Gənclər təşkilatları arasında şəbəkələşmə güclənir - FOTO/VİDEO

Gənclər təşkilatları arasında şəbəkələşmə güclənir - FOTO/VİDEO
 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə 30 iyul - 2 avqust 2021-ci il tarixlərində “Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi”ndə 40-dan çox gənclər təşkilatını təmsil edən 75 gəncin iştirakı ilə “Gənclər Təşkilatlarının Şəbəkələşmə Görüşü”nə start verilmişdir. 

Görüşün əsas məqsədi gənclər təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, onların birgə əməkdaşlığa təşviq edilməsi, təlim və praktik seminarlar vasitəsilə yeni təcrübələrin əldə edilməsi, interaktiv oyunlarla səmərəli zaman keçirilməsi və fəaliyyətlərinin daha geniş auditoriyaya çatdırılmasıdır. 

Qeyri-formal təhsil metodologiyalarına əsaslanan fəaliyyətləri əhatə edən şəbəkələşmə görüşü müddətində gənclər təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması, birgə fəaliyyətlərin təşkili, layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi, layihə büdcələrinin tərtib edilməsi, birgə komanda işi və digər öyrədici xarakterli fəaliyyətlər, həmçinin təlimlər təşkil edilib.

Layihənin ilk günü NAYORA-nın İdarə Heyətinin üzvü Ülkər Xanlarova, Azərbaycan Skautlar Assosiasiyasının Baş müvəkkili Ülvi Camalsoy və Skautlar Assosiasiyasının üzvü Qoşqar Qurbanovun “Komanda quruculuğu və düzgün kommunikasiyanın qurulması” mövzusunda praktik seminarı və “Şəbəkələşmə oyunu” simulyasiyası keçirilmiş, gənclər təşkilatlarının şəbəkələşmə sərgisi baş tutmuşdur. 

Tədbirin ikinci gününə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədilə səhər idmanı ilə başlanmış, fasilitatorlar tərəfindən iştirakçılar arasında şəbəkələşməni təmin etmək məqsədilə “Kokteyl oyunu” keçirilmiş, NAYORA-nın sədri Azər Əliyev və sədr müavini Ülviyyə Axundovanın “Layihə təkliflərinin yazılması” mövzusunda təlimi təqdim olunmuşdur. Görüşün ikinci gününə NAYORA-nın Baş katibi Ramin Həbibzadə və moderator Fərid Məhərrəmlinin “Layihə tərəfdaşlarının və donorların cəlb edilmə üsulları” adlı praktik seminarı ilə yekun vurulmuşdur. 

Avqustun 1-də NAYORA-nın İdarə Heyətinin üzvü Hüseynxan Hacızadənin “Beynəlxalq tədbirlərdə iştirakçılıq imkanları” mövzusunda praktik seminarı və NAYORA-nın sədr müavini Ülviyyə Axundovanın “Donorun inandırılması” debat simulyasiyası iştirakçılara təqdim edilmiş, günün sonunda qala gecəsi keçirilmişdir. 

 


 
0.63771295547485