Rusiya yenidən "pomidor qadağası" tətbiq edə bilər
Vahid Məhərrəmli: "Biz ölkə daxilində dünya standartlarına uyğun gələn, orqanik məhsul yetisdırməyə nail olmalıyıq".
Paralel.az xəbər verir ki, dünən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bəyanat yayıb ki, tərkibində normadan çox pestisitlər olan bostan-tərəvəz məhsullarının ölkəyə idxal edilməsinin qarşısı alınacaq. Qurum bu qərarını Rusiyanın müxtəlif regionlarında idxal məhsullarından zəhərlənmə hallarının geniş yayılması ilə əsaslandırır.
Məlum olduğu kimi, Azərbaycandan Rusiyaya ixrac edilən bostan-tərəvəz məhsullarının yetişdirilməsinə aqrotexniki nəzarət zəif olduğundan əksər hallarda fermerlər məhsula yemləmə pestisidi olan, "slitira" adı ilə məşhurlaşan "ammonium şorası"ni və ya karbamidi həddindən artıq verir. Nəticədə məhsul daha dadlı və girdə olsa da, tərkibində azot normadan artıq olduğundan zəhərlənmələrə səbəb olur. Zəhərlənmə ehtimalları əsasən məhsulun tərkibində azotun çoxluğundan və qidanı qəbul edən orqanizmin immun sisteminin vəziyyətindən asılı olaraq dəyişir. Belə ki, immun sistemi zəyif olan və qida ilə spirtli içki qəbul edənlər arasında zəhərlənmələr daha intensiv baş verir. Çox güman ki, Rusiyada spirtli içkilər populyar olduğundan zəhərlənmələrə daha tez-tez rast gəlinir.
Rusiya hökuməti də bundan narahatdır. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəyləri dünyada o qədər də mötəbər deyil. Əksər hallarda hökumət bu qurumun bəyanatlarıdan siyasi məqsədlər üçün istifadə edir. Belə ki, rəsmi Moskva tez-tez bundan öz rəqiblərinə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ola bilsin ki, bu qərardan Kremil növbəti dəfə bir sıra ölkələrə, o cümlədən də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə hazırlaşır. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli də bu fikirlə razılaşaraq qeyd edir ki, bizim Rusiyaya ixrac etdiyimiz məhsulların tərkibi normalara uyğun olsaydı bu qərar Azərbaycan ixracatçılarına təsir etməzdi: "Belə olsaydı Rusiyanın siyasi xarakterli qərarı Azərbaycan məhsullarının yolunu rus bazarlarına haqsız olaraq bağladığını asanlıqla sübut edə bilərdik. Rusiya siyasi gediş edirsə də, biz də tam əmin deyilik ki, məhsullarımız dünya standartlarına uyğun gəlir. Uyğun gəlsəydi Rusiya yolları bağlayan kimi məhsullarımız Avropa bazarlarına ayaq açardı, amma bu belə deyil. Ona görə də biz ölkə daxilində dünya standartlarına uyğun gələn, orqanik məhsul yetisdırməyə nail olmalıyıq. Bunun üçün həm fermerlər maarifləndirilməli, həm də bazarlara çıxarılan məhsulun keyfiyyətinə nəzarət mexanizmi dünya standartlarına uyğun təşkil edilməlidir. Buna nail ola bilsək Azərbaycan fermerinin bazar problemi olmayacaq, şaxələnəcək və inkişaf edəcək".
Akif