Narkotacirlər mina təmizləməyə göndərilsin - “Patı”, “şüşə”, “kakos” və daha nələr nələr.
Nəşə, heroin, kokain və digər narkotik tərkibli maddələr ölkəni bürüyəndə çalınmalıydı həyacan siqnalı. Millətin genefondunun məhvinə yönəldilmiş bu bəlayla mübarizə aparmağa borclu dövlət qurumları susacadı, sadəcə sosial şəbəklərdəki etiraz dalğası deyəsən onları bir az silkələdi. Hərçənd hesab edirik ki, bugünə qədər yaşananlarda ən böyük günah payı onların üzərinə düşür.
Çünki tarixi təcrübə də göstərir ki, milyardlarla gəlir gətirən silah və narkotika alverinin general səviyyəsində himayəçisi olmadan yaşaması mümkün deyil.
İndi Azərbaycan cəmiyyətini düşündürən əsas məsələ getdikcə kütləviləşən bu bəlayla necə mübarizə aparmaqdır. Hərə bir təklif irəli sürür, çıxış yolu göstərir. Məsələn Əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadə 1918-ci ildə Ənvər paşanın Bakı bazarlarında qiymət artımına yönəlmiş qərarın nümunə kimi göstərərək deyir ki, narkotika satanları tutub başlarını qırxıb yerinə narkotik məhlul yaxaraq metroların girəcəyində divara bağlamaq lazımdır ki, digərlərinə ibrət olsun.
Təxminən buna bənzər təkliflə jurnalist Rövşən Kəbirli çıxış edir. Bu barədə “Paralel.az”a danışan R. Kəbirli hesab edir ki, mübarizənin effekli olması və konkret nəticə əldə etmək üçün öncə polisdə total təmizləmə aparılmalıdır:” Sirr deyil ki, bu bazarın getdikcə genişlənməsi, narkotacirlərin və istifadəçilərin sayının artması bu çirkli gəlirə şərik yüksək rütbəli polis himayəsi olmadan əsla mümkün deyil. B. Bağırzadənin təklifi də maraqlıdır amma burda insan ləyaqətini alçaldan əlamətlər olduğundan beynəlxalq təpki görər və gələcəkdə dövlətə başağrısı gətirər. Məncə ən ağrısız çıxış yolu kimi ilk növbədə narkobaronlar və onları himayə edən yüksək çinli generallar, məmurlar və narkokuryerlər məsuliyyətə cəlb olunaraq tutuqlanmalı və məhkəmə hökmü ilə cəzaların həbsxanada yox, işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işlərinə cəlb edilməklə çəkməlidirlər. Üstlərində də silahlı əsgər nəzarəti, təxminən “cərimə batalyonu” kimi bir şey. Şüurlu şəkildə millətin qəsdinə duran bu tiplər düşmən ermənidən o qədər də fərqlənmir. Hər gün 20-30 narkotacir, narkoman həbs olunur. Dövlət nədən xərcə düşüb bunları qapalı həbsxanada yemləməlidir? Mina təmizləmək təhlükəli də olsa faydalı iş sayılır, cəmiyyətə xeyir gətirən məsələdir. Üstəlik onlara ailəsni dolandıracaq həddə maaş da vermək olar. Bəxti olar sağ qalar, olmaz hesab edər ki, “Patı” satdığı gəncin ölümünə görə ölümə məhkum edilib. Adım kimi əminəm ki, bu reallaşarsa çox az bir zamanda geriyə dönüşü mümkünsüz görünən bu təhlükəlinin qarşısı alınar, narkotika istifaçilərin sayı 90 faiz azalar”
Səma