Valideyn himayəsindən məhrum olan uşaqlar necə himayə edilir?
On il əvvəl - 2011-ci ildə "8-ci kilometr bazarı"nın ətrafında xeyli gəncin bir yerə toplaşaraq söhbətləşdiklərinin, nəyisə müzakirə etdiklərinin şahidi oldum. Kənardan bu gənclərin sosial qrupunu heç cür müəyyənləşdirə bilmədim. Geyimləri müasir dəbə uyğun olmasa da, səliqəli idi, içərilərində həm qızlar, həm də oğlanlar vardı. düşündüm ki, bunlar hər hansı bir məktəbin məzunları olaraq toplaşsaydılar, görüş yerini bu məkanda seçməz, həm də müasir dəbə uyğun geyinərdilər. Maraq məni o qədər cəlb etdi ki, onlara yaxınlaşıb soruşdum ki, siz kimsiniz, buraya nə üçün toplaşmısınız? İçərilərindən dilli-dilavər, əsmər bir qız cavab verdi ki, əmi, biz internat uşaqlarıyıq, internat həyatı artıq bitib, bizə deyirlər gedin işləyin başınızı saxlayın: "İndi də gəlmişik iş axtarmağa, iş tapmalı, birinci maaşımızla kirayə ev tapıb internatı tərk etməliyik". Gözəl gənc qızları və onları bacı kimi qorumağa çalışan oğlanları görəndə gözlərim yaşardı, elə bil başıma qaynar su töküldü. Bəli, məni həyacanlandıran, məhz bu məsum uşaqların yorğun addımlarla müstəqil həyata qədəm qoymaları və və bu yolda onların nə himayədarlarının, nə yol göstərənlərin, nə də maliyyə dəstəyi verən valideynlərinin olmaması idi. Onları heç bir məsuliyyət çəkmədən, dayaqsız, dəstəksiz bu acımasız cəmiyyətin içinə atmaq əlbəttə, heç bir məntiqə sığmır və doğru yanaşma deyil. Heç bir həyat təcrübəsi olmayan bu gəncləri, belə bir sınaq qarşısına qoymaq ən azından ədalətsizlikdir. Bəyənmədiyimiz sovet dönəmində gəncləri bu şəkildə küçəyə atmırdılar. Onlar tam dövlət qayğısı ilə əhatə olunurdular və cəmiyyətə yararlı irnsanlar kimi yetişirdilər. Bu təcrübəni indi də tətbiq etmək olar. O dövrdə valideyn himayəsindən məhrum olunmuş və ya valideynlərini itirmiş uşaqlar üçün körpələr evi, uşaq bağçaları var idi. Onlar məktəb yaşına qədər orada böyüyüb, məktəb yaşına çatan kimi isə internat məktəblərinə yerləşdirilirdilər. Həmin uşaqlar on illik təhsil proqramının 8-ci sinifini bitirdikdən sonra yataqxanası olan texniki-peşə məktəblərinin daha çox tələbat olan ixtisaslarına cəlb edilirdilər. Uşaqlar burada həm təhsilini davam etdirir, həm də peşə öyrənirdilər. Burada müəyyən bir ixtisasa sahib olan uşaqlar, məktəbi bitirən kimi zavod və fabriklərə işə göndərilir, elə işlədiyi müəssisənin yataqxanasında da yaşayış yeri ilə təmin olunurdular. Ailə həyatı qurmaq istəyən gənclərə isə komsomol təşkilatı himayədarlıq edirdi. Təşkilatın dəstəyi ilə həmin gənclərə toy edilir (buna "komsomol toyu" deyirdilər), gənc ailələr üçün nəzərdə tutulan ailəvi yataqxanaya köçürülürdülər. Bununla da dövlət kimsəsiz uşaqların cəmiyyət üçün yararlı insanlar kimi yetişdirmək proqramını tamamlamış oldurdu. Artıq o uşaqlar nə cinayətkar qruplara qoşulur, nə də, onların qurbanına çevrilirdi, əksinə, cəmiyyətə yararlı bir ailəyə verilib orda formalaşdırılıb öz övladları kimi tərbiyə edirdilər. Bu "yol xəritəsi" vasitəsi ilə həmin vaxt Azərbaycanda milyonlarla uşaq normal ailə həyatına qovuşub. Bu təcrübəni bir qədər fərqli formada indi də bir model kimi formalaşdırıb tətbiq etmək olar.
Azərbaycanda kimsəsiz uşaqların həddi-buluğa çatana qədər himayə edilməsi, bir qədər nöqsanlı da olsa mövcuddur - həm uşaq evləri, həm də internatlar fəaliyyət göstərir. Lakin kimsəsiz uşaqların 17-18 yaşından sonrakı mərhələdə dəstəklənməsi problemi ciddiliyi ilə dövlətin qarşısında durmaqdadır. Düzdür, Masazırda uşaq evləri və internatları bitiən uşaqlar üçün nəzərdə tutulan, hərəsində 120 mənzil olmaqla 3 bina tikilib. Amma bu kifayət qədər azdır, hər il internatları minə yaxın gənc bitirdiyi halda, beş ildən bir 360 mənzil tikmək kifayət etmir. Ona görə də uşaq evləri və internatları bitirən uşaqlar üçün nəzərdə tutulan mənzillər yataqxana xarakterli olmalıdır ki, gənclər həmin mənzillərdə bir neçə il yaşadıqlan sonra özlərinə normal mənzil alıb, hökumətin verdiyi yataqxananı təhvil versin. Düzdür, burada sistem problemləri də var, məsələn, hazırda normal ailələrin əksəriyyəti öz övladlarını mənzillə təmin edə bilmir, belə vəziyyətdə kimsəsiz gənclərin öz gücünə bazardan mənzil alması da, çox az ehtimal olunandır. Hər halda, uşaq evləri və internatların bütün məzunlarının mənzillə təmin edilməsi üçün ucuz mənzillər və ya yataqxanalar tikilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanunvericilik layihəsi var: "Hazırda belə uşaqların hüquqlarının təmin olunması hökumətin sosial siyasətinin ən aktual məsələlərindən biridir. Bununla, təkcə bizim nazirlik yox, mərkəzi icra hakimiyyəti orqanları, eyni zamanda, yerli icra hakimiyyəti orqanları da məşğul olurlar. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının işi "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunla və "Uşaqların hüquqlarının qorunması haqqında" Qanunla tənzimlənir. Bu qanunlar hər bir orqanın vəzifələrini müəyyən edir. Eyni zamanda, Azərbaycan dövləti bu problemin aktuallığını nəzərə alaraq BMT-nin Uşaq Hüquqları barədə Konvensiyasına da qoşulub. Qeyd edilir ki, bir çox ölkələr BMT Konvensiyasından irəli gələn öhdəliklərin təmin olunmasına hazır olmadığından, hələlik bu Konvensiyaya qoşulmayıblar. Dövlətimiz vaxtaşırı olaraq BMT-nin iclaslarında bu Konvensiyanın müddəalarının həyata keçirilməsi ilə bağlı hesabatlar verir".
Valideyn himayəsindən məhrum olan uşaqların problemi yalnız mənzillə bağlı deyil, dövlət onların işlə təmin edilməsi formasını da müəyyənləşdirməlidir. Ortada bu problemin həlli istiqamətini müəyyənləşdirən sadə "yol xəritəsi" olmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, belə uşaqların özlərini sonrada normal mənzillə təmin etmələri üçün onların yüksək maaşlı işlə təmin olunması da, əsas məsələlərdən biridir. Belə olsa, həmin uşaqlar özlərinin mənzil problemini də həll edə bilərlər.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub