Qaz niyə his edib, qab-qazanı qaraldır?
"Qazı hisli olan ərazilərdə çay da gec qaynayır"
Paralel.az xəbər verir ki, redaksiyamıza müxtəlif vaxtlarda Bakının Sabunçu, Nizami, Suraxanı, Xəzər rayonundan və Abşeron rayonunun kəndlərindən şikayət daxil olur. Şikayətlərdə qeyd edilir ki, məişətdə istifadə olunan qaz his verir, mətbəxdəki qazanları və çaydanları qara rəngə boyayır. Sabunçu rayonunun N.Anaskin küçəsində yaşayan Mübariz Vəliyev isə bizimlə söhbətində bildirdi ki, kim bizim mətbəxə girsə, qazanların rəngindən iştahı küsər: "Qab-qazanı iki gündən bir sürtüb təmizləyirlər, amma qazanlar və çaydanlar elə həmin gündə də qara rəngə boyanır. "Azəriqaz" İB-nın yerli idarələrini də bağlayıblar, bilmirsən, dərdini kimə deyəsən.
"Qaynar xətt"ə zəng edirik, deyirlər ki, "biz bu cür şikayətlərə baxmırıq". Yuxarıda adlarını çəkdiyimiz bütün rayonlarda, müxtəlif ünvanlarda eyni mənzərə müşahidə edilir. Bununla bağlı "Azəriqaz" İB-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, bu, məişətdə işlədilən cihazların nasazlığı ilə əlaqədardır, başqa bir səbəb ola bilməz: "Biz bütün abonentləri eyni standartda "mavi yanacaq"la təmin edirik".
Bu yerdə bir haşiyə çıxaq ki, jurnalistlər üçün tikilən ikinci binaya köçərkən, bu yazının müəllifi də düz bir il həmin mənzərənin şahidi olub. Bu barədə "Azəriqaz" İB-nin yüksək vəzifəli şəxsləri ilə görüşərkən də problemi qabartmışdıq. Onlar bizə izahat vermədən deyirdilər ki, problem tezliklə həll ediləcək. Və həll edildi də. İndi sözügedən binada qaz his vermədən yanır. O zaman bu istiqamətdə sadə bir araşdırma da aparmışdıq. Belə ki, bütün həmkar qonşular arasında sorğu keçirmişdik. Hamı eyni problemin olduğunu təsdiqləmişdi ki, qaz his verir. Baxmayaraq ki, əksəriyyət yeni mənzilə köçərkən, özünə qaz plitəsi almışdı. İndi yenə "Azəriqaz" İB yetkililəri daş atıb, başını tutur ki, qazda heç bir problem yoxdur, sadəcə olaraq, cihazlar normal işləmir.
Hətta, bizimlə həmsöhbət olan Sabunçu sakini dedi ki, bu problemin ucbatından, qaz plitəsini təmir etdirib, bundan da bir nəticə hasil olmadığını görüb, 250 manata yeni qaz plitəsi alıb. Amma problem yenə də dəyişməz qalır. "Azəriqaz" İB-nın mütəxəssislərindən ağlabatan bir izahat ala bilmədiyimizdən, üz tutduq müstəqil ekspertlərə. Azərbaycan Milli Elmlər Akademiyasının adının çəkilməsini istəməyən, qaz hasilatı və istismarı üzrə mütəxəssisi, fizika elmləri doktoru bizimlə söhbətdə bildirdi ki, bunun əsl səbəbini heç kim açıq şəkildə deməyəcək: "Hansı ərazilərdə məişət istifadəsi zamanı qaz his verirsə, deməli, həmin əraziyə "səmt qazı" verilir. "Səmt qazı" neftlə birlikdə çıxan qazdır, tərkibində yanar karbohidrogen qazlarının xüsusi çəkisi 40 faizə qədərdir. Əslində, məişət üçün istifadəyə yararlı qazın tərkibində yanar karbohidrogen qazlarının xüsusi çəkisi 60 faizdən çox olmalıdır. Ayrıca qaz yataqlarından çıxan Azərbaycan qazının tərkibində yanar karbohidrogenlərin xüsusi çəkisi adətən, 70 faiz civarında olur ki, bu da qazın yüksək keyfiyyətindən xəbər verir.
"Əsrin Müqaviləsi" Konsorsiumu ortaya çıxana qədər "səmt qazı" Azərbaycanda tutulurdu. O avadanlıqları Azərbaycana İngiltərənin BP şirkəti gətirdi. "Əsrin Müqaviləsi"nə əsasən, Konsorsium çərçivəsində hasil edilən neft yataqlarından xüsusi avadanlıqlarla tutulan "səmt qazı" Azərbaycan hökumətinə hədiyyə edilir. Azərbaycan hökuməti isə həmin qazı məişətdə istifadə məqsədilə əhali qrupundan olan abonentlərə ötürür. Bu, yolverilməzdir. Çünki "səmt qazı" məişət avadanlıqlarında yanarkən, tərkibində yanar karbohidrogenlər az olduğundan, tam yanmır, yandığı zaman aralıq materiallar alınır. Aralıq materiallar həm his kimi məişət əşyalarını qaraldır, həm dəm qazı yaranır, həm də qazın istilikvermə qabiliyyəti az olur.
Qazın his verdiyi ərazilərdə digərləri ilə müqayisədə, çay gec qaynayır, su gec qızır, qızdırıcı sistemlər üçün qaz sərfiyyatı çoxalır və s. Əslində, "səmt qazı" ya sənaye sahələrindəki "məcburi yanma sobaları"nda istifadə edilməli, ya da o, zənginləsdirildikdən sonra məişət təyinatı üzrə istifadə edilməlidir. Azərbaycanda isə qaz zənginləşdirici zavod olmadığından, təxminən, iki milyard kubmetrdən çox "səmt qazı" hasilatdan qəbul edilərək, iy vurulandan sonra birbaşa məişət istifadəsi üçün verilir. Ona görə də qazanlar qaralır, çaydan gec qaynayır, ən əsası isə dəm qazından boğulma hallarına tez-tez rast gəlinir". Fikrimizcə, müsahibimizin söylədiklərini əlavə şərh etməyə ehtiyac yoxdur.
Akif Nəsirli