"Ağası gülüm olanın..."
"Millət vəkilinin" hərəkəti kimə utanc gətirməlidir?
Bəli, müstəqil media zaman-zaman yazıdı ki, xalqın seçmədiyi, layiq olmayan, səviyyəsiz adamlardan deputat düzəltməyin fəsadları böyük ola bilər. Buyurun, budur sizin "millət vəkili", 50 min vətəndaşın təmsilçisi özünü küçə uşağı kimi apararaq polisi - qanun keşikcisini döyərək ona xəsarət yetirib. Bu deputata sabah xuliqanlıq maddəsi ilə cinayət işi açılacaq, onda kim utanıb-xəcalət çəkməlidir, onun seçiciləri, yoxsa belə bir şəxsin deputat kürsüsünə əyləsməsini təmin edən şəxslər? Hamı bir ağızdan deyəcək ki, ikincilər xəcalət çəkməlidi, bizlik nə var, biz secməmişik. Bəli, biz seçməmişık, burası doğru, amma məsələnin bir başqa tərəfi də var - biz niyə seçməmişik, niyə imkan vermişik ki, haqqımızı zorlayıb əlimizdən alsınlar? Bizi təmsil etməyə layiq olmayan bir şəxsın bizim millət vəkili olmasına niyə imkan vermişik?
Bu bizim də bir seçici kimi utanmağımiza əsas verirmi, cənablar? Bizim bu cür oturduğu kürsüyə layiq almayan deputatlarımızın sayı bir-iki deyil, onların içərisində layiq olanları çox azdır. Bu isə həm Azərbaycan seçicisinə, həm də Azərbaycan hökumətinə bu cür uzqaralığı gətirir və gətirəcək. Atalar yaxşı deyib: "Ağası gülüm olanın başına külüm olar". Hələ çox "deputat" bizi başıküllü edəcək.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib. Polisdən verilən məlumata görə, Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb: "Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib". Məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaı Mirzəyev Zaur Cavanir olunu döyərək ona xəsarət yetirib. E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən deputat "seçilib".
Akif