Dizel yanacağının bahalaşmasına görə kompensasiya verilibmi?

Dizel yanacağının bahalaşmasına görə kompensasiya verilibmi?
 

 Vahid Məhərrəmli: "Görünür büdcədə maliyyə sıxıntısı var..."

Paralel.az xəbər verir ki, bu ilin yanvar ayında Tarif (qiymət) Şurası benzinin və dizel yanacağının qiymətini bahalaşdırdı. Həmin qərarın əsaslandırma hissəsində qeyd edilmişdi ki, dizel yanacağının bahalaşmasından zərər çəkən sahələrə - kənd təsərrüfatı fermerlərinə və sərnişindaşıma ilə məşğul olan sahibkarlara kompensasiya veriləcək. Sözügedən kompensasiyanın verilib-verilmədiyini araşdırdıq. Hər iki sahənin sahibkarları bu növ kompensasiyanın mövcudluğundan xəbərsiz olduqlarını dedilər.

Belə olan halda nəqliyyat sektoruna ödənilən kompensasiyanın ayrılmasında sərəncamverici orqan olan Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirdilər ki, hazırda belə bir qərar mövcud deyil. Kənd Təsərrüfatı nazirliyindən isə bildirdilər ki, fermerlərə dizel yanacağının bahalaşması ilə bağlı ödəniləcək kompensasiyanın verilməsi üçün qəbul ediləcək qərarın üzərində hələ iş gedir. Dizel yanacağının bahalaşmasından yeddi ay keçməsinə baxmayaraq, Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş kompensasiya hələ də təsarrüfat subyektlərinə çatdırılmayıb. Artıq fermerlər məhsulu bazara çıxarıb, amma onun maya dəyərində əsas yer tutan yanacağın bahalaşmasına görə kompensasiya almayıb. Sonra da deyirlər ki, meyvə-tərəvəz niyə bahalaşır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bu barədə əməkdaşımıza bildirib ki, bu birinci hal deyil, belə hallar çox olub, hətta, konkret qərar da verilir, amma icra olunmur: "Görünür büdcədə maliyyə sıxıntısı var. Ona görə də ya ümumiyyətlə həmin kompensasiya verilməyəcək, ya da ilin sönünda həmişə verilən kompensasiyalarda cüzi artım olacaq".

Akif Nəsirli

0.052880048751831