Ət bahalaşa bilər?
Son illər ətin qiymətinin bahalaşma səbəblərini bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri müxtəlif amillərlə əlaqələndirirlər. Lakin heç kim əsas amilə toxunmur, iddia edir ki, yerli tələbatın 80-85 faizini yerli istehsal ödəyir.
Doğrudanmı belədir?
Paralel.az xəbər verir ki, hökumət iddia edir ki, ölkədə 10 milyon əhali yaşayır. İnsanın nörmal qidalanması üçün bir nəfər ildə 80 kiloqram ət, 400 kiloqram süd istehlak etməlidir. Bu hesabla ölkə əhalisinin ətə olan illik tələbatı 800 min tona, südə tələbat isə 4 milyon tona bərabərdir. Bəs nə qədər ət istehsal edirik? Statistik məlumatlara görə, Azərbaycanda təqribən 2.7 milyon iribuynuzlu, 8.5 milyon xırdabuynuzlu heyvan var. İllik ət istehsalı 316 min, süd istehsalı isə 2 milyon tondur.. Görûndüyü kimi, yerli ət istehsalı yerli tələbatın 40, süd istehsalı isə 50 faizi qədərdir. Bu isə o deməkdir ki, sözügedən iki məhsul üzrə ölkə idxaldan asılı vəziyyətdədir. Bu hesabla hər il ölkəyə təxminən 500 min ton ət, 2 milyon ton süd və süd məhsulları idxal edilir.
Qeyd edək ki, Azərbaycan iribuynuzlu heyvan ətini əsasən Ukrayna, Hindistan, Belarus, Brazilya, Praqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir. Bu idxal ölkələrində ət ixracı ilə bağlı hər hansı bir problem olan kimi Azərbaycanda ət bahalaşır. Pandemiya başlayandan restoranlar və şadlıq sarayları bağlandığından ölkədə ətə tələbat azalmışdır. O üzdən ət itxalı da aşağı düşüb, əlaqələrin çoxu kəsilib. İyunun ayının əvvəllərindən restoranların, 1 iyuldan isə şadlıq saraylarının işə düşməsi ətə tələbatı artırıb, yerli istehsal tələbatı ödəmir, xarici tərəfdaşlarla əlaqə isə dərhal qurula bilmir. Ona görə də ətin topdan satış qiyməti bahalaşıb. Yay aylarında əhali qrupunun ətə tələbatı az olduğundan bu bahalaşma qəssabxanalarda o qədər də nəzərə çarpmır, amma payız aylarında bu məkanlarda da bahalaşma hiss olunacaq. Bu prosesdə inflyasiyanın da təsiri danılmazdır.
Akif