolun Azərbaycandan keçən hissəsinin (Horadiz-Cəbrayıl-Ağbənd) uzunluğu 123.8 km-dir. Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun tikintisini 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur".

Maraqlıdır, Ermənistan prezidenti, siyasi yetkililər və media təmsilçiləri öz açıqlamalarında qəti şəkildə bildirirlər ki, "Zəngəzur nəqliyyat dəhlizi"nin açılmasından söhbət gedə bilməz. Hətta, Nikol Paşinyan dünən mətbuata açıqlamasında bildirdi ki, 10 noyabır razılaşmasında konkret hansısa dəhliz müzakirə mövzusu olmayıb, sadəcə kommunikasiyaların açılması şərti var və bu maddədə öhtəliklərin hamısı Azərbaycanın üzərinə düşür. Belə olan halda Azərbaycan prezidenti nəyə əsaslanaraq əminliklə deyir ki, biz "Zəngəzur dəhlizi"ni açacatıq? Yuxarıda qeyd edildiyi kimi, artıq yolun Azərbaycan hissəsinin tikintisinə başlanılıb.

Məsələyə münasibət bildirən politoloq Əli Orucov bizimlə söhbətində dedi ki, sözügedən dəhlizin açılması 44 günlük müharibəyə yekun vuran 10 noyabır bəyannaməsində açıq şəkildə əksini tapıb: "Ermənistan bunu bir şərt olaraq qəbul edib, üstəgəl, burada Rusiyanın da maraqları var. Bəyannamədə bu "Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhliz" kimi keçir. Rusiya prezidenti dəfələrlə qeyd edib ki, razılaşmanı pozan ölkə üçün bu çox pis nəticələrə gətirib çıxara bilər. Bu dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. Digər tərəfdən, bu dəhliz Rusiyanın iqtisadi maraqlarına cavab verən "Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsi - Avropaya çıxışıdır.

Bununla yanaşı, sovetlər dönəmində, münaqişə başlayana qədər Naxçıvana yol Zəngəzurdan keçib, o dəhlizin də mülkiyyətçisi Azərbaycan olub. Bütün bunlar onu deməyə əsas verir ki, "Zəngəzur dəhlizi"nin açılması qaçılmazdır - həm dəmir yolu, həm də avtomobil yolu açılacaq. Ermənistan bunu ləngidə bilər, amma dayandıra bilməz".

Akif Nəsirli

0.022478818893433