Azrbaycan və Türkiyə - əməkdaşlıqdan müttəfiqliyə
Dünya dövlətləri arasında formalaşan və "dostluq" şərti adını alan münasibətlərin pərdəarxasına vardıqda görürük ki, bu münasibətlər heç də insanlar arasında mənəvi dəyərlər üzərində qurulan dostluq anlayışının eynisi deyil. Əslində, dövlətlər arasındakı münasibətlər əsasən mənəvi deyil, maddi mənafelər üzərində qurulur. Hətta, belə bir deyim də var, daimi dost və daimi düşmən dövlətlər yoxdur, maddi mənafeləri üst-üstə düşən dövlətlər və mənafeləri uzlaşmayan dövlətlər var. Deməli, maddi mənafeləri üst-üstə düşən dövlətlər bizə dost kimi, mənafeləri toqquşan dövlətlər isə düşmən kimi görünür. İnsanlar arasında münasibətlərin maddi mənafelər üzərində qurulması bəyənilməsə də (hərçənd, insanlar arasında da, bu meyarla münasibət quranlar kifayət qədərdir), dövlət üçün bu normal haldır. Çünki hər bir dövlət və onu idarə edən iqtidar öz dövlətinin və vətəndaşlarının ümumi mənafeyindən çıxış edərək, dünya dövlətləri ilə münasibət qurmalıdır. O səbəbdən ki, dövlət bu barədə vətəndaşlar qarşısında öhdəliklər götürüb. Bu öhdəliklər isə heç də, yalnız mənəvi məsələlərdən ibarət deyil, həm də maddi məsələləri əhatə edir. Ona görə də dövlətlər arasında münasibətlər, əsasən maddi mənafelər üzərində qurulur. Lakin dünya dövlətlərinin quruluşunda və onlar arasında çox nadir istisnalar da olur. Məsələn, Şimali və Cənubi Koreya sözün həqiqi mənasında bir millətin iki dövlətidir. Bu dövlətlər, əslində öz münasibətlərini əsasən mənəvi dəyərlər üzərində kökləməli, perspektivdə isə bu dövlətləri konfederativ quruluşa qədər daşımalıdırlar. Amma bu dövlətlər arasında son onilliklərdə heç bir əlaqə və ya münasibət olmayıb, iki dövlət bir-birinə düşmən kimi baxıb. Dünyada bunun əksini xarakterizə edən dövləti münasibətlər də var. Buna bariz nümunə Azərbaycan və Türkiyə arasında olan münasibətlərdir.
Azərbaycan və Türkiyə eyni soydan olan, eyni mənəvi dəyərləri özündə əks etdirən bir xalqın iki dövlətidir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: "Bir millət, iki dövlət"! Doğrudan da Türkiyə ilə Azərbaycan arasındakı dövləti bağların böyük əksəriyyəti mənəvi əsaslar üzərində qurulub. Bu səbəbdən də Azərbaycan və Türkiyə heç də yalnız maddi mənafeləri üst-üstə düşəndə deyil, hətta, uyğun olmayan məqamlarda belə, bir-birinə dostcasına münasibət bildirir. Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin mənafeyinə toxunan addımlardan həmişə çəkinib. Hətta, bu addımlar onlara milyardlar gətirməli olsa belə, onlar bir-birinin mənafeyinə toxunan addımları atmırlar. Bu cür dövləti münasibətlər həqiqi mənada mənəvi dostluq münasibətləridir.
Məsələn, Türkiyə dünyanın super-dövlətləri olan Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya və s. dövlətlərlə dostluq münasibətlərində olduğu da bəllidir. Lakin bu dövlətlərlə iqtisadi-siyasi və hərbi mənafelər toqquşanda dərhal dostluq münasibətləri düşmənçiliklə əvəzlənir. Bu sadə vətəndaşlar üçün belə görünür, burada nə dostluq var, nə də düşmənçilik - sadəcə olaraq dünən bu dövlətlərin mənafeləri üst-üstə düşürdü, dost kimi görünürdülər, bu gün isə mənafeləri toqquşur, bir-birinə düşmən olduqları təsiri bağışlayır. Məsələn, ABŞ-ın liderlik etdiyi NATO-nun Avropada ən böyük bazası Türkiyədə olduğu halda, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına, Rusiyanın Türkiyədə geniş investisiya yatırdığına (ruslar Türkiyədə AES tikir) görə, ABŞ-Türkiyə münqasibətləri gərginləşdi. Təsəvvür edin ki, bir-birinə bu qədər bağlı olan dövlətlərin münasibətlərində gərginlik o həddə çatdı ki, Amerika Türkiyəni F-35 layihəsindən kənarlaşdırdı və birbaşa olmasa da, müəyyən dolayı sanksiyalar tətdiq etdi. Türkiyə isə buna cavab olaraq dollara qarşı formalaşan ÇİN-Rusiya koalisiyasına dəstək verdi. Türkiyənin Rusiya ilə də müxtəlif vaxtlarda düşmən münasibətləri olub. Məsələn, Türkiyə qoşunları Suriyada rus təyyarəsini vuranda Rusiya Türkiyəyə qarşı ciddi iqtisadi sanksyalar qoydu, türk iş adamlarını ölkədən sıxışdırıb çıxarmağa çalışdı. Düzdü, bu qısa müddətdə davam etdi, Rusiya anladı ki, Türkiyəni itirmək ona baha başa gələcək, yenə maddi mənafe əsasında münasibətləri yenidən normallaşdırdı.
Lakin Azərbaycanla Türkiyə arasında əsası mənəvi tellərə bağlı olan dostluq münasibətləri sovetlər birliyi dağılandan dərhal sonra yüksələn xəttlə inkişaf edib. 14 yanvar 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərlə bağlı imzalanan müqavilənin üzərindən 29 il keçdi.
18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.
İkili əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Sonra Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü görüşləri keçirildi, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənildi.
2021-ci il iyunun 15-də isə Azərbaycan Republikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində "Şuşa Bəyannaməsi" imzaladı. Bu sənədlə, artıq Türkiyə ilə Azərbaycan arasında olan rəsmi münasibətlər strateji əməkdaşlıq səviyyəsindən strateji müttəfiqlik səviyyəsinə qaldırıldı. Müttəfiqlik münasibətinin beynəlxalq statusu isə ondan ibarətdir ki, hər iki dövlətin mənafeyi eyni sırada müdafiə edilir. Başqa sözlə desək, müttəfiq dövlətlərdən birinin ərazi bütövlüyünün pozulması, hər iki dövlətin ərazi bütövlüyünün pozulması kimi qəbul edilir. Bu gün artıq Azərbaycana hər hansı bir dövlətin hücumu Türkiyəyə hücum kimi qəbul edilir və ya əksinə.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub