ALLAHŞÜKÜR PAŞAZADƏNİN DİNİ GÖRÜNTÜLÜ SİYASİ ADDIMLARI
Allahşükür Paşazadənin bir açıqlaması oldu. O, bu açıqlamasında fədakar Azərbaycan xalqının, cəsur Azərbaycan ordusunun tarixi Qarabağ zəfərini Azərbaycanın düşməni olan Ermənistana hər cür yardım göstərmiş və göstərən İranın dini lideri Xamneyinin adına çıxdı, bu yolla da torpağını işğaldan azad etmək üçün çox çilələr çəkmiş, ağır bədəllər ödəmiş Azərbaycan xalqının, cəsur ordumuzun, şəhidlərimizin, qazilərimizin misilsiz əməyini, qürurunu, şərəfini ayaqlar altına atdı. Qeyd edim ki, İranın hər zaman, özəlliklə savaş dönəmində Ermənistana hər növ yardım etməsini Azərbaycan hakimiyyəti xəritə ilə, görüntülərlə, dəqiq faktlarla ortaya qoydu. Prezident İlham Əliyev dəfələrlə diplomatik bir üsulla (arada açıq biçimdə) İranı Ermənistana yardım etməkdən çəkindirməyə çağırdı.
Allahşükür Paşazadənin bu siyasi addımını izah etmək üçün fərqli versiyalar irəli sürüldü: dedilər ki, bu addım onun etnik, məzhəbi kimliyi ilə bağlıdır, o, İranın adamıdır, casusudur, aranı qarışdırmaq istəyir, siyasi iddiaları var, belə deyənlər də oldu: o, İranı Azərbaycana dost etməyə çalışır...
Bu dəyərləndirmələrin heç birinin Allahşükür Paşazadənin açıqlamasını doğru izah etmək imkanı yoxdur. Mən öncə Paşazadəni fədakar Azərbaycan xalqından, cəsur ordumuzdan, şəhid və qazilərimizdən üzr istəməyə dəvət edir, onu istefaya çağırıram.
Məsələnin mahiyyətini doğru qavramaq üçün addım-addım gedək: 1) Paşazadənin İranın dini liderinin Azərbaycandakı nümayəndəsi ilə əlaqələrinin olduğu, onunla görüşdüyü bilinən bir məsələdir, burada qeyri-adi bir şey də yoxdur, belə ki İranın təmsilçisi Azərbaycan hakimiyyətinin razılığı ilə fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin qeyri-ciddi işləri çoxdur. Həm xaricdə təhsil alan azərbaycanlıların dini təbliğatla məşğul olmasını yasaqlayır, həm də xarici ölkə vətəndaşının Azərbaycanda dini fəaliyyətlə məşğul olmasına izin verir; 2) ancaq Paşazadə İranın dini liderinin təmsilçisi ilə münasibətlərinin bilinməsini, açıq-aşkar görünməsini heç vaxt istəmədi; 3) hər şey son 20 gündə oldu – vaxt çox önəmlidir, səbəbini sonra izah edəcəyəm; 4) Paşazadənin bir dənə açıqlaması yoxdur, yəni dediyi sözlər təsadüf sayıla bilməz, o, son 20 gündə şüurlu, məqsədli, hədəfli olaraq bir-birinə bağlı addımlar atmış, siyasi mesajlar vermişdir; 5) öncə İran təmsilçisi ilə birlikdə görüntü verdi, məhz görünmələrini istədi; 6) bir addım da atdı, dini liderin təmsilçisi ilə Şuşaya getdi; 7) onlar Şuşada bir-birindən ayrılmadılar, bir-birinin yanında görünmək istədilər; 8) Şuşadakı məsciddən önəmli bir görüntü paylaşıldı, bu görüntüdə dini liderin nümayəndəsi öndə, Paşazadə arxada namaz qılırdı; 9) bu görüntü ciddi təpkilər yaratdı, hakimiyyətin din məmurlarından biri Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri də orada idi deyib işin içindən çıxmaq istəsə də, alınmadı, bu açıqlama səmimi və inandırıcı qəbul edilmədi; 10) Paşazadə bir addım da atdı, Bakıda bayram namazında dini liderin təmsilçisi ilə bir arada görünməsini istədi və göründü, bir yerdə namaz qıldılar; 11) Paşazadə yavaş-yavaş hazırlaşdığı həlledici addımı atdı, məsciddə jurnalistlərə dedi ki, Qarabağ zəfərinin səbəbkarı İranın dini lideri Xamneyidir, əvvəllər deyirdi ki, İlham Əliyevdir; 12) məsələni bir az yumşaltmaq, niyyətini gizlətmək üçün Ərdoğanın da adını çəkdi – savaş dönəmində Azərbaycana tarixi yardım göstərmiş Ərdoğanın Ermənistanı dəstəkləyən İranın dini lideri ilə bir tutulmasının adı rəzalətdir; 13) o, bir addım da atdı, şəhidliyi müəyyən etmək haqqını Xamneyiyə verdi; 14) o, İranın dini liderini Azərbaycan xalqının tarixi qələbəsinin səbəbkarı kimi göstərmək üçün dedi ki, dini lider bu məsələ ilə bağlı fətva vermiş, demişdir ki, Qarabağ islam torpağıdır. Fətva ilə torpaq azad olunur? Dini liderin bu fətvasının arxasında İranın Azərbaycana gerçək yardımı varmı? Müdrik Azərbaycan xalqının gözəl bir sözü var: kiş/kış deməklə donuz darıdan çıxmaz; 15) Paşazadə bir addım da atdı. Qələbəmizi dini liderin adına çıxmaq üçün dedi ki, dini lider Qarabağın islam torpağı olduğunu bildirmişdir. Təcrübəli siyasi xadim olan Xamneyi Qarabağ Azərbaycan torpağıdır demir, desə, Azərbaycanın müstəqil varlığı açıq görünər, ona görə də bu təqdimatdan imtina edir, Azərbaycanın müstəqil varlığını İrana təhlükə sayır. Azərbaycanı İranın bir parçası hesab edən Xamneyi bu sözü də seçə bilərdi: Qarabağ türk torpağıdır, onu da demir, belə ki bu təqdimat Azərbaycanı İrandan ayırır. O, Qarabağ şiə torpağıdır da deyə bilərdi, demir, belə ki bu halda İranın dini lideri Azərbaycana torpaq iddiasını açıq biçimdə ifadə etmiş olardı, o, Qarabağ müsəlman torpağıdır da deyə bilərdi, onu da demir, belə ki İran öz dini kimliyini tanıdarkən müsəlman kimliyini deyil, şiə kimliyini önə çıxarı, biz şiəyik, Əli şiəsiyik deyir (böyük alim, şəhid Əli Şəriətinin “Əli şiəsi və səfəvi şiyəsi” kitabını hər kəsin oxumasını israrla tövsiyə edirəm). Dini lider Qarabağ islam torpağıdır deyərək savaşa dini məzmun yükləyir, sanki Qarabağda müsəlmanlarla xristianlar arasında din savaşı olub. Yadınızdadırsa, Paşinyan savaş dönəmində bu üsuldan istifadə edir, xristianları müqəddəs dini savaşa çağırırdı. Dini lider Qarabağ islam torpağıdır deməklə qəsdən elə bir söz seçmişdir ki, onu hər cür yozmaq mümkündür, söyləyənin hərəkət imkanlarını artırır, onu qoruyur, iddialarını ortaya qoyur; 16) bir addım da İranın dini liderinin təmsilçisi atdı, dilə gəldi, Azərbaycan xalqının duyğularını sömürdü, dedi ki, ermənilərin Azərbaycanın şəhər və kəndlərini xaraba qoyması onu çox üzmüşdür, sanki ermənilərin İranın da dəstəyi ilə gerçəkləşdirdiyi bu cinayətdən 30 il ərzində xəbəri yox imiş (İranın təmsilçisinin vəzifəsi İran dövlətinin mənafeylərinə xidmət edən xürafələri və xürafəçiləri əlaqələndirmək, yönləndirməkdir);
Sual budur: Paşazadə Azərbaycan xalqına, ordusuna, dövlətinə, şəhidlərə, qazilərə təhqir dolu bu açıqlamanı və addımları öz iradəsi ilə gerçəkləşdirə bilərmi?
Biz bu səbəblərlə Allahşükür Paşazadənin açıqlama və addımlarını öz iradəsi ilə gerçəkləşdirmədiyini söyləyirik:
BİRİNCİSİ, Paşazadə fəaliyyəti boyu şəxsi çıxarını mərkəzə qoymuşdur, o, rəhbəri olduğu idarəni də, təmsil etdiyi dini də çıxarlarına qurban vermiş, hakimiyyətlə bazarlıq vasitəsinə çevirmişdir. Çıxarlarını təmin etmək üçün də seçdiyi yol – ölçü budur: hər zaman güclünün yanında ol. Bu imkan qazandıran ölçüyə uyğun olaraq da Heydər Əliyevin, Kamran Bağırovun, Vəzirovun, Mütəllibovun, Surət Hüseynovun, təkrar Heydər Əliyevin, ilham Əliyevin yanında yer almışdır... Heç vaxt, ey hakimiyyət, ölkədə zülmə, haqsızlığa, rüşvətə, harama son qoy deməmişdir.
İKİNCİSİ, hakimiyyətin din məmuru kimi fəaliyyət göstərən Allahşükür Paşazadə siyasi iqtidarın imkanlarından yararlanaraq özünün, ailəsinin, yaxınlarının məsələlərini həll etmiş, zəngin həyata qovuşmuşdur. O, heç vaxt Allah Rəsulunun dolanışığını, həyat biçimini örnək almamışdır. Rəhmət Elçisinin xanımı deyir ki, hz.Məhəmmədin evində iki qara nemət heç vaxt bir yerdə olmadı: biri xurma, biri də buğda unundan bişirilmiş çörək.
Hakimiyyətlə bu qədər iç-içə girmiş Paşazadə onun icazəsi olmadan çox önəmli siyasi mesajlar verə bilərmi?
ÜÇÜNCÜSÜ, Allahşükür Paşazadə din alimi deyil, 42 illik şeyxlik dönəmində Qurani-Kərimin təfsirinə aid 42 dəqiqəlik çıxışı, 4,2 səhifəlik bir məqaləsi belə yoxdur. Onun əsas işi insanlara həqiqəti öyrədən Qurani-Kərimi təbliğ etmək deyilmi? Onun Qurani-Kərim oxuduğuna şübhəm yoxdur, ancaq bu ilahi mesajı anladığına şübhəm var. Belə ki Qurani-Kərimi anlayan bir insan bu həyat yolunu seçməz. Alimlik məsələsini ona görə önə çıxarıram ki, gerçək alimlər hər zaman güclünün deyil, haqqın yanında olmuşlar.
DÖRDÜNCÜSÜ, Allahşükür Paşazadə dini lider deyil, insanları arxasınca apara biləcək gücü, nüfuzu, sözü yoxdur. Lider olsa idi, həqiqəti söyləyər, haqq uğrunda dirəniş göstərər, heç kimin təlimatını yerinə yetirməzdi.
BEŞİNCİSİ, hakimiyyət Paşazadənin açıqlamalarına münasibət bildirmir, bu, düşündürücü deyilmi?
Nəticə: Allahşükür Paşazadə açıqlamalarını, addımlarını öz iradəsi ilə deyil, hakimiyyətin təlimatı ilə atmışdır. Sadəcə olaraq, o, aldığı təlimatı daha diplomatik bir biçimdə yerinə yetirə bilməmişdir.
Bir sual da var: son dönəmlərdə nələr baş verdi ki, hakimiyyət Allahşükür Paşazadənin İranın dini liderinin təmsilçisi ilə bir yerdə görünməsinə, açıqlamalar verməsinə ehtiyac hiss etdi? (Bu görüntüdə əsas fiqur Paşazadə deyil, dini liderin təmsilçisidir, onu kadrdan çıxarsaq, plan çökər) Baş verənləri bir-bir sıralayaq:
BİRİNCİSİ, bu dönəmin ən önəmli hadisəsi Ermənistanda parlament seçkilərinin keçirilməsi, Azərbaycana məğlub olmasına, dörd min əsgər itirməsinə, on mindən çox yaralının olmasına, iqtisadiyyatın çökməsinə baxmayaraq, savaş dönəmində Ermənistanın lideri olmuş Paşinyanın qalib gəlməsi, təkbaşına hakimiyyət qurmaq haqqını qazanmasıdır. Beynəlxalq təşkilatlar iyirmi iki partiyanın, dörd blokun iştirak etdiyi parlament seçkisində bir sıra ciddi qüsurlar olduğunu söyləmələrinə baxmayaraq, seçkinin azad, ədalətli olduğunu bildirdilər. Erməni xalqı Rusiya bizi satdı, Rusiya ermənilərə köləsi kimi baxır, Rusiya ilə birgə olmaq bizi elmə, təhsilə, inkişafa qovuşdurmaz tezisləri ilə seçdikləri yolun simvolu olan Paşinyana səs verdi. Seçkinin önəmli nəticələri var: a) Rusiyanın Ermənistandakı siyasi imkanları önəmli ölçüdə azaldı – Lavrov açıqca bildirdi ki, Rusiyanın ətrafındakı onun maraq dairəsi olan çevrəni daraltmağa çalışırlar; b) bölünmüş erməni xalqı aradakı kəskin ziddiyyəti seçki yolu ilə həll edə bildi – bu, çox ciddi uğurdur; c) Avropanın, Amerikanın Ermənistana dəstəyi artdı, ona 2,6 milyard yardım ayrıldı; d) Qarabağın statusu məsələsində Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə olan ortaq mövqe formalaşdı – Avropa İttifaqı, özəlliklə Fransa, Amerika Qarabağa status verilməsini tələb edirlər, bu məsələdə Rusiyada onların mövqeyindən çıxış edir.
İKİNCİSİ, Rusiya seçkidən sonra öz nümayəndəsini Ermənistanda seçki yolu ilə hakimiyyətə gətirməyin imkansız olduğunu görsə də, Paşinyanı devirmək planından əl çəkmədi. Bu plan beşinci mərhələyə daxil oldu. İlk dörd mərhələni belə sıralamışdıq: içində təhdid və təşviq olan öyüd, savaş, çevriliş cəhdi, seçki (bu məsələ ilə bağlı dörd məqalə paylaşmışam). Rusiyanın Paşinyanı devirmək planı davam edir, beşinci mərhələsinə daxil olan bu planın üç istiqaməti var:
- a) Rusiyanın Ermənistanda hərbi gücünü artırmaq, bu yolla, pozulmuş siyasi balansı hərbi imkanlar hesabına təmin etmək. Putin seçkidən sonra Paşinyanı Moskvaya dəvət etdi, müzakirə zamanı üç məsələni önə çıxartdı: 1) Rusiyanın Ermənistanda hərbi gücünü artırmaq; 2) Ermənistanın bütün sərhədlərini, o sıradan Azərbaycanla olan sərhədi rus əsgərinin qoruması; 3) Rusiyanın Ermənistan ordusunu yenidən qurması;
Məqsəd Ermənistanda hərbi gücü artırmaqla Paşinyanı ordunun təzyiqi altında saxlamaq, onun fəaliyyətini iflic etmək, işləməsinə imkan verməmək, ehtiyac yaransa başqa addımlar da atmaqdır. Təsadüfi deyildir ki, deputat mandatından imtina etmiş, Rusiyanın Ermənistandakı təmsilçisi Koçaryan bir tezisi israrla təkrar edir: bir, ya da iki ilə Ermənistanda yeni seçkilər keçiriləcək;
- b) Paşinyana təzyiqi gücləndirmək üçün Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında ziddiyyəti dərinləşdirmək. Qarabağ erməniləri Rusiyanın nəzarəti altındadırlar, onlar deyirlər ki, Ermənistan bizim haqlarımızı ciddi qorumur. Onlar deyirlər ki, biz əsla Azərbaycan dövlətini qəbul etməyəcəyik, iki yolumuz var: ya son damla qanımıza qədər vuruşacağıq, ya da Qarabağı tərk edəcəyik;
- c) Azərbaycan vasitəsi ilə Ermənistana təzyiq göstərmək – son dövrlərdə Azərbaycan Ermənistan sərhədində baş verənlər Rusiyanın Paşinyanı sıxışdırmaq planının tərkib hissəsidir, İrəvan, Zəngəzur bizimdir şüarlarının israrlı təkrarı da bu məqsədə xidmət edir, hədəf Ermənistanı Rusiyaya məhkum etmək, onun Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməməkdir;
ÜÇÜNCÜSÜ, Ermənistandakı parlament seçkisindən sonra Avropa İttifaqının və Amerikanın Güney Qafqaza marağı ciddi biçimdə artdı, səfərlərin ardı-arası kəsilmir, nümayəndələrin biri gedir, o birisi gəlir. Onlar bu seçkinin nəticəsinə Rusiyanın Qafqazdakı təsir imkanlarının azaldılması üçün önəmli bir vasitə kimi baxır, bu işi gücləndirməyə çalışır, Azərbaycanın da prosesə qoşulmasını zəruri sayır, Qafqaz Üçlüyünü formalaşdırmağa çalışırlar. Bu məqsədlə Avropa İttifaqı və Amerika Azərbaycana bunları təklif edirlər:
- Ukraynanın, Gürcüstanın, Moldovanın, Ermənistanın sırasına qoşul;
