BVF Azərbaycana nə qədər yardım ayıracaq?
Paralel.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın COVID-19 pandemiyasından sonra bərpası üçün 650 milyard ABŞ dollar ayrılmasını təsdiqləyib.
BVF-dən verilən məlumata görə, vəsaitin bölgüsü avqustun 23-dən başlayacaq. Vəsait xüsusi borcalma hüquqları fondun bütün üzvlərinə kvotalarına uyğun nisbətdə veriləcək.
Bu gün Azərbaycan cəmiyyətinin diqqəti o suala köklənib ki, görəsən Azərbaycana bu vəsaitdən nə qədər düşəcək. Vəsaiti fondun bütün üzvləri arasında bərabər bölsək, hər bir ölkəyə təxminən 3 milyard dollardan bir qədər artıq vəsait düşür. Amma vəsaitlər ölkələr arasında bərabər bölünməyəcək, xəbərdə göstərildiyi kimi, hər bir dövlətin kvotasına uyğun əmsallar əsasında bölünəcək. Nəzərdə tutulan kvota isə hər bir dövlətin illik büdcəsinə və ümumidaxili məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilir. Bu qayda ilə Azərbaycana təxminən 0,5-1 milyard dollar civarında vəsait ayrılması gözlənilir. Amma əsas məsələ bu gün Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayrılmasında deyil. Çünki son 13 il ərzində təkcə xam neft satışından rəsmi olaraq yüz milyard dollardan çox vəsait daxil olub, buna rəğmən ölkədə iqtisadi vəziyyət gərgin olaraq qalır.
Azərbaycan iqtisadiyyatındakı böhran yalnız COVİD-19 pandemiyası ilə əlaqədar deyil, iqtisadiyyatımızın ənənəvi problemləri var. Bu problemlər inhisarçılıq, rüşvətxorluq, korrupsiya, hesabatlılığın, şəffaflığın və dürüstlüyün olmaması ilə bağlıdır. Bu problemlər səbəbindən Azərbaycan iqtisadiyyatı inkişaf edə bilmir. Belə bir şəraitdə iqtisadiyyata bir trilyon dollar vəsait qoyulsa belə, onun inkişaf etdirilməsi mümkün deyil. Yuxarıda sadalanan problemlər səbəbində dünyanın inkişaf etmiş ölkələrində parlaq nəticələr göstərən layihələr belə, Azərbaycanda uğursuzluğa düçar olur. Məsələn, ünvanlı dövlət sosial yardımı, özünü məşğulluq proqramı, qaçqınların evlə təminat proqramı və s. layihələr korrupsiya yuvasına çevrilərək iflasa uğradı. İyirimi ildir ki, Azərbaycan qaçqınlara mənzil tikir, hələ də minlərlə qaçqın ailəsi şəraitsiz daxmalara sığınmaq məcburiyyətindədir. Beş ildir ki, özünüməşğulluq proqramı icra edilir, amma bu proqram çərçivəsində neçə nəfərin işlə təmin edildiyi barədə hesabat verən yoxdur, çünki bu layihələrin icrasını xarakterizə edən rəqəmlər utandırıcı səviyyədədir.
Sonda yekun olaraq qeyd edək ki, Azərbaycan iqtisadiyyatının hazırki durumu iki tərəfi də açıq olan dəhlizə bənzəyir, vəsaitlər dəhlizin bir tərəfdən daxil olur, o biri tərəfindən isə çıxaraq məmurdların cibinə axır. Buna görə də, BVF-nin Azərbaycana nə qədər vəsait ayırmasının da heç bir əhəmiyyəti yoxdur.
Akif