"Sevimli" ilə "Sevimli dad" arasında çaşqınlıq
Ölkə əhalisinin üzləşdiyi çətinliklər müxtəlif olsa da, onların problem deyilən bir adda birləşməsi günümüzün gerçəkliyidir. Bu məqamda “Azad İstehlakçılar” İctimai Birliyinin qaynar telefon xəttinə üç aya yaxındır ki, istehlakçılar tərəfindən çoxsaylı müraciətləri qeyd edə bilərik. Müraciətdə öncə qeyd edilir ki, “Sevimli” mal nişanı ilə markalanmış, bişmiş, hisə verilmiş kolbasalarla bağlı dəqiq məlumat verilsin. Qurumun açıqlamasına görə, adıçəkilən kolbasa məmulatları marketlərdə “Sevimli Dad” kolbasaları ilə dəyişik salınır. Çünki etiketindəki çox kiçik şriftlərlə, parlaq fondakı yazı oxunmaz bir vəziyyətdədir: “Marketlərdə “Sevimli Dad” kolbasaları ilə eyni rəfdə yerləşdirildikləri üçün istehlakçılar onları seçməkdə çaşırlar. Bizim sorğumuza cavab olaraq “Sevimli Dad” kolbasa məmulatlarının istehsalçısı olan “M&T” LTD müəssisəsinin müdiriyyəti rəsmi olaraq “Sevimli Dad” mal nişanının onların müəssisəsinə məxsus olduğunu, rəsmi dövlət qeydiyyatına alındığını bildirərək, istehlakçılar tərəfindən qaldırılan bu məsələnin onların da biznesinə xələl gətirdiyini, mal satışında enmələrə səbəb olduğunu bildirib. Lakin təəssüf ki, özünə məxsus mal nişanının qorunmasına, istehlakçıların çaşdırılmasının qarşısının alınmasına dair heç bir iş görülmədiyini deyib.
Paralel.az -ın əməkdaşı “Sevimli” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatının etiketinin təhlilini aparıb. Öncə etiketdə qeyd olunan, yalnız lupa ilə oxuna bilən 994125653132 telefonuna 20.05.2021-ci il tarixdə zəng edilib. Özünü “Retro Holdinq” MMC-nin səlahiyyətlisi olaraq təqdim edən Rasim adlı şəxs mal nişanının rəsmi dövlət qeydiyyatına alınması və “Halal” nişanının hansı qurum tərəfindən müəssisəyə verilməsi barədə məlumatının olmadığını deyib. Həmişəki kimi, “öyrənib deyərəm” cavabı verilsə də, əks əlaqə olmayıb. Biz 30.05.2021-ci il tarixdə özünü satış müdiri kimi təqdim edəm Mehdi adlı şəxslə məsələni aydınlaşdırmaq üçün telefon danışığı apardıq. Həmin şəxs bu işə cavabdehin satış müdiri Rövşən adlı şəxs olduğunu bildirdi. Adıçəkilən şəxslə aparılan telefon danışığından sonra o, söz verdi ki, AİB-in dövlət qurumlarına müraciət etməsinə ehtiyac yoxdur. Və iyun ayının sonuna kimi “Sevimli” sözünü malların üzərindən götürəcəklər. Bundan sonra Mehdi adlı şəxslə bu barədə dəfələrlə telefon danışığı olsa da, suallarımız cavabsız qalıb və istehlakçıların çaşdırılması davam edib.
Mal nişanının ilkin təhlili göstərib ki, istehlakçılar üçün zəruri olan “Halal” loqosu heç də ölkədə rəsmi olaraq fəaliyyət göstərən və bu nişanı istehsal müəssisəsinə şamil etməyə hüququ olan “AZ sert halal” MMC tərəfindən verilməyib. Vaxtilə, bu nişanın alınması zamanı mütəxəssislər tərəfindən baxış keçirilən zaman, qeyri-halal mal istehsalı bloku ilə tam kəsişmə olduğu müəyyən olunub. ”Sevimli” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində “Ansar” yazılıb. Məlum olub ki, “Ansar” ticarət markası Qazaxıstanda eyni adlı istehsalçıya məxsusdur.
Şübhəsiz ki, əsas məqsədimiz dövlətimizin biznes strukturları üçün yaratdığı əlverişli şəraitə ictimai dəstək olmaqla, bərabər bizneslə məşğul olanların bundan sui-istifadə edərək, istehlakçıların çaşdırılmasının, aldadılmasının qarşısını almaqdır. AİB istehlakçılara birmənalı məlumat vermək, onların çaşdırılmasının, seçim hüququnun pozulmasının qarşısını almaq üçün iqtisadiyyat nazirinə üz tutur və bu məsələnin araşdırılması, görülmüş işlərin nəticəsinə dair məlumat verilməsini xahiş edir”.
Nigar