Vahid Beynəlxalq valyuta və Dünya Federalizmi
Beynəlxalq Bəhai İcmasının BMT-dəki Ofisi 1995-ci ilin yazında, bu qurumun 50 illiyi münasibətilə “Bütün millətlər üçün dönüş nöqtəsi” adlı Bəyanat yayımladı. Bəyanatda BMT -də islahatlar aparmaq və millətlərin əmin-amanlığını və tərəqqisini təmin etməkdən ötrü bir sıra təkiliflər irəli sürülürdü. Sənəddə Vahid Beynəlxalq valyutanın yaradılması təklifi də var idi:
“Dünya üzrə tək valyutanın qəbul edilməsi qlobal iqtisadiyyatın inteqrasiyasında vacib bir elementdir. Başqa faydaları ilə yanaşı, vahid valyuta möhtəkirliyin və bazar tərəddüdlərinin qarşısını alacaq, dünya üzrə gəlir və qiymətlərin uyğunlaşdırılmasına kömək edəcək və bununla əhəmiyyətli qənaətə gətirib çıxaracaqdır...Biz təklif edirik ki, hökumət liderləri, akademiklər və peşəkarlardan ibarət bir Komissiya yaradılsın ki, o, vahid valyutanın iqtisadi faydaları və siyasi dəyərləri barədə dərhal araşdırmaya başlasın və effektiv tətbiqi barədə ideyalar irəli sürsün”
2009-cu ilin martında Hindistanda keçirilən bir formda Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev də Vahid Beynəlxalq valyutanın təsis edilməsi ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi:
".. biz dünya üzrə ədalətli valyutaya sahib olmalıyıq...Bu BMT tərəfindən qəbul olunmalı, eləcə də həmin təşkilatın müvafiq komissiyaları tərəfindən bu prosesə nəzarət olunmalıdır.Vahid valyutanın yaradılmasında mütləq şərt onun fövqəlmmilli olmasıdır...Vahid Beynəlxalq valyuta heç bir dövlətə və ya dövlətlər qrupuna məxsus olmamalıdır. O bütün dünyaya məxsus olmalıdr.”.
XX əsrin ikinci yarısından etibarən dünyada aparıcı amil milli iqtisadiyyatlar arasında əlaqələrin intensiv inkişafı və ölkələrin vahid dünya bazarına qoşulması idi. Bəzi dövlətlərin “özünəqapanma”sına baxmayaraq, dövlətlərarası iqtisadi asılılıqlar ildən ilə güclənməkdədir. Bəşəriyyətin “Vahid Dünya İqtisadiyyatına” doğru hərəkəti aşkar görünməkdədir. Güman etmək olar ki, siyasi və iqtisadi sərhədlərin tarixə çevrilməsi XXI əsin sonlarında ən əhəmiyyətli hadisələrdən biri olacaq.
Hazırda dünyada 250-dən çox ölkə 159 milli və regional valyutadan istifadə edir. Qlobal inteqrasiya şəraitində milli valyutaların rəngarəngliyi dünya iqtisadiyyatının sürətli inkişafı qarşısında saysız - hesabsız maneələr yaradıb.
Hələ qədimlərdə, ölkələrarası ticari əlaqələr yaranan gündən, qarşılıqlı hesablaşmalarda qızıl sikkələr Vahid Beynəlxalq valyuta funksiyasını yerinə yetirirdi. XX əsrin əvvəllərinə kimi bu sistem qüvvədə idi. Qızıl sikkələr Birinci Dünya Müharibəsinin başlanması ilə dövriyyədən çıxdı. Dünya valyutası rolunu beynəlxalq hesablaşmalarda “İngilis funt sterlinqi” oynamağa başladı. O zaman funt sterlinq bütün ölkələrin pul ehtiyatlarının böyük hissəsini təşkil edirdi.
Lakin funt sterlinq də II Dünya Müharibəsindən sonra mövqeyini itirməyə başladı. Dünya müharibəsi və valyuta münaqişələri İngiltərə də daxil olmaqla bir çox ölkələri susdurdu.
Müharibənin sonunda yalnız ABŞ dolları sabit qaldı. Dünyanın pul və maliyyə sistemi qızıl-dollar standartı əsasında qurulmağa başladı. 1944-cü ildə Beynəlxalq Valyuta-Maliyyə Konfransında ABŞ dolları funt sterlinq ilə birlikdə beynəlxalq ödəmə və ehtiyat valyutası olaraq tanındı. Tezliklə dollar hakim mövqe tutdu. Həmin vaxtdan etibarən bütün dünyada maliyyə əməliyyatları dolların vasitəsilə həyata keçirilməyə başladı. Hazırda dünya valyuta yığımlarının 70% -i ABŞ dolları ilə saxlanılır. Lakin dollar “Vahid Beynəlxalq valyuta” funksiyasını öz üzərinə götürmüş ABŞ-ın milli valyutasıdır. Bu o deməkdir, onu “çap edən dəzgah” ABŞ -da yerləşib. Bu faktın özü digər iqtisadi, siyası və s. nəticələr çıxarmağa imkan verir.
Son vaxtlar dollar nüfuzdan düşməyə başlayıb. Buna səbəb ABŞ hökumətinin böyük borcu və ölkədə iqtisadi vəziyyətin ağırlaşmasıdır. Bu, milli valyutasından imtina edib, dollara keçmiş dövlətlər üçün daha fəlakətli oldu. Ekvador dövləti 2000-ci ildə özünün milli valyutasından imtina edib, ABŞ dolların keçdiyini bəyan etdi. Bu qərar ölkədə inflyasiyanın dayandırılmasına kömək etdi. Bir neçə il sonra Ekvador dollara keçidin bütün mənfi nəticələrini öz üzərində hiss etdi. 2010-cu ildə qonşu Kolumbiya və Perunun valyutaları dollar qarşısında dəyərini itirdi, mal və xidmətlərin dəyəri aşağı düşdü. Ekvadorlular mal almaqdan ötrü həmin ölkələrə axışdı. Qonşuları isə əksinə çox baha olan Ekvador mallarını almağı dayandırdılar. Ölkə iqtisadi kollapsın bir addımlığında dayandı.
Qeyd edək ki, dolların emissiyası ABŞ iqtisadiyyatının ehtiyacları ilə müəyyən edilir. Əgər dollar çökərsə, o zaman istənilən böhranlı vəziyyət qlobal iqtisadi fəlakətə çevriləcək. Bu baxımdan “Superdövlətlərin” milli valyutasına bağlanıb, onu dünya valyutası kimi qəbul etmək olduqca riskli addımdır.
Bununla belə, dünya iqtisadiyyatında müşahidə edilən tendensiyalar və keyfiyyət dəyişiklikləri Vahid Beynəlxalq valyutanın təsis edilməsini gündəmə gətirib. Dünyada Yeni Maliyyə Sisteminin meydana çıxması nəinki mümkündür, hətta qaçılmazdır. Vahid Valyutanın ortaya çıxması siyasi və iqtisadi inteqrasiyanın ən yüksək formasıdır. Yeni iqtisadi reallıqlar şəraitində Vahid Beynəlxalq Valyutanın yaradılmasının ləngidilməsi qlobal iqtisadi böhran üçün əlavə səbəb ola bilər.
Vahid Beynəlxalq valyutanın dünya iqtisadiyyatında inqilabi dəyişikliklər yaradacağı şübhə doğurmur. Onun təsis edilməsinin bəzi müsbət nəticələrini nəzərdən keçirək: əvvəla, bankların həyata keçirdiyi valyuta möhtəkirliyinin qarşısı alınacaq və dünya maliyyə sistemi sabitləşəcək, dünya üzrə gəlir və qiymətlər uyğunlaşacaq, dövlətlərin iqtisadi vəziyyəti və imkanları bərabərləşəcək, ölkələr arasında investisiya axınları sadələşəcək, maliyyə bazarları daha sabit və əlçatan olacaq ki, bu da maddi və maliyyə resurslarının əhəmiyyətli dərəcədə qənaətinə gətirib çıxaracaq; ikincisi, iş adamlarına və sahibkarlara birjaları və məzənnələri daim yoxlamağa ehtiyac qalmayacaq, müqavilələr və əməliyyatlar prosesi xeyli sadələşəcək, qlobal iqtisadiyyat güclənəcək və onda uzun müddətli planlaşdırma elementləri yaranacaq, dövlətlər arasındakı iqtisadi əlaqələr daha da güclənəcək. Hər şeydən əvvəl, planetin bütün əhalisi üçün böyük bir rahatlıq yaranacaq: xaricə səfərlər zamanı banklarda dolaşmağa və pul dəyişdirməyə ehtiyac qalmayacaq.
Bəzi iqtisadçıların fikrincə, iqtisadiyyatları, həyat səviyyələri və siyasi quruluşları bir-birindən fərqlənən ölkələrdə vahid valyutanın tətbiqi mümkün deyil: ölkələr siyasi baxımdan inkişafın müxtəlif mərhələlərindədir - birində demokratiya, digərində totalitarizm (Şimali Koreya) və ya teokratizimdir (İran). Fərqli dövlətlərin fərqli qanunları, sosial proqramları, siyasi prioritetləri var. Bu fərqlər də Vahid valyutanın tətbiqinə mane olan amillərdir. Vahid valyuta çərçivəsində dünya üzrə qiymət siyasəti eyni olduğuna görə bəzi dövlətlər dərhal yaşayış səviyyəsində yaxşı göstəricilərə nail olacaq, digərləri yoxsulluq içində qalacaqlar. Vahid valyutanın tətbiqi ilə qiymətlərdə bərabərlik bəzilərinin bolluq içində yaşamasına, digərlərinin yoxsullaşmasına səbəb olacaq: qida, elektrik, dərman xərcləri artacaq. Ona görə də Vahid Beynəlxalq valyuta dövriyyəyə buraxılmazdan əvvəl bütün ölkələri əhatə edən Ümumi Bazar yaradılmalı, ölkələrin ticarət strukturunda, vergi və büdcə qanunvericiliyində dəyişikliklər edilməli və təsirli ödəmə mexanizmi qurulmalı, ən əsası isə ölkələr öz daxillərində siyası və iqtisadi azadlıqlara nail olmalıdırlar.
Vahid Beynəlxalq valyutanın tətbiqi öz növbəsində əvvəlki dövrlərdə (XX və XXI əsrin birinci yarısında) müşahidə edilməyən yeni Beynəlxalq münasibətlər sisteminin, əslində Yeni Dünya Nizamının ortaya çıxmasını sürətləndirəcək:
Əvvəla, dərin qlobal siyasi və iqtisadi inteqrasiya (dünyanın siyasi-iqtisadi birləşməsi) beynəlxalq hüquqi bazanın - Dünya Konstitutsiyasının qəbul edilməsinin zəruriyyətini ortaya qoyacaq, bütün millətlərin təmsil olunduğu Dünya Parlamentinin yaradılmasını və Dünya Vətəndaşlığının təsis edilməsini tələb edəcək;
İkincisi, yeni beynəlxalq münasibətlər sistemi birinci mərhələdə kollektiv təhlükəsizlik sisteminin yaranmasına, sonrakı mərələlərdə isə dünyanın hərbisizləşdirilməsinə və orduların buraxılmasına, siyası və iqtisadi sərhədlərin ləğv edilməsinə gətirib çıxaracaq;
Üçüncüsü, Vahid dünya iqtisadiyyatının inkişaf strategiyasını planlaşdıran, planetin təbii resurslarını millətlər arasında ədalətlə bölgüsünə və qənaətlə istifadəyə nəzarəti həyata keçiriən Beynəlxalq Nazirlər Kabinetinin yaradılması ilə Dünya Federativ Dövlətinin formalaşması başa çatacaq.
Beləliklə, Vahid Beynəlxalq valyutanın tətbiqi dünya iqtisadiyyatının inkişafına güclü təkan verməklə yanaşı, yeni Beynəlxalq münasibətlər sisteminin nəticəsi kimi Dünya Federativ Dövlətin yaranmasında ən əhəmiyyətli amillərdən birinə çevrilə bilər.
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti,
Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru