İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”

İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”
 

 

"İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə” – bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı səsləndirdi.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov prezidentin çıxışını şərh edərək, bildirib ki, prezident İlham Əliyev hələ 2007-ci ildən başlayaraq öz xarici siyasət kursunu hücum diplomatiyası üzərində qurub: “Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni şəkildə yaradılması ilə bağlı İlham Əliyev demək olar ki, bütün xarici auditoriya qarşısında hər zaman çıxış edib, tarixi faktlar də dəlillərlə bunu dəfələrlə sübut edib. On il əvvəl prezident ilk dəfə Ermənistan ərazisində qalan torpaqlarımıza qayıdacağımızla bağlı fikirlərini açıq şəkildə bildirməklə, həm də ölkəmizin gələcək milli strategiyasını müəyyən etmiş oldu. Biz artıq o torpaqlara qayıtmağı bir xəyal deyil, xalqımızın əsas məqsədlərindən biri, milli bir konsepsiya kimi qəbul edirik. Artıq bizim gündəlik leksikonumuzda Zəngəzur sözü daha çox işlənməyə başlayıb. Çünki biz artıq bu istiqamətdə real addımlar atmağa başlamışıq və ermənilər bununla razılaşmağa məcburdurlar”.

İlham İsmayılov ermənilərin son günlər Şuşa, Kəlbəcər, Gədəbəy, Naxçıvan istiqamətində atəşkəsi pozmalarına da münasibət bildirib: “Azərbaycan prezidenti Şərqi Zəngəzur iqtisadi zonası yaratdı. Prezidentin də dediyi kimi əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ermənilər artıq anlayırlar ki, Qarabağ münaqişəsi doğurdan da həll olunub və artıq Azərbaycan yüz il əvvəl Ermənistana verilmiş öz tarixi torpaqlarına qayıtmağı hədəfləyir. Bu hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır. Ermənistan hakimiyyəti bu gün bölgədə atəşkəsi pozmaqla təsəlli tapmaq və göstərmək istəyir ki, münaqişə bitməyib. Lakin biz münaqişəni həll etmişik və artıq orada quruculuq işlərilə məşğul oluruq. Münaqişənin davam etdiyini imitasiya edən ermənilər heç nəyə nail ola bilməzlər. Bu cür halların davam etməsi Rusiya sülhməramlılarının fəaliyyətinə daha çox kölgə salır”.

0.020601034164429