Qurban bayramına "qurban gedənlər"
Xəbər verildiyi kimi Qurban Bayramıyla əlaqədar Nazirlər Kabineti 18-22 iyul tarixlərini qeyri-iş günü elan edib.
Millətin indiki ağır sosial iqtisadi durumuna 4 gün bayram etmək yaraşmasa da, hesab edək ki, havaların isti keçdiyi indiki məqamda bu da dincəlmək üçün bir fürsətdir. Amma harda dincəlmək, qapalı məkan olan evdəmi?
Paralel.az xəbər verir ki, NK xalqa məhz bunu təklif, daha doğrusu məcbur edir. Belə ki, qurumun qəbul etdiyi qərarla bayram günləri(hansı ki, vətəndaş park və çimərlikdə istirahət edə bilərdi), ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.
NK-nın bu anormal qərarına vətəndaşların münasibətin öyrənmək üçün Elmlər Akademiyasının bağında mini-sorğu apardıq. Nəticə belədir ki, yaşından və cinsindən asılı olmayaraq insanlar bu cür “qayğıya” qarşıdır. Onlardan biri də pensiyaçı İmran dayı oldu: “ Vallah oğlum bundansa heç bayram tətili verməyəydilər. Bir az uzaqda qalıram, hər gün avtobusla gəlib bu parkda dincəlir, həmyaşıdlarımla söhbət edib vaxt keçirirəm. İndi məcburam 4 gün ağzıbağlı evdə oturam. Belə bayram keçirmək mənim nəyimə lazımdır? Hələ onu demirəm ki, bayram günü evdə qazan qaynadacaq imkanım da yoxdur. Ola bilsin xeyirxah birisi bir tikə qurbanlıq ət versin. Ya qismət”.
Məsələylə bağlı qonşularımın da fikrini öyrəndim. Bir nəfər tapılmadı ki, Nazirlər Kabinetinin insanların əl-qolun bağlayıb onu evə qapadan qərarına haqq qazandırsın.
İnsanlar haqlı olaraq deyirlər ki, qərar çıxaranlar özləri maşınlarına minib ölkənin səfalı yerlərində istirahət edəcəkləri halda, bizə çimərliyi, Dənizkənarı Parkı da çox gördülər.
Düz sözə nə deyəsən?!
SƏMA