- yolunu seç, bizimləsən, yoxsa Rusiya ilə?;
- azad, ədalətli, şəffaf seçkilər keçirt;
- azad mətbuatın inkişafına yol aç;
- insan haqlarını qoru;
- iqtisadi islahatlar gerçəkləşdir;
- elmin, təhsilin, səhiyyənin, sosial məsələlərin Avropanın ölçülərinə uyğunlaşdırılması üçün addımlar at;
- ordunu NATO standartlarına uyğunlaşdır;
- hüquq sistemində ciddi islahatlar gerçəkləşdir;
- Ermənistanla bütün məsələləri barış yolu ilə həll et;
- Azərbaycanla Ermənistanın sərhədinə Avropa İttifaqının monitorinq qrupunun yerləşdirilməsinə izin ver – ABŞ-ın Ermənistandakı səfiri bu gün gərginlik olan sərhəd bölgəsinə getdi;
- “əsirləri” geri qaytar, Ermənistan da minalanmış ərazilərin xəritələrini versin;
- Qarabağa status ver – Azərbaycan xalqı bu tələbi rədd edir;
- ATƏT-in Minsk Qrupunun fəaliyyətinə izin ver – Azərbaycan xalqı bu tələbi də rədd edir;
- Avropa İttifaqı deyir ki, onun təkliflərini qəbul etmək Azərbaycanın müstəqil, azad, ədalətli ölkə kimi inkişafına yol açacaq;
DÖRDÜNCÜSÜ, Avropa İttifaqı bir addım da atdı. Ukraynanın, Gürcüstanın, Moldovanın iştirakı ilə sənəd imzaladı. Bu sənəd adı çəkilən dövlətlərə yardımı və onların Avropaya inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Azərbaycana da bu sənədi imzalamağı təklif edirlər.
Avropa İttifaqı və Amerikanın Azərbaycan hakimiyyətinə təzyiqləri artır, artacaq. Hakimiyyət öz yolunu seçib. O, RUSİYANIN TƏSİR DAİRƏSİNDƏ, ANCAQ BAŞQA DÖVLƏTLƏRLƏ DƏ ƏLAQƏSİ OLAN AZƏRBAYCAN istəyir, hakimiyyətinin davamını bu yolda görür. Ona görə də Avropa İttifaqı və Amerikaya müqavimət göstərir, onların təkliflərini qəbul etmir, basqılarından qurtulmağa çalışır. Seçdiyi addımlardan biri də məni çox sıxışdırsanız, İranla bir sırada dayanaram mesajının verilməsidir. Bu məqamda Allahşükür Paşazadə hakimiyyətin işinə yarayır, onun dini liderin təmsilçisi ilə bir arada görünməsini istəyir. O, mesajını məhz din üzərindən verir. Siyasi vasitə də seçə bilərdi, seçmir, belə ki, avropalıları ən çox qıcıqlandıran məsələlərdən biri də dindir. Ehtiyac yaransa, biz şəriət dövləti tələb edirik, “MƏRG BƏR AMERİKA/ƏMRİKA!” – “AMERİKAYA ÖLÜM!” şüarlarını da eşidəcəyik...
Azərbaycan hakimiyyəti hansı tərəfə getməlidir? Hiyləgər tülkü vaqqıldayan tərəfə, yoxsa yırtıcı ayı nərildəyən tərəfə? Üçüncü yol yoxdurmu? Bu yol var, biz deyirik ki, ey hakimiyyət, fədakar Azərbaycan xalqına doğru get, ancaq əliboş getmə, ədalətlə, mərhəmətlə, sevgi ilə, barışla, seçki ilə, rifahla get. Xalqa doğru getsən, o, səni bağrına basacaq, bütün sıxıntılardan qoruyacaq, əlindən tutacaq, yol göstərəcək!
Siraceddin Haci