Prezident xarici şirkətlərə barmaq sirkələdi
Zərdüşt Əlizadə: "Azərbaycan hökuməti işğal vaxtı torpaqlarımızda istismarla məşğul olan şirkətləri məhkəməyə verib, onlardan təzminat tələb edə bilər"
Paralel.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal dövründə ölkə ərazisində hasilatla məşğul olan xarici şirkətlərə çox sərt mesaj verdi: "Zəngilan və Kəlbəcərdə xarici şirkətlərin qanunsuz istismar etdiyi qızıl yataqlarının bütün təhlili aparılıb. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”. Bununla bağlı bizimlə söhbətləşən politoloq Zərdüşt Əlizadə dedi ki, xarici şirkətlərin qayğısı yalnız reputasiyaları deyil: "Azərbaycan hökuməti işğal vaxtı torpaqlarımızda istismarla məşğul olan şirkətləri məhkəməyə verib, onlardan təzminat ala bilər. Bunun üçün ölkə daxilində də kifayət qədər səviyyəli hüquqşünaslarımız var, amma xarici təcrübəni bilən hüquqşünas da dəvət edilə bilər. Yəqin prezident elə məhkəmə prosedurunu nəzərdə tutur. Çünki şirkətlər qalmaqallı məhkəmə proseslərinə cəlb edildikdə onların reytinqi kəskin şəkildə aşağı düşür".
Akif