Uşaqların peyvənd olunmaması fəlakətə gətirə bilər
Dünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) cümə axşamı yayımladığı ortaq açıqlamada COVID-19 pandemiyasının 2020-ci ildə uşaqların rutin immunizasiyasını pozduğunu və bunun cəmiyyətlər üçün fəlakətli olacağını bəyan edib.
Paralel.az xəbər verir ki, ÜST və UNİCEF-in yenilənmiş məlumatlarına görə, 2020-ci ildə pandemiya səbəbindən 23 milyon uşaq əsas peyvəndləri almayıb. Bu, 2019-cu illə müqayisədə 3,7 milyon çoxdur. Təşkilatları xüsusi narahat edən məqam isə, təxminən, 17 milyon uşağın il ərzində bir peyvənd də almamasıdır. Bundan öncələrdə də sözügedən məsələylə bağlı problemlərin olduğu açıqlanmışdı. Belə ki, ölkələrin COVID-19 vaksinlərinə əl atmağa çalışarkən, digər peyvəndlərdə geriləmə olduğu və uşaqların qızılca, poliomielit və ya menenjit kimi dağıdıcı, lakin önlənə bilən xəstəliklər riski altına qoyulduğu vurğulanırdı. Eyni zamanda, söylənilirdi ki, çoxsaylı epidemiyalar cəmiyyətlər və sağlamlıq sistemləri üçün fəlakətli olacaq. ÜST-ün baş direktoru Tedros Adanom Hebreyesusun sözləriylə desək, COVID-19 ilə mübarizə apararaq, bu səbəbdən uşaq peyvəndlərinə sərmayə qoymaq və hər uşağın əhatə dairəsini təmin etmək hər zamankındən daha vacibdir.
Qeyd olunduğu kimi, peyvəndləmə xidmətindəki fasilələr səbəbindən Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi bölgələrinə ən çox 2020-ci ildə zərər dəyib. Lazımi peyvəndləri almamış uşaqların əksəriyyəti
münaqişələrdən zərər görmüş icmalarda, uzaq, zəif, qeyri-rəsmi və ya gecəqondu mühitlərdə yaşayırlar.
Moskvanın baş pediatrı mətbuata verdiyi açıqlamada yeniyetmələrin peyvəndlənməsinin vacibliyini söyləyib. ÜST-ə görə isə, 2020-ci ildə verilməsi lazım olan peyvəndlərin olmaması Pakistanda qızılca epidemiyasının başlamasına səbəb olub. Hindistan, Pakistan, İndoneziya, Filippin, Meksika, Anqola, Tanzaniya, Mozambik, Argentina, Venesuela və Malidə uşaqların difteriya, tetanoz və boğmaca əleyhinə peyvəndlərinin olmaması da narahatedici məqamdır. Əsas, önlənə bilən xəstəliklərə qarşı peyvəndləmə səviyyəsi, əhalinin tam qorunması üçün tövsiyə edilən 95 faizdən 86 faizə düşüb. Bugünə qədər HPV peyvəndi tətbiq edən bütün ölkələrdə isə təxminən 1,6 milyon qız uşağı 2020-ci ildə peyvəndləmədən kənarda qalıb.
Nigar