"Azeurotel" jurnalistləri internetsiz qoydu

 

Nazirlik KİVDF ilə birlikdə jurnalistlər üzərində təcrübə aparırmış

 Ləğv edilən KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli hələ 2017-ci ildə  jurnalistlər üçün tikilən ikinci binada telefonlaşmadan söhbət açanda deyirdi ki, telefon xətləri fibrooptik kabellərlə çəkilib. Və bu kabellər də həm yüksək keyfiyyətli internet, həm də telefon danışığı siqnallarını ötürə bilir. Lakin jurnalistlər binaya köçəndən bəri, internet problemlərindən əziyyət çəkirlər, siqnallar həm zəif olur, həm də tez-tez kəsilir...

 İyulun 9-u, axşam saat 17-18 radələrində isə telefonla internet əlaqəsi tamam itdi, jurnalistlər düz bir sutka internetsiz qaldılar. Bunun, əksəriyyəti pandemiya şəraitində evdən işləyən jurnalistlər üçün ciddi problem olduğunu yəqin ki, hər kəs başa düşür, yalnız "Azeurotel"dən başqa.

Ayın 9-u, internet kəsiləndə isə, iş günü bitdiyindən və növbəti gün qeyri-iş günü olduğündan, əllər hər yerdən üzüldü. Çağrı mərkəzləri isə növbəti iş gününü gözləməyi məsləhət bildi.

Hələ yaxşı ki, özləri növbəti günün axşam saatlarında telefon və internet xəttini bərpa etdilər. Lakin hamı bilir ki, jurnalistlərə dəyən zərəri, ən azı mobil internetə çəkilən xərcləri heç kim qarşılamayacaq. Amma inkişaf etmiş ölkələrdə internetin kəsildiyi hər saata görə operator şirkət müştəriyə cərimə ödəyir. Bu institut hələ ki, Azərbaycanda bərqərar olmayıb, ona görə də bütün xidmət şirkətləri istədiyi vaxt xidməti dayandırır. Soruşanda da qarşı tərəfi borclu çıxarırlar ki, qəza var... Amma xidmət şirkəti işini elə qurmalıdır ki, qəza baş verməsin, işdi-şayət, qəza baş verərsə, bədəlini müştəriyə ödəməlidir!

Qeyd edək ki,  jurnalistlərə internet paketini və modemi Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi hədiyyə edib. Elə operator kimi də "Azeurotel"i seçıb. Son vaxtlar internetin verilməsi daha bərbad vəziyyətə düşdüyündən, sakinlər digər internet provayderi və operatorların xidmətindən istifadə etməyə cəhd göstərsələr də, bu cəhdlər də boşa çıxıb. Hər operator bir bəhanə ilə jurnalistlərə internet verməkdən imtina edir... Biz bununla bağlı müvafiq nazirliyə müraciət etdik. Nazirlikdən bildirdilər ki, birincisi, jurnalistlər üçün tikilən binaya çəkilən fibrooptik kabel təcrübədə özünü doğrultmadı. Yəni nazirlik şüşə lifli fibrooptik kabelləri jurnalistlər üçün tikilən binada təcrübədən keçirib ki, o da uğursuzluqla nəticələnib. Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyindən onu da deyirlər ki, bu uğursuz kabellər nə vaxtsa yenisi ilə əvəzlənəcək, amma plana uyğun olaraq, təcili yox...

Bundan sonra artıq kiməsə söz deməyə ehtiyac qalmır, çünki nazirlik jurnalist sakinlər üzərində laboratoriya dovşanı üzərində olduğu kimi, təcrübə aparırsa, aşağı qurumlara - məsələn, "Azeurotel"ə nə deyəsən?!

"Azeurotel"dən isə çıxış yolu olaraq göstərirlər ki, bizdən internet almağa məhkumsunuzsa, sizə 120 manata, altıbuynuzlu əlavə modem satmaqla problemi aradan qaldıra bilərik...

 Jurnalistlər indi qalıb odla-suyun arasında, ya zəif və tez-tez "bayılan" internetlə əziyyət çəkməli, ya da 120 manatlıq yeni təcrübənin obyektinəə çevrilməlidirlər. Çünki hələ o da dəqiq bilinmir ki, zay fibrooptik kabellərlə altıbuynuz modem jurnalistlərə normal, pulunu ödədikləri paketə müvafiq şəkildə internet verə biləcək, yoxsa, yox!

Binanın bütün sakinləri jurnalist olsa da, hamı mat-məəttəl qalıb. Təzad ondadır ki, özlərinin internet problemini həll edə bilməyən jurnalistlər görəsən, cəmiyyətin içində boğulduğu problemləri necə çözəcəklər?!

Akif Nəsirli

0.060736894607